Modern.az

Qarabağda Rusiyaya ehtiyac qalmayıb - Sülhməramlılar çıxarılmalıdır

Qarabağda Rusiyaya ehtiyac qalmayıb - Sülhməramlılar çıxarılmalıdır

2 Noyabr 2023, 18:10

Azərbaycan ordusunun sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı Rusiya sülhməramlılarının mövcudluğunu davam etdirməsi müzakirələrə səbəb olub. Vladimir Putinin də dediyi kimi, sülhməramlıların funksiyası Qarabağda atəşkəsi təmin etmək idi. Ermənistan ordusunun qalıqları antiterror tədbirlərindən sonra Azərbaycanı tərk etdiyi üçün artıq sülhməramlıların yerinə yetirəcəyi funsksiya qalmayıb. Sentyabrın 19-dan bu yana Qarabağda Rusiya sülhməramlılarına məxsus bir çox post ləğv edilib. 

 

Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda yaradılan təsisatlardan biri də Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzidir. Ağdam şəhərində yerləşən bu mərkəzin noyabrın 11-də Rusiya və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan razılaşma əsasında yaradılıb.

 

Həm Rusiya sülhməramlı kontingentinin, həm də Birgə Monitorinq Mərkəzinin bundan sonrakı fəaliyyəti maraq doğurur.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş səfiri Hulusi Kılıç bildirib ki, monitorinq mərkəzinin gələcəyi Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunacaq.


"19 sentyabrda baş tutan antiterror tədbirlərinin həyata keçirilməsindən sonra hər kəsin ağlında bir sual var. Bu da Rusiya sülhməramlılarının və Ağdamda yerlən Türkiyə-Rusiya monitorinq mərkəzinin bundan sonra fəaliyyətinin nə olması ilə bağlıdır. Çünki bölgədə təhlükə yaradacaq ünsür artıq ortadan qaldırılıb.  2020-ci ilin noyabr ayında Türkiyə və Rusiya müdafiə nazirlərinin qərarı ilə Ağdamda monitorinq mərkəzi yaradıldı. Bu monitorinq mərkəzi öz fəaliyyətini layiqincə yerinə yetirib. Təbii ki, monitorinq mərkəzinin gələcəyinə Azərbaycan, Türkiyə və Rusiya qərar verəcək. Ermənilərin əraziləri tam tərk etməsindən 1 ay keçib. İlk olaraq bölgədə təhlükəsizliyin bərqərar edilməsi lazımdır", - deyə keçmiş səfir vurğulayıb.

 

H.Kılıç qeyd edib ki, ruslar yaxın gələcəkdə Qarabağı tərk edəcək:

 

"44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir qarşıdurma olmaması üçün Rusiya Federasiyası sülhməramlılarını Qarabağ ərazisinə göndərdi. Həmin ruslar zaman-zaman ermənilərə yaxın olduqlarını göstərən addımlar atsa da, ümumi olaraq vəzifələrini icra etdiklərini düşüncəsindəyik. 19 sentyabrda keçirilən antiterror tədbirlərindən sonra bölgədə təhlükə tamamilə aradan qalxmış oldu. Rus sülhməramlılarının 30-a yaxın postu qapandı, çünki buna ehtiyac qalmayıb. Azərbaycan hər dəfə orada yaşayan erməniləri vətəndaş kimi gördüyünü və istəyənlərin vətəndaşlığı qəbul edib, yaşaya biləcəklərini bəyan etdi. Bu çox normal bir açıqlama idi. Çünki Qarabağ Azərbaycan torpağıdır və orada yaşayanlar da Azərbaycan vətəndaşı olmalıdır. Düşünürəm ki, ruslar bölgədəki vəziyyətə baxaraq, yaxın gələcəkdə buranı tərk edəcəklər. Onsuzda onların 2025-ci ilə qədər onların Qarabağda qalacağı ilə bağlı bəyantda maddə var idi. Lakin indi şərtlər dəyişib. Rusiya ən ağıllı addımı ataraq sülhməramlılar üçün xərc çəkməməlidir. Rusiya sülhməramlılarından Türkiyənin tələbi bunlar idi ki, adından da bəlli olduğu kimi sülhü qorusun, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını inteqrasiyaya hazırlayaraq missiyalarını axıra qədər yetirməsi idi. Yəni sülhməramlıların buradan çıxarılması ilə bağlı qərarı Rusiya özü verəcək".

 

Keçmiş polkovnik Ünal Atabay isə düşünür ki, ilk olaraq Rusiya sülhməramlıları bölgəni tərk etməli, daha sonra isə monitorinq mərkəzinin fəaliyyəti dayandırılmalıdır.

 

"Mərkəzin yaradılmasında məqsəd Qarabağ bölgəsində xidmət edən Rusiya sülhməramlılarının fəaliyyətini asanlaşdırmaq və burada silahlı erməni quldur dəstələri ilə erməni ordusunun leytenantları tərəfindən atəşkəs rejimini pozması barədə məlumat vermək olub. Lakin sentyabrın 19-dan sonra vəziyyət dəyişdi. Mən hesab edirəm ki, bu mərkəzin artıq effektiv rolu yoxdur. Ancaq hesab edirəm ki, hələ də Qarabağda olan Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etmədən bu mərkəzin öz vəzifəsini davam etdirməsi məqsədəuyğun olardı. Çünki hərbi rolu olmasa belə, ən azı Türkiyə-Azərbaycan münasibətləri baxımından Rusiyaya qarşı siyasi missiyada lazım gəldikdə körpü missiyası kimi istifadə oluna biləcəyi düşünülə bilər. Ən azı hələlik bu, Rusiya sülhməramlılarının bölgəni tərk etməsi ilə bağlı dialoqa şərait yarada bilər. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin əvvəlcə Qarabağı tərk etməsi təmin edilməlidir, sonra isə müşahidə mərkəzinin funksiyasına xitam verilə bilər".



Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı da Rusiya sülhməramlılarına ehtiyac qalmadığını düşünür.


"19 sentyabrda Azərbaycan həyata keçirdiyi antiterror əməliyyatları ilə Qarabağ münaqişəsinin tamamilə bitdiyini rəsmi olaraq elan etdi. Məhz buna görə də həmin ərazilərdə hərhansı sülhməramlı qüvvəyə ehtiyac qalmayıb. Rusiya öz sülhməramlılarını Qarabağdan çıxarmalıdır. Çünki rus sülhməramlıları deyilən bir qüvvə artıq Azərbaycanın nəzarət etdiyi torpaqlardadır. Qeyd etdiyim səbəblərə görə, Azərbaycanın torpağında xarici bir gücün olmasına gərək yoxdur. Azərbaycan müstəqil bir dövlətdir və Qarabağ məsələsi də öz həllini tapdıqdan sonra orada hərhansısa bir qüvvənin qalması mənasızdır. Lakin Rusiyanın Qarabağda qaldığı müddətdə Türkiyə əsgərlərinin də həmin ərazidə qalmağı lazımdır. Problem aradan qaldırılıb, buna görə də Rusiya çəkilmə qərarı qəbul etməlidir. Bundan sonra isə əgər Azərbaycan istəyərsə, Türkiyə orada qalar. Yəni Qətər, Somali, Liviyadakı kimi Qarabağda da Türkiyəyə baza verə bilər. Onsuzda bizim Şuşa bəyannaməsi ilə silahlı qüvvələr baxımında tək dövlət kimi hərəkət etmək hüququmuz var. Yəni Azərbaycanın müdafiəsini gücləndirmək üçün Türkiyə Silahlı qüvvələrinə baza verilməsi qeydolunan bəyannamənin təbii əksi ola bilər".

Twitter
Sizə yeni tvit var
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı