Qarabağ elə bir mövzudur ki, münaqişə həllini tapan günə qədər aktualdır. Bu bölgədən yetərincə üzdə olan, ictimaiyyətin tanıdığı gənclər var ki, fəaliyyətləri ilə nümunə ola bilərlər. Modern.az-ın suallarını Dağlıq Qarabağın yeganə gənclər təşkilatı olan “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov cavablandırır.
– Qarabağ gənci bu gün torpaq üçün nə etməlidir, hansı addımları atmalıdır?
– Məcburi köçkün gənclər digər bölgələrin gənclərinə nisbətdə bu sahədə daha aktiv olmalıdır, Qarabağ həqiqətlərini, torpaqlarımızın işğal olunması ilə bağlı faktları həm beynəlxalq aləmdə, eləcə də daxildəki gənclər arasında təbliğ etməli, maarifçilik işində daha öndə olmalıdırlar. Bu gün Qarabağdan olan gənclərimiz yetərincə fəaldırlar. Sosial şəbəkələrə, mətbuata nəzər salsaq, dediklərimin şahidi olarıq. Atəşkəs dövrü olsa da, müharibə şəraiti davam edir. Qarabağ gənci hər zaman torpağını azad etməyə hazır olmalı, əsgər kimi yetişməlidir. Çünki onlar bu ağrını digərlərinə nisbətən daha çox hiss edirlər. Düzdür, Qarabağ hər bir azərbaycanlınındır. Amma Qarabağdan olan gənclər bir addım öndə olmalı, adət-ənənələri yaşatmalıdırlar. Nəzərə alsaq ki, 1994-cü ildən sonra anadan olan gəncin 19 yaşı var və o torpaqları görməyib, burda məsuliyyətin bir qismi də ziyalıların, ailələrin üzərinə düşür. Həmin gəncin hansı torpaqdan olduğunu ona anlatmalıdırlar. Başa salınmalıdır ki, burda onlar müvəqqəti məskunlaşıblar.
– Əslən Şuşalısınız. Maraqlıdır ki, bu il Şuşadan neçə nəfər hərbi məktəblərə sənəd verib?
– Səhv etmirəmsə, 80-dən çox gənc sənədlərini vermişdi. Laçından 300-ə yaxın gənc hərbçi olmağa iddialı idi. Laçının icra başçısı bu sahədə çox böyük maarifləndirmə işi apardı. Dağlıq Qarabağın Azərbaycanlı İcması da bu sahədə böyük fəallıq göstərir.
– Amma rəqəmlər xeyrimizə deyil.
– Elədir.
– Ağdamdan, Şuşadan olan gənc hərbiyə yönlənmirsə, Qusardan, yaxud Lənkərandan olan gənc niyə hərbini seçməlidir?
– Məsələyə o cür yanaşmazdım. Hərbi həm də zabitlik peşəsidir. Azərbaycanın istənilən bölgəsindən olan gəncin zabit olmaq arzusu mümkündür. Hər kəsin zabit olması şərt deyil. Məcburi köçkün gənc əsgəri xidmət keçir. Əsas odur ki, torpaqlarını azad etməyə hazır olsunlar.
– Sizcə, Qarabağ gənclərinin vətənpərvərliyi, cəmiyyətdə tutduğu mövqe yetərlidir?
– Təhlil aparmadan rəy verməyin əleyhinəyəm. Bunun üçün xüsusi təhlillər, araşdırmalar, sorğular lazımdır. İctimai birlik olaraq bu kimi sorğuları aparmışıq. Sorğularımıza əsaslansaq, gənclərin arasında vətənpərvərlik hissi yüksəkdir. Hər dəqiqə populist çıxışlar etmək də olmaz. Vətənpərvərlik populist çıxışlarla ölçülmür. Azərbaycan gəncində vətənpərvərlik kifayət qədərdir. Bunu Mübariz İbrahimovun da, Ramil Səfərovun da timsalında gördük.
– Bir gənc olaraq hansısa gəncimizin həyatını itirməsinin əleyhinəyəm. Amma bir maraqlı məqam da var ki, bu, faktdır. Ramil Səfərov istisna olmaqla son illər hansısa fövqəladə şücaət göstərmiş qarabağlı gənci xatırlamıram...
– Bu gün işğalda olan 20 faiz ərazilərimiz var. Amma tarixi torpaqlarımız daha çoxdur. Oralar da bizim vətənimizdir. Qarabağlı gənclərin cəbhə bölgəsində fəallıq göstərməməsi fikri ilə razı deyiləm. Məsələn, Qubadlıdan Taleh Şükürlü tanıyıram ki, vaxtilə ictimai hərəkatda iştirak edib. Füzulidə kəşfiyyat taborunda xidmət keçirdi. Onun çox böyük xidmətləri olub. Şuşa rayon Hərbi Komissarlığına dəfələrlə təşəkkürnamələr gəlir ki, sağ olun belə əsgərlər göndərmisiniz.
– Neçə yaşınız var?
– 37.
– Hərbi bilgiləriniz nə yerdədir?
– 1991-ci ildə Şuşada hərbi əməliyyatlar aktivləşəndə orta məktəbdə oxuyurdum. Daşaltı hücumu bütün dəhşətləri ilə gözümün qarşısındadır. O vaxt Daşaltı əməliyyatında Şuşa özünümüdafiə dəstəsinin əsgərləri döyüşəndə mən patron doldururdum. Bir çox yüngül silahlarla davranmağı bacarıram hər bir şuşalı kimi. Özümü müharibəyə hazır edirəm. Müharibə olsa, düşünmədən gedərəm. Bu mənim üçün daxili borcdur.
– Qarabağlı gəncləri digər gənclərdən fərqləndirən nədir?
– Bu gün Azərbaycan gənclərinə dövlətin böyük diqqəti, qayğısı və dəstəyi var. Qarabağ gənclərini digərlərindən bir cəhət fərqləndirir. Bizim gənclər savada, biliyə daha çox meyllidirlər. Qarabağ musiqi, mədəniyyət torpağı olduğundan mədəniyyətə daha çox meyllidirlər. Üstünlüyümüz ziyalılığımız və mədəniyyəti bilməyimizdir. Amma zəif cəhətimiz ictimai mühitdə aktivliklərinin yetərli olmamasıdır. Belə olanda onların vətən üçün gördüyü iş gözə çarpmır. Elə ictimai mühitdə olmamaqlarıdır ki, “onlar aktivdirmi, vətənpərvərdirmi” kimi suallar ortaya çıxır. Əlbəttə, aktivdir və vətənpərvərdirlər. Bu gün onlar ictimai təşkilatlarda az təmsil olunurlar. O boyda Qarabağ zonasından Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş yanlız bir gənclər təşkilatı var – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi. Bizə deyirlər ki, siz gənclər təşkilatı deyilsiniz. Amma 15 ildir gənclərlə işləyirik. Çox istərdim və dəfələrlə özlərinə də demişəm ki, digər gənclər təşkilatları da yaradılmalıdır.
İntiqam Valehoğlu