Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri sayəsində Qarabağda separatçılığı kökünü kəsdi və nəticədə Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd şəhərləri işğaldan azad oliundu.
Uzun illər erməni işğalı altında olmuş Xankəndidə indi Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Xankəndi o şəhərlərdəndir ki, ermənilər orada yaşmağa başlayandan sonra müsəlmanları sıxışdırıblar. Şəhərdə heç vaxt məscid də tikilməyib.
Bəs Xankəndidə məscid tikilməsi planlaşdırılırmı? Bu, nə qədər vacibdir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov Xankəndidə islam dini ibadət yerlərinin tikilməsinin vacib olduğunu vurğulayıb:
“19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antitror tədbirləri sayəsində separatçılardan təmizlənmiş Qarabağ torpaqları suverən ərazilərimizdir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri bu əraziləri də əhatə edəcək. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. O cümlədən Xankəndi də işğaldan azad olunmuş şəhərimizdir və bu şəhərdə islam dini ibadət yerlərinin tikilməsi vacib məsələdir".
Deputat Xankəndinin yenidənqurma və bərpası planına məscid tikintisinin də daxil ediləcəyini düşünür:
"Çünki Xankəndiyə qayıdacaq azərbaycanlıların dini-ibadət yerinin olması mütləqdir. Ola bilsin ki, Xankəndidə bir yox, bir neçə məscid tikilsin. Xankəndinin şəhər quruluşu milli dəyərlərimizə uyğun şəkildə yenidən qurulacaq. Məscidin tikilməsinin görüləcək tədbirlər planının tərkib hissəsi olacağını hesab edirəm”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin digər üzvü Anar İsgəndərli vaxtilə Xankəndidə məscidin tikilməsinə Çar Rusiyası və Sovet İttifaqının icazə vermədiyini söyləyib:
“Nə Çar Rusiyası, nə də Sovet İttifaqı Xankəndidə məscidin tikilməsinə icazə verdi. Çar Rusiyası erməniləri bura köçürmüşdü və özünə dini baxımdan etnik dayaq sayırdı. Buna görə də məscidin tikilməsinə imkan vermədi. Sovet dövləti isə dini dövlətdən ayırdı və düşmən elan etdi. Ona görə də, ermənilər burada kilsənin tikintisinə nail olsalar da, azərbaycanlıların məscidin tikilməsinə imkanı olmadı”.
A.İsgəndərli Xankəndidə mütləq məscid olacağını vurğulayıb:
“Xankəndi azad edildikdən sonra ilk azan səsi eşidildi. Bu, əslində türk-müsəlman dünyasının qələbəsinin səsiydi. Azan verilib, deməli, məscid də olacaq. Azərbaycan xalqının arzu və istəyi ondan ibarətdir ki, elə Xankəndidə də məscidin bünövrəsi qoyulsun. Azərbaycanın dövlət başçısı və Birinci vitse-prezidenti tərəfindən Şuşaya layiq, qalib şəhəri tərənnüm edən məscidin bünövrəsi qoyuldu. Xankəndidə də elə bir məscidin bünövrəsi qoyulacaq. Bizim hər birimiz Şuşaya gedəndə məscidləri ziyarət edirik. Xankəndidə də məscidlərimizi ziyarət edəcəyik. "İlahi, nə yaxşı bu xoş günü bizə nəsib etdin. Zəfər çaldıq. Zəfər Gününü də bir xalq olaraq, qeyd edirik”, - deyə dua edəcəyik”.