Sabah Azərbaycan Zəfər Gününün üçüncü ilini qeyd edəcək. Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək.
Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir.
Xankəndidə hərbi paradın keçirilməsi niyə əhəmiyyətlidir?
Modern.az-a danışan Milli Məclisin deputatı Mahir Abbaszadə hər il Zəfər Gününün müxtəlif hadisələrlə yaddaşlarda qaldığını bildirib:
"44 günlük Vətən müharibəsi Ermənistanın kapitulasiya aktına imza atması, Azərbaycan Ordusunun qarşısında diz çökməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan ilk dəfə Zəfər bayramını qeyd etməyə başladı. Artıq üçüncü ildir ki, Zəfər Gününü qeyd edirik. Hər il Zəfər Günü bizim yadaşımızda müxtəlif hadisələrlə qalmaqdadır. Biz qələbədən sonra bir dəfə qələbə paradını Bakıda qeyd etmişik. Sonra belə bir parad Şuşada keçirilib. Budəfəki parad Azərbaycanın tarixi şəhərlərindən biri olan və uzunmüddət erməni işğalı altında qalmış Xankəndidə keçiriləcək. Bu, parad bir daha Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi gücündən xəbər verir".
Deputat söyləyib ki, paradın Xankəndidə keçirilməsi tarix ədalətin bərpa edildiyini aydın göstərir:
"Bu hərbi paradla bir daha göstəririk ki, Xankəndi Azərbaycanın qədim şəhərlərindən biridir. Bu, ərazidə hərbi paradın keçirilməsində də, şəhərin inkişaf etdirilməsində də söz sahibinin Azərbaycan olduğu mesajıdır. Qələbə paradı Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı, həm də onun tarixi ədaləti bərpa etməsini göstərir. Bununla həm də düşmənlərimizə göstəririk ki, Azərbaycanla diqtə dili ilə danışmaq, ona zor tətbiq etmək mümükün deyil. Azərbaycan Ordusu hər an Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirməyə hazırdır. Azərbaycan xalqı bir daha göstərir ki, öz ordusuna inanır. Ordu da Azərbaycanın istənilən ərazisində hərbi parad keçirə bilər”.
Deputat söyləyib ki, parad həm də dostlarımıza ünvanlanan bir mesajdır:
“Azərbaycanın haqq işini və mübarizəsini dəstəkləyən dost dövlətlərə bir daha mesajdır ki, onların da dəstəyi ilə biz artıq qədim şəhərimiz Xankəndidəyik. Azərbaycanın güclü Ali Baş Komandanı, güclü ordusu var. Millət öz ordusuna və liderinə qətiyyətlə inanır. Bundan sonra heç kəs bizim ərazimizə müdaxilə edə bilməyəcək”.
Milli Məclisin deputatı Vüqar İskəndərov Zəfər paradının Xankəndidə keçirilməsinin böyük rəmzi məna daşıdığını bildirib:
“Vətən müharibəsindəki şanlı qələbəmiz, birgünlük antiterror tədbirləri suverenliyimizin tamamilə bərpa olunması ilə nəticələndi. 100 il həsrətində qaldığımız dədə-baba yurdlarımıza tam sahibləndik. Biz regionun ən qürurlu xalqı olduğumuzu bütün dünyaya sübut etdik. Ali Baş Komandanın zəkası, dünya siyasətini yaxşı bilməsi, qətiyyəti, şanlı ordumuzun şücaəti bütün qələbələrimizi şərtləndirdi. Zəfər Paradının Xankəndidə keçirilməsinin çox böyük rəmzi mənası var. Xankəndi Qarabağın ən böyük şəhəri və mərkəzidir. Ali Baş Komandanın orada hərbi paradı qəbul etməsi bütün dünyaya Azərbaycanın qalib xalq olması mesajını verir. Digər məsələ bütün dünyaya Azərbaycanın gücünü,qüdrətini göstərir. Dünya Azərbaycanlılarının qürur mənbəyidir”.
Deputat paradın Xankəndidə keçirilməsinin düşmənlərə ciddi mesaj olduğunu söyləyib:
“Düşünürəm ki, həmin gün özünü azərbaycanlı hiss edən hər bir şəxs yalnız sevinəcək və qürur hissi keçirəcək. Vətəndaşlarımız “Nə yaxşı ki, azərbaycanlıyam deyəcək”. Düşmənlərə “Biz Qarabağda, Şərqi Zəngəzurdayıq, Xankəndiyə yerləşmişik” mesajıdır. Bu parad bir daha əldə etdiyimiz qələbənin böyüklüyünü və əzəmətini göstərəcək”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə Azərbaycanın bütün ərazilərində bayraqlarımızın dalğalanmasının qürurverici olduğunu deyib:
“Biz Zəfər Gününü üç ildir ki, qeyd edirik. Bakıda, Şuşada hərbi paradlar keçirmişik. Bu dəfəki hərbi parad Xankəndidə olacaq. Qürurverici andır ki, bu gün Azərbaycanın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Xankəndidə bayrağı qaldırarkən cənab Prezident İlham Əliyevin verdiyi mesajlardan çıxan nəticələrdə bir daha təsdiq olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bundan sonra biz quruculuq işləri və Ermənistanla sülh sazişinin imzalanması kimi məsələlərlə məşğul olacağıq. Bu, həqiqətən də, qürurvericidir”.
A.Nağıyev Xankəndidə keçiriləcək paraddan düşmənlərin nəticə çıxarmalı olduğunu deyib:
“Biz illərlə həsrətində olduğumuz şərəf və qürur bayramını Xankəndidə keçiririk. Düşmən də nəticə çıxarmalıdır ki, nə qədər Azərbaycan xalqı və onun rəşadətli ordusu varsa, biz öz qalibiyyətimizi daim göstərəcəyik. Biz quruculuq işlərini paralel olaraq aparacağıq. 30 il ermənilər düşünürdü müxtəlif təxribatlarla Azərbaycan ərazisində qondarma dövlət quracaqlar. Buna nail ola bilmədilər və ola bilməyəcəklər də. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanır və Qarabağ Azərbaycandır. Hər bir vətəndaşımız fəxr edir ki, Azərbaycan qalib dövlətdir”.