Modern.az

Ağdərə niyə bərpa edilir? - "Tarixi yanlışlığın" düzəldilməsi, yoxsa...

Ağdərə niyə bərpa edilir? -

Qarabağ

21 Noyabr 2023, 14:46

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

 

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü. Rayonun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdi.

 

Bir çoxları rayonun ləğvi barədə qərarın "tarixi səhv" olduğunu düşünür. Həmin dövrün hakimiyyət nümayəndələri isə qərarın təhlükəsizliklə əlaqəli olduğunu bildirir.

 

Prezident İlham Əliyev Ağdərədə

1993-cü ildə işğal edilən Ağdərə bu ilin sentyabr ayında baş verən antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Dövlət Bayrağı ucaldıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov vaxtilə Ağdərə rayonunun ləğv edilməsinin yanlış qərar oldğunu bilidirib:

 

“O zamankı hakimiyyət işğal və digər faktorları nəzərə alaraq, Ağdərə rayonunun ləğv edilməsinə qərar verib. Çünki Ağdərə rayonunun bir hissəsi işğal edilmişdi və Qarabağda müharibə gedirdi. Ancaq bütün hallarda belə bir qərarın qəbul edilməsinin yanlış olduğunu düşünürəm. Bu gün növbəti dəfə cənab İlham Əliyev pozulmuş ədaləti bərpa edir. Ağdərə rayonunun yenidən yaradılması həm də tarixi ədalətin təntənəsidir. Ağdərənin yenidən Azərbaycana qayıtması bizim xalq və dövlət olaraq növbəti uğurumuzdur. Biz artıq torpaqlarımızı, işğaldan azad etmişik”.

Ceyhun Məmmədov vurğulayıb ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qərarın verilməsi olduqca vacibdir:

 

"Bu, bizim qarşımıza qoyduğumuz məqsədlərə doğru irəliləməyimiz baxımından da xüsusi əhəmiyyət daşıyır. Ağdərə rayonunu bərpası ilə bağlı qərar yalnız alqışlanmalıdır. Biz indi Qarabağa qayıdırıq və oraya heç zaman olmadığı qədər  nəzarət edirik. Ağdərə rayonunun bərpasını qələbənin nəticəsi olaraq, Azərbaycanın növbəti dəfə atmalı olduğu bir addım kimi qiymətləndirmək lazımdır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlərdə ilahi ədaləti bərpa edir. Bu,cənab Prezidentin rəhbərliyi altında xalqımızın növbəti bir uğurudur”.

Təhlükəsizlik eksperti İlham İsmayıl Ağdərə rayonunun niyə bərpa edilməli olduğunu belə izah edib:

 

“Ağdərə həm ərazi, həm də əhali sayı baxımından keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətinin" ən böyük rayonu idi. Bu gün Ağdərə rayonunun bərpa olunması düzgün qərardır. Çünki rayon mərkəzi ilə kəndlər arasında məsafə kiyafət dərəcədə çoxdur. Ağdam və Tərtər arasında bölünmüş sakinləri sabah hər hansı sənəd üçün ya Kəlbəcərə, ya Ağdama getməli, uzaq məsafə qət etməli olacaqlar. Ağdərə mərkəzdədir. Vətəndaşlar elə buraya gəlib müraciətlərini rahat formada edə biləcəklər. Bir sözlə, Ağdərə rayonunun müstəqil, ayrıca rayon olması həm də buna görə düzgün qərardır. Axı, Ağdam sökülüb, dağılıb. Oranın, eləcə də Kəlbəcərin yenidən qurulmasına ehtiyac var. Üstəlik Sərsəng Su Elektrik Stansiyasının da Ağdərə ərazisində olması buranın ayrıca rayon olmasını daha da zəruri edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər