Ermənistan İstintaq Komitəsi bu il sentyabrın 25-də Xankəndi-Əsgəran yolundakı yanacaq anbarında baş vermis partlayışla bağlı açılan cinayət işi üzrə ibtidai istintaqın ilkin nəticələrini yekunlaşdırıb.
Modern.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, sözügedən anbarda baş vermiş partlayış nəticəsində 218 nəfər ölüb. Onlardan 2-si anbarda xidmət edən “Artsax polisi”dir, 31-i isə hərbçi olub: 9-u zabit, 5-i unter zabit, qalanları sıravi.
Partlayış və sonrakı yanğın nəticəsində azı 120 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hazırkı istintaqa əsasən, 21 nəfərin harada olduğu məlum deyil.
Ölənlərdən 138 nəfərin şəxsiyyəti məhkəmə-genetik ekspertiza ilə təyin edilib, 77 nəfərin kimliyi isə digər istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib.
Partlayış nəticəsində ölən 218 nəfərdən 3-nün şəxsiyyəti ekspertiza yolu ilə hələlik müəyyən edilməyib. Belə ki, həmin şəxslərin qohumları zəruri identifikasiyanın aparılması üçün məhkəmə-genetik ekspertizasına hələ də müraciət edib nümunələr təqdim etməyiblər. .