QHT Əməkdaşlıq Alyansının 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkisi günü “ekzit-pol”un aparılması ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub. Bir neçə gün öncə Alyans “ekzit-pol” sahəsində təcrübəsi və resursları olan QHT-lər üçün tender elan etmişdi. QHT-lər üçün elan olunan tenderdə 9 təşkilat iştirak edib. Tenderdə iştirak edən təşkilatların sənədləri, təcrübələri, kampaniyanın aparılması ilə bağlı resursları müzakirə edilib və “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi tenderin qalibi olub. Artıq “ekzit-pol”un təşkili istiqamətində müvafiq işlər həyata keçirilir. Yaxın günlərdə isə “ekzit-pol”çular üçün treninqlərin keçirilməsinə başlanılacaq. Treninqlər Alyansın ekspertləri və yüksək səviyyəli mütəxəssislər tərəfindən aparılacaq. QHT Əməkdaşlıq Alyansının həyata keçirdiyi “ekzit-pol”un 125 dairədə keçirilməsi qərara alınıb. “Ekzit-pol”da digər təcrübəli təşklatların imkanlarından və resurslarından da istifadə ediləcək. Bunun üçün tenderdə iştirak edib, qalib olmayan, eləcə də tenderdə obyektiv səbəblərdən iştirak edə bilməyən təşkilatlarla da müzakirələr aparılıb. Bunun əhəmiyyəti ən kiçik nüansların belə nəzərə alınması, təcrübələrin öyrənilməsi və prosesin imkanlarının genişləndirilməsidir.
“Ekzit-pol”un əhəmiyyəti seçkilərin şəffaflığı ilə yanaşı, seçicilərin səsvermə hüquqlarının qorunması baxımından da olduqca böyükdür.
Modern.az