Modern.az

Əflatun Amaşov Mətbuat Şurasının seçki planlarını açıqladı

Əflatun Amaşov Mətbuat Şurasının seçki planlarını açıqladı

Qarabağ

1 Oktyabr 2013, 13:23

“Mətbuat Şurasının seçkilərlə bağlı taktikası seçkilərlə bağlı təşkil edilən mitinqlər və digər küçə aksiyalarının monitorinqini aparmaqdır. Bu müddətdə müvafiq qurumlara da müraciətlər ünvanlanmışıq”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, qeyd edib ki, Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə yaratdığı monitorinq qrupunun üzvlərinin sayını çoxaldıblar.

“Bu minvalla Mətbuat Şurasının geniş monitorinq qrupunun üzvləri aksiya yerində olurlar. Əgər jurnalistlərdən informasiya almaqla bağlı şikayət edilərsə, qrupun üzvləri ya da meydanda müvafiq tərəfin nümayəndələri ilə əlaqə saxlamalıdırlar və həmin maneəni aradan qaldırmalıdırlar. Bu vaxta qədər olan aksiyalarda qeyd edilən məsələ ilə bağlı müraciət olmayıb”.

Ə.Amaşov bildirib ki, bundan əlavə mətbuatda seçkilərlə bağlı gedən materialların da monitorinqini aparırlar. “Bizim daha çox diqqətimizi cəlb edən mediada “qara piar”dır, yəni qarşı tərəflə bağlı “qara piar” nə dərəcədə istifadə olunur. Apardığımız araşdırmalar göstərir ki, bu dəfə jurnalistlər bu məsələyə daha peşəkarlıqla yanaşırlar. Müəyyən nüanslar var, ancaq bununla bağlı tərəflərdən Mətbuat Şurasına şikayət edilməyib”.

Mətbuat Şurası sədrinin  sözlərinə görə, seçki günü Mətbuat Şurasının monitorinq qrupu müvafiq dairələrdə olacaq, jurnalistlərin informasiya almasına nəzarət edəcək.
“Eyni zamanda Mətbuat Şurasına qaynar xətt fəaliyyət göstərəcək, telefonlar elan olunacaq. Nəinki Bakıdan, ölkənin hər yerindən ən ucqar rayonlardan, kəndlərdən belə bura şəxsən müraciət olunarsa Mətbuat Şurası müvafiq yerli və mərkəzi qurumlara müraciət edəcək və çox tezliklə yarana biləcək problemlər aradan qalxacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu