Modern.az

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri də keçiriləcək...

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri də keçiriləcək...

Qarabağ

13 Fevral 2024, 09:20

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Qanunvericiliyə görə, ölkəmizdə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Ona görə də bu ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.


Seçki Məcəlləsinin 213-cü maddəsinə əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
 

Növbəti Bələdiyyə seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilib-keçirilməyəcəyi maraq doğurur. Qeyd edək ki, fevralın 7-də keçirilən prezident seçkilərində azad edilən ərazilərdə də səsvermə baş tutub. Ancaq bələdiyyələrdə vəziyyət bir qədər fərqlidir. Həmin ərazilərdə bələdiyyə seçkiləri keçirilməsi üçün ilk öncə bölgədə bələdiyyələr yaradılmalıdır.
 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsi üçün ilkin olaraq bələdiyyələrin yaradılması lazımdır:
 

“Bu il Azərbaycanda bələdiyyə seeçkilərinin keçirilməsi planlaşdırılır. Digər bələdiyyə seçkilərindən fərqli olaraq bu seçkilər bütün Azərbaaycan ərazilərində keçiriləcək. 30 il ərzində torpaqlarımız işğal altında olub. Ona görə də bu ərazilərdə hər hansı bələdiyyələrin formalaşmasından söhbət gedə bilməzdi. Bildiyiniz kimi, işğaldan  azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparılır. Eyni zamanda xüsusi idarəetmə üsulu yaradılıb".

 

Deputat deyir ki, vətəndaşlarımız işğaldan azad edilmiş ərazilərə köçdükcə burada xüsusi idarəetmə ilə yanaşı yerli idarəetmə formasının yaranması da zəruridir.
 

"Çünki bu, zamanın və qanunvericiliyin tələbidir. Düşünürəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri həmin ərazilərdə də keçiriləcək. Amma təbii ki, bundan öncə bu ərazilərdə bələdiyyələr yaradılmalıdır. Bunun üçün də qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Bildiyiniz kimi, bu ərazilərdə bölgü işləri aparılır. Növbəti addım isə bu ərazilərdə bələdiyyələrin yaradılması məsələsi ola bilər. 
 

Eyni zamanda seçkilərə qədər bələdiyyələrin birləşdirilməsi məsələsi gündəmdə ola bilər. Buna səbəb isə bələdiyyələrin maliyyə baxımından daha güclü olması və vətəndaşlara yaxşı xidmət etməsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir