Modern.az

Erməni vəhşiliklərinin izləri: Kəlbəcərdə növbəti kütləvi məzarlıq - VİDEO

Erməni vəhşiliklərinin izləri: Kəlbəcərdə növbəti kütləvi məzarlıq - VİDEO

Qarabağ

13 Fevral 2024, 14:46

Kəlbəcər şəhərinin yenidən qurulması və bərpası ilə bağlı aparılan qazıntı işləri zamanı daha bir kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata görə, bir neçə insana aid olduğu güman edilən sümüklər "Bakı Abadlıq" MMC-nin hazırda Kəlbəcər şəhərinin mərkəzində inşa etdiyi binaların arxa hissəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı zamanı aşkarlanıb.

 

Hazırda "Zəfər prospekti" adlandırılan həmin ərazi keçmiş Musiqi məktəbindən bir qədər yuxarıda, Uşaq Xəstəxanasının yaxınlığındakı yolayrıcında, Aşıq Alı küçəsi ilə Nizami prospekti arasında yerləşir. Sümüklərin əksəriyyəti çürüntüyə məruz qaldığından ərazidə qazıntı işləri dərhal dayandırılıb.

 

Qeyd edək ki, ermənilər I Qarabağ müharibəsi zamanı Kəlbəcərdə bir çox qırğınlar törədib. Bunlardan ən dəhşətlisi Başlıbel kəndində olub. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib.

Aşkarlanan məzarlıqdakı qalıqlar kimə aiddir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib ki, kütləvi məzarlıqlar ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin izləridir:

 

“1991,1992 və 1993-cü illərdə ermənilər Qarabağda müxtəlif vəhşiliklər törədib.Onlar burada kütləvi məzarlıqlar yaradaraq, işgəncəyə məruz qoyub öldürdükləri insanları dəfn ediblər. Ekspert kommisyası, yəqin ki, araşdırma aparacaq. Bundan sonra tapılan sümüklərin şəhər sakinlərinə,  həmin dövrdə döyüşən əsgər və zabitlərimizə, yoxsa Başlıbel qətliamında qırılmış, şəhid edilmiş soydaşlarımıza aid olub-olmadığı ilə bağlı konkret məlumat veriləcək. Əlbəttə, kütləvi məzarlıqlarda dəfn edilənlər azərbaycanlılar olub. Ancaq yenə deyirəm ki, onların kimliyi və haradan olmalarını bilməyimiz mümkün deyil”.

Deputatın fikrincə, bundan sonra da kütləvi məzarlıqlar aşkarlana bilər:

 

“Çünki indiyə qədər bizə taleyi məlum olmayan 4000 Azərbaycan vətəndaşı var. Ermənistan onların barəsində heç bir informasiya vermir. İnşaat, tikinti-quruculuq işləri getdikcə kütləvi məzarlıqların aşkarlanması gözlənilir”.

 

Kəlbəcərdən olan araşdırmaçı jurnalist Elxan Salahov isə düşünür ki, aşkarlanan kütləvi məzarlıqlarla bağlı araşdırmalar aparılmalıdır:

 

“Hazırda dəqiq koordinatlar olmadığına görə hələlik aşkarlanan kütləvi məzarlıqdakı sümüklərin Başlıbeldən olan, mühasirədə qalıb daha sonra xilas olmağa çalışarkən qətlə yetirilənlərə aid olub-olmadığını deyə bilmərəm. Ancaq buna güvənim azdır. Ona görə ki, Başlıbeldə mühasirədən çıxarkən rayon mərkəzində qətlə yetirilənlərin hansı ərazidə basdırılıdığı məlumdur. Çünki həmin insanları ermənilər tərəfindən girov götürülmüş mülki sakinlər dəfn etmişdilər. Söhbət yeddi nəfərdən gedir.Mən güman etmirəm ki, dünən aşkarlanan qalıqlar onlara məxsus olsun. Çünki onlar tamam başqa ərazidə dəfn olunublar. Bununla belə sümüklərin 1993-cü ildə olan hadisəyə aid olub-olmadığı öyrənilməlidir”.

Jurnalist kütləvi məzarlığın daha qədim ola biləcəyindən də bəhs edib:

 

“Başqa bir ehtimal da var. Həmin ərazilərdə alban tayfaları da yaşayıblar. Yəni kütləvi məzarlığın tarixinin daha qədim olması ehtimalı var. Bununla belə 1993-cü ildə Kəlbəcərin işğalı zamanı rayon mərkəzində çoxlu qətllər olub. Ermənilər tərəfindən dinc sakinlər qətlə yetirilmişdi. Bunların bir çoxu dəfn olunmuşdu. Lakin dəfn olunmayanlar da var. Ola bilsin ki, ermənilər sonradan onları dəfn ediblər. Bu hal da mümkündür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir