Modern.az

Kərkicahana köç bu tarixdə başlayır: Sakinlər doğma yurdlarına qayıdacaq - FOTOLAR

Kərkicahana köç bu tarixdə başlayır: Sakinlər doğma yurdlarına qayıdacaq - FOTOLAR

Qarabağ

14 Fevral 2024, 15:36

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç olacaq. Dünən Dövlət Komitəsinin sədri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

 

Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

 

Kərkicahan 28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçib.

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsinə nəzarəti bərpa edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Kərkicahan qəsəbəsində olub.

 

Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir. Qəsəbə ətrafında 4 böyük meşə var. Burada pambıq, fındıq, kök, əzgil, taxıl, göyərti bitkilərinin əkini geniş yayılıb. Bu səbəbdən də, Azərbaycanın ən böyük sovxozlarından biri Kərkicahanda idi.

 

​​​​​​Qəsəbə olduqca strateji mövqeyə malikdir.Bakı-Xankəndi-Laçın dəmiryolu stansiyası Kərkicahanın cənub-şərq hissəsindən keçirdi. Həmçinin Qar-qar çayı Kərkicahandan keçdiyi üçün burada çay nəqliyyatı da yaxşı idi. Bakı-Xankəndi-İrəvan magistral yolu, Xankəndi-Kəlbəcər magistralı, Bəhlul-Kosalar şossesi, Xankəndi-Kərkicahan şossesi buradan keçirdi. 

 

Müxtəlif tarixi qaynaqlara görə, Pənahəli xanın da daxil olduğu Cavanşirlər nəsli əslən buralıdır. Həsənbəylər nəslinin əsasını qoymuş Həsən bəy də Kərkicahanda dünyaya göz açıb.

 

Beləliklə, öz tarixi sahibləri Kərkicahana qayıtmağa hazırlaşır.

 

Modern.az Kərkicahan sakinləri ilə əlaqə saxlayıb, onların bu xəbərlə bağlı təəssüratlarını öyrənib.

 


Kərkicahan sakini Nazim Hüseynov 32 ildir bu xəbərin həsrətində olduğunu söyləyib:

 

“İnsan üçün dünyanın ən gözəl yeri vətənidir. Mən 1956-ci ildə Kərkicahan kəndində anadan olmuşam. Orada təhsil alıb, daha sonra su idarəsində çalışdım. Belə xoş xəbərlər gələndə insan çox gümrah olur, həyəcanlanır. Ümidlərimiz doğrulur. Orada yaşamaq xəbəri belə, bizi yenidən cavanlaşdırıb. Hər birimizdə sağlam ruh yaranıb. Kərkicahanda 35 yaşımda 2 mərtəbəli ev tikdirmişdim. Onu müharibə vaxt ermənilər yandırdılar. Mən həm də müharibə iştirakçısıyam, Qarabağ qazisiyəm. Ermənilərə qarşı müqavimətlərim olub. Artıq bizim dağıdılmış evlərimiz tikilib, bərpa ediləcək. Allah Prezidentimizə can sağlığı versin. Ailə üzvlərim köçmək üçün gün sayır. Onlar da çox səbirsizlənirlər.  32 ildən sonra ölkə başçısının qətiyyəti, şəhidlərimizin, qazilərimizin hesabına el-obamıza dönürük. Mən çox istəyərdim ki, ölkə başçısı Kərkicahana köçdükdən sonra evdə qonaq olsun, bir stəkan çayımızı içsin”.


Qəsəbə sakini Mehman Rzayev isə bu yaxınlarda Kərkicahanda olduğunu bildirib:

 

“Kərkicahandan yeni qayıtmışam. Ancaq yenə də geri dönmək istəyirəm. Ürəyim partlayır ki, yenidən ora qayıdım. İllərdir ana vətənin həsrəti ilə yaşayırıq. Dünən Rövşən müəllimin qəbulunda olduq. 1 saata yaxın söhbətimiz oldu. Bildirildi ki, ilk olaraq may-iyun ayına qədər 76 ailə Kərkicahana köçürüləcək. Bəzi sakinlərin evi salamatdır. Mənim evim isə yanıb. Ancaq bacımgilin evi salamatdır. Onlar hazır vəziyyədə gözləyirlər ki, nə zaman köç olacaq. Mənim oradan çıxanda 26 yaşım olub".

 

O, polis əməkdaşı olan qardaşının 1991-ci ildə şəhil olduğunu vurğulayıb.

 

"Kərkicahan qəbiristanlığında dəfn edilib. Mənə ən çox təsir edən, ağrı verən o oldu ki, qəbiristanlıqda qardaşımın məzarın tapa bilmədim, ermənilər dağıdıblar. Kərkicahanın 34 şəhidi var. Bu yaxınlarda şəhidlərin şəkili olan lövhəni Aşağı Bulaq adlı ərazidən asdıq. Yaxın zamanda yenə gedib, baş çəkəcəm”. 

 

Aydın Həsənov isə qeyd edir ki, Kərkicahan sakinləri ana torpaqlarına qayıdacaqlarına hər zaman inanıblar: 

 

“Bizim geri qayıdacağımıza inamımız çox idi. İnanırdıq ki, yenidən qayıdacağıq. Ermənilər orada əbədi yaşayası deyildilər. Özləri də bunu bildirdilər. Kərkicahanın müdafiəsində iştirak edib, zədələr almışam. Hazırda Xocalı şəhər 1 nömrəli tam orta məktəb tədris işləri üzrə direktor müaviniyəm. Kərkicahandakı evimiz isə yandırılıb, divarları qalıb. Hazırda mənim ailəm 3 təsərrüfatdır. Bir oğlum mənimlə birlikdə, digər 2 oğlum isə ayrı yaşayacaq. Torpaqlarımıza qayıdıb, oranı abadlaşdırmağa, ora yenidən türk-islam nəfəsi gətirməyə hazırıq”.

 


Ehtiyatda olan hərbçi Zaur Mirzəyev köç gününü səbirsizliklə gözlədiklərini deyib:

 

“Ailəmlə birlikdə sevincliyik. Mən Kərkicahanda doğulub, 16 yaşıma qədər orada yaşamışam. Oradakı evimiz  dağılmayıb,  sadəcə təmirə ehtiyacı var. Özüm də ehtiyatda olan zabitəm. İşğaldan azad olunandan sonra oraları gedib, gəzmişəm.  Çox gözəl təəssüratlarım var. İnşallah gedib yaşayacağıq. Düzdür, əvvəlki dövrü ilə müqayisədə çox dəyişiklik var. Ermənilər bir çox yeri dağıdıblar. Allahın köməkliyi ilə gedib, bərpa edib yaşayacağıq”.


Kərkicahan sakini Abuzərova Silva da fikirlərini bölüşüb:

 

“Bu xəbəri eşidəndə çox sevindim. Ora getməyi çox istəyirdim. 67 yaşım olacaq. Orada evim olub, ancaq dağıdılıb. Yoldaşım Qarabağ qazisi olub, rəhmətə gedib. İndi Sumayıtda yaşayıram. Ora çox gözəl yer idi. Orada çox gözəl yaşayırdıq. İndi tezliklə qayıtmaq istəyirəm.”

 

Şəbnəm Zahir

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"" mövzusunda dərc olunub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir