Modern.az

Şəhid qardaşların xatirəsi yad olundu - FOTOLAR

Şəhid qardaşların xatirəsi yad olundu - FOTOLAR

Qarabağ

7 Aprel 2024, 18:13

Aprel ayı həm qürur, həm də kədər ayımızdır. 2016-cı il aprelin 1-dən 5-nə kimi Azərbaycan Ordusu düşmən həmləsini dəf etmək üçün müqavimət göstərdi. Həmin döyüşlərdən sonra düşmən üzərində nisbi qələbə qazandıq. O günlərdə  torpaqlarımızın kçik bir hissəsi xain düşməndən azad edildi. Şanlı aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız arasında Naftalan şəhərindən olan mayor Vaqif Bayramov da var idi.

Naftalan şəhərindəki qəbristanlıqda Bayramovlar ailəsinin iki oğlu: 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş Mehman Bayramov və onun 2016-cı ildəki Aprel döyüşlərində şəhid olmuş kiçik qardaşı Vaqif Bayramov.

Naftalan Şəhər İcra Hakimiyyəti və Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən “Aprel döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” adlı  anım tədbirində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə məktəblilərin Vaqif və Mehman Bayramovların, eləcə digər şəhidlərin xatirəsinə həsr etdikləri musiqili kompozisiya, Vətənə, qəhrəmanlığa, düşmən üzərindəki qəti qələbəyə aid şeir və mahnıları da səsləndi.
Şagirdlər şəhid Bayramovların anası Zeynəb Bayramovanın da şeirlərini əzbər söylədilər.

Şəhid Vaqif Bayramovun 9 yaşlı oğlu Ümid isə “Sənin qisasını alacağam mən!” şeirini səsləndirdi. 

Şəhid qardaşların anası Zeynəb xanım çıxış edərək Vətən yolunda qurban verdiyi oğlanları haqqında xatirələrini danışdı. Bildirdi ki, Mehmandan 8 yaş kiçik olan oğlu Vaqif ilk hərbi təhsilini Naxçıvanski adına liseydə alıb. O bu peşəni qardaşının qisasını almaq üçün seçmişdi.

“Mənim oğlanlarımın birinin boyu 1 metr 90, digərinin boyu 1 metr 85 sm idi.  Vətən yolunda iki çinar boylu oğlumu şəhid verdim. Ana üçün bala itkisindən ağır heç nə bilməz, lakin bir ona sevinirəm ki, Aprel döyüşlərinin sonu  Xankəndi Zəfəri ilə nəticələndi”.

Daha sonra şəhid polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış etdi: “...belə düşünürəm ki, bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Mən baxıram ki, Vaqifin nişanəsi olan üç gözəl balası böyüyür. Ümid atasının adına həsr olunan anım mərasimində şeir söylədi. Adı kimi özü də Ümiddir. Həyat yoldaşım Sənan Axundov kəşfiyyat rəisi idi. İndi onun yerində oğlu Tahir böyüyür. Oğlum hərbi cərrah təhsili alır. Dönüb Vətənə xidmət edəcək. Bir polkovnik itirmişik. İnşallah bir general böyüdərik”.
 

Şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli çıxışında qeyd etdi:

“Qarabağı görməyən, Qarabağı kitab-dəftərdən öyrənən oğullar şükürlər olsun  ki, Qarabağı azad etdilər. Zəfərə aparan yol apreldən başlayır. Bunu hamı bilir. Zəfəri ilk dəfə bal kimi bizə daddıran Vaqif kimi, Müşfiq kimi oğullar oldu. Mənim oğlum Müşfiq Naftalanda hərbi xidmət keçib. Bəlkə də elə mayor Vaqif Bayramovun əsgəri oluib... Bütün şəhidlərimizin ruhu şad olsun, zəfər çaldıq, düşməndən qisas aldıq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhümüzlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdırlar.  Ancaq bu vətən, bu dövlət yaşadıqca, Vaqif, Sənan, Murad, Samid, Müşfiq kimi şəhid olan qeyrətli oğulları olan dövlət yəqin ki, heç vaxt basılmaz. Düşmən heç vaxt qalib gələ bilməyəcək”.

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri Aida Eyvazlı Göytürk  Aprel şəhidlərinin həyatından bəhs edən ilk Qalibiyyət kitabından danışdı.

Bildirdi ki, Aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığı yolda ləyaqətli analar, bacılar, həyat yoldaşları ilə də tanış oldu.

“Aprel döyüşləri bizim düşmən üzərində çaldığımızın Zəfərin ilk müjdəsi idi.  Düşmən üzərində qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Bayramov qardaşlarına həsr olunmuş qısametrajlı filmdə Aprel döyüşləri zamanı Vaqifin dostlarına göndərdiyi maraqlı bir fikir də səslənir. Vaqif deyir: “Ordumuz irəliləyir, belə getsə torpaqlarımızı alacağıq, əgər dayandırmasalar Xankəndiyə qədər gedəcəyik...”.  Bu gün Vaqif kimi oğulların arzularının Vətənin başı üzərində dalğalandığı gündür. Mehman və Vaqif  qardaşları Xankəndi zəfərini görməsələr də, indi onların ruhu bu şadyanalığı duyur, üzrəngli bayrağın başına dolanırlar!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!