Modern.az

Özbəkistan səfiri Füzulidə - FOTOLAR

Özbəkistan səfiri Füzulidə - FOTOLAR

Qarabağ

8 Aprel 2024, 21:19

Füzuli şəhərində görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak edib.

 

Tədbirdə çıxış edən səfir Bahrom Aşrafxanov iki ölkə arasında sıx münasibətdən və əlaqələrin inkişafından danışıb. O, Mirzə Uluqbəyin 630 illik yubileyinin gözəl və füsunkar şəhərə çevrilən Füzulidə böyük alim və astronomun adını daşıyan müasir məktəbdə keçirilməsinə görə Azərbaycan Prezidentinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, məktəb rəhbərliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına dərin təşəkkürünü bildirib.

 

Konfransda dünya elminin və ümumbəşəri sivilizasiyanın inkişafına böyük töhfələr vermiş astronom, riyaziyyatçı, tarixçi, musiqi və poeziya bilicisi, dövlət xadimi Mirzə Uluqbəyin həyat və fəaliyyətindən danışılıb.

 

Digər çıxış edənlər, həmçinin iki ölkə arasında olan qardaşlıq münasibətindən söhbət açıblar. Vurğulanıb ki, son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf etdirir. Diqqətə çatdırılıb ki, iki ölkəni bir sıra tarixi bağlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı yüksək səviyyədədir.

 

Tədbirin sonunda özbək dilinə tərcümə olunmuş 100 cildlik “Türk ədəbiyyatı inciləri” toplusu, habelə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən bir çox kitablar məktəbə hədiyyə edilib.

 

Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!