Modern.az

Kəlbəcərlə bağlı YENİLİK: Xüsusi nümayəndə təyin ediləcək

Kəlbəcərlə bağlı YENİLİK: Xüsusi nümayəndə təyin ediləcək

Qarabağ

2 May 2024, 17:41

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə xüsusi nümayəndəlik institutu yaradılıb. Artıq Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları, eləcə də Xankəndi şəhəri üzrə xüsusi nümayəndə təyin olunub. Bunununla yanaşı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutu da formalaşdırılıb.

 

Qeyd edək ki, xüsusi nümayəndəlik Prezident Administrasiyasının struktur bölməsi hesab edilir. Xüsusi nümayəndəlik müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulub.

 

Xüsusi nümayəndəlik institunun yaradılmasından 3 ildən artıq vaxt keçir. Bir çox ekspert sözügedən qurumun özünü doğrultduğunu deyir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl Kəlbəcərdə də Prezidentin Xüsusi Nümayəndəliyinin yaradılacağını söyləyib.

 

"Vaxt çatanda Kəlbəcərə də Prezidentin Xüsusi Nümayəndəliyi təyin olunacaq"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisdə Kəlbəcəri təmsil edən Aqil Məmmədov söyləyib ki, Prezidentin Xüsusi Nümayəndəliyi strukturu, artıq özünü doğruldub:

 

“Cənab Prezident işğaldan azad edilmiş ərazilərə, Naxçıvana xüsusi nümayəndələr təyin edib. Bu istiqamətdə təcrübə var. Prezidentin Xüsusi Nümayəndəliyi özünü doğruldur. Kəlbəcər də digər rayonlarımızdan kənarda qala bilməz. Vaxt çatanda Kəlbəcərə də Prezidentin Xüsusi Nümayəndəliyi təyin olunacaq. Bu gün işğaldan azad edilmiş ərazilərdə həm Prezidentin Xüsusi Nümayəndəliyi, həm də icra hakimiyyətləri fəaliyyət göstərir. Növbəti zamanlarda bu istiqamətdə də dəyişikliklər gözləniləndir. İki qurumun eyni formada, eyni ərazidə fəaliyyəti ilə bağlı məsələyə baxıla bilər. Yaxud əsasnaməyə dəyişikliklər edilməlidir.Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin olunduqdan sonra nə vaxtsa, ümumi strukturda dəyişikliklərə gedilərsə, təbii ki, ona da baxılacaq. Bu elə məsələdir ki, birbaşa cənab Prezidentə bağlıdır”.                                                                             

Deputat bildirib ki, Kəlbəcərin artıq baş planı da təsiqlənib, 2040-cı ilə qədər prespektivlər hazırdır:

 

"Buna baxmayaraq, digər bölgələrimizdə olduğu üçün Kəlbəcərdə də tikinti-quruculuq işləri uğurla davam etdirilir. Kəlbəcər şəhərinin daxilində hündürmərtəbəli binaların tikintisi davam edir. Bir çox binalarda artıq tamamlama işləri gedir. Kəlbəcər şəhərində tikilən 960 yerlik məktəbdə də işlər uğurla davam edir. Yeni-yeni binaların əsası qoyulur. Bundan başqa yol infrastrukturu, elektrik xətlərinin çəkilməsi, kənd yerlərində yaşayışı təmin olunması ilə əlaqədar olaraq, işlər aparılır. Cənab Prezident bir sıra təməlqoyma mərasimlərində iştirak edib. Zar, Yanşaq və Zallar kəndlərində iştirak edib. Digər kəndlərimizin layihələri də artıq  hazırlanmaq üzrədir. Gələcəkdə də bunların tikintisinə başlanılacaqdır. 2026-cı ilə qədər, yəni Birinci Dövlət Proqramı çərçivəsində 15 yaşayış məntəqəsində yaşayaşın bərpa edilməsi üçün işlər artıq tamamlanmalıdır. Soydaşlarımız da yaşayaş məntəqələrinə qaytarılmalıdır. Digər kəndlərin layihələri hazırlandıqda oralarda da tikinti işləri mərhələli şəkildə həyata keçiriləcək. Düşünürəm ki, nəzərdə tutulmuş zaman kəsiyində də işlər başa çatacaq. Səhər birbaşa Kəlbəcər şəhərinin özündə olan vətəndaşlarımızla əlaqə saxlamışam. Hər şey yaxşıdır”.

 

"Kəlbəcərdə işğal dövrünü və Zəfərimizi əks etdirən Memorial Kompleksinin tikilməsi planlaşdırılır"

 

Parlamentari sakinlərlə söhbətinin detallarından da danışıb:

 

“Kəlbəcərlilər “kaş hər bir Azərbaycan vətəndaşı quruculuq işlərini, Azərbaycan dövlətinin qüdrətini yerində görsünlər” dedilər. Hazırda bu istiqamətdə addımlar atılır.Tək bizim vətəndaşlarımız yox, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak üçün gəlmiş yüksək səviyyəli qonaqlarımız da işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri, eyni zamanda erməni vandalizminin fəsadlarını görürlər. Hər şey yüksək səviyyədə gedir.Allah dövlətimizi, dövlət başçımızı qorusun”.           

                                                           

A.Məmmədov vurğulayıb ki, Kəlbəcərdə işğal dövrünü və Zəfərimizi əks etdirən Memorial Kompleksinin tikilməsi planlaşdırılır.

 

"Əsas məsələ keçmişimizi qoruyub-yaşatmaqdır. Bu mənim arzularımdan biriydi. Eyni zamanda hər regionun öz xüsusiyyəti var. Kəlbəcər saz-söz diyarıdır. Bu istiqamətdə də cənab Prezident artıq öz tapşırıqlarını verib. Sözügedən istiqamətin inkişafı üçün də lazımı addımların atılacaq. Əsas arzum vətəndaşlarımızın vaxtında çətin şəraitdən çıxıb öz ata-baba yurdlarında çalışsınlar. Cənab Prezident bu məsələlərə önəm verir və birbaşa nəzarət edir”, - deputat əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi