Modern.az

Dağlıq Qarabağ problemi və QHT-lər

Dağlıq Qarabağ problemi və QHT-lər

12 Noyabr 2013, 10:26

Bu gün Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində dövlətlə yanaşı qeyri-hökumət təşkilatları (QHT-lər) da xüsusi fəallıq göstərirlər. Qeyd edək ki,  son illərə kimi ölkə QHT-lərinin əsas donorları olan beynəlxalq təşkilatlar və fondlar bu istiqamətdə olan layihələrə maraq göstərmir, onlara maliyyə vəsaiti ayırmaqdan yayınırdılar. Amma Azərbaycan dövlətinin maliyyə imkanlarının artması və QHT-lərə xüsusi dəstəyin göstərilməsi Dağlıq Qarabağla bağlı layihələrin reallaşmasına səbəb oldu. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  və Gənclər Fondu yaradıldıqdan sonra isə QHT-lər bu sahədə daha sistemli və səmərəli işləməyə başladılar. Günümüzdə bu məqsədlə respublikamızda və dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması üçün müxtəlif silsilə tədbirlər, sosial aksiyalar, rəsm müsabiqələri keçirilir, filmlər nümayiş olunur,xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur.

Qeyd edə bilərik ki, bu gün Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətləri də önündə Dağlıq Qarabağ məsələsi və Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılması durur. Bu günə qədər milli donorların maliyyə dəstəyi ilə QHT-lər tərəfindən Qarabağ məsələsinə həsr olunmuş yüzlərlə  layihə həyata keçirilib və bu layihələr çərçivəsində xeyli sayda kitab, broşür, buklet çap olunub, bir neçə film çəkilib, onlarla sayt hazırlanıb. Bundan əlavə bir çox beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin iştirakı təmin olunub və QHT-lər də öz növbəsində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün bu forumlardan maksimum dərəcədə faydalanmağa çalışmışdır. Bu fəaliyyətlər  hazırda da davam etdirilir və daimia milli donorlar tərəfindən  Dağlıq Qarabağ məsələsi yenə də prioritet mövzu olaraq saxlanılır. Məlumat üçün bildirək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə  2010-cu ildə 302 min. 349 manat məbləğində 52 layihənin maliyyələşdirilmişdir.  Bu layihələr əsasən Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilib. Maliyyələşən layihələr çərçivəsində 14 müxtəlif kitab, buklet, broşur və jurnal dərc edilib ki, bunlardan da 8 nəşr məhsulu xarici dillərdə buraxılıb. Qarabağ münaqişəsi və Qarabağ həqiqətlərini dünyaya çadırmaq istiqamətində 9 internet portalı hazırlanıb, yenilənib və ya xarici dilə tərcümə edilib. Bunlardan da 5 internet səhifəsi aktivdir: Bunlar www.azerbaycanli.org, www.fact-info.az, www.karabakhblog.com, www.plagiarism-az.com, www.diyarshunasliq.az saytlarıdır. Layihələr çərçivəsində 7 sənədli filim çəkilib. Materiallar əsasən  9 dildə Azərbaycan, rus, ingilis, turk, alman, fransız, yapon, bolqar və gürcü dillərində hazırlanıb.

Qeyd eək ki, QHT-lər tərəfindən sözügedən isitqamətlərdə bir sıra işlər görülsə də, artıq təbliğat vasitələrinə də yenidən baxmaq, daha çox kütləviliyə diqqət yetirmələri tövsiyyə olunur. QHT-lər bilməlidirlər ki,  təbliğat materialları hansı asan və effektiv yollarla yayıla bilər. Bir çox ekspertlərin də fikirincə bu gün Qarabağ həqiqətlərini dünya birliyinə çatdırmağın ən effektiv yolu daha çox sənədli filmlərin hazırlanmasıdır. Çünki bu filmlər qısametrajlı olsalar da, Azərbaycan həqiqətlərini daha dolğun, yığcam və təsirli şəkildə təqdim etməyə imkan verir. Bu səbəbdən də QHT-lər gələcək  planlarında və layihələrində film yaradıcılığına  daha çox yer verməsi arzu edilir. Bununla yanaşı, digər təbliğat formaları, qarşılıqlı səfərlər, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xüsusi nəşrlərin çapı və digər bu kimi mühüm məsələlər də daim QHT-lərin diqqətində olmalıdır. Bundan əlavə son dövrlər QHT-lərin Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın indiki səviyyəsi qənaətbəxş sayıla bilməz. Çünki torpaqlarının bir hissəsi işğal edilən, Ermənistan kimi hiyləgər bir düşmənlə üz-üzə olan bir məmləkətin QHT-ləri beynəlxalq əməkdaşlıq sarıdan daha çox işlər görməlidirlər.  QHT-lərə tövsiyyə olunur ki, məhz beynəlxalq təşkilatların üzvü olmağa, onların tribunasından istifadə etməyə daha çox cəhd göstərsinlər, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına üstünlük versinlər. Bu, ölkəmizi beynəlxalq arenada lazımi səviyyədə təmsil və təbliğ etmək üçün önəmli bir fürsət olardı. Azərbaycan həqiqətləri ilə bağlı xarici dillərdə keyfiyyətli internet resurslarının sayı daha da çoxaldılmalıdır. Eləcə də yerləşdirilən materialların məzmunca keyfiyyətinə və həcminə diqqət yetirmək lazımdır. Digər bir problem isə QHT nümayəndələri tərəfindən səslənir ki, özəl qurumlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı layihələrdə, Azərbaycanın haqq işinin dünyaya çatdırılması istiqamətində olan fəaliyyətlərdə maliyyə dəstəyinin verilməsi kimi məsələlərdə laqeydlik göstərirlər. Fikirimizcə QHT-lər də belə ümummilli məsələlərə etinasız yanaşan özəl qurumların adlarını ictimaiyyətə açıqlamalı, onlar ictimai qınaq hədəfinə çevirməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu