Artıq Azərbaycan cəmiyyətində QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı fikirlər xeyli dərinləşib. Əvvəlki dövrlərlə müqayisədə son bir neçə ildə QHT sahəsində müsbət irəliləyişlər hiss olunmaqdadır. AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının yaradılmasını, fəaliyyətini ədalət naminə uğurlu mexanizm kimi dəyərləndirmək olar. Əgər həyata keçirilən layihələrin monitorinqini aparsaq xeyli maraqlı ideyalara, müxtəlif sahələr üzrə çap olunmuş nəşrlərə rast gəlmək mümkündür.
Müxtəlif sahələrlə bağlı çap olunmuş kitabların bir çoxuna diqqət yetirəndə düşünmək olar olar ki, bu layihələrin bəzilərinə ayrılan vəsaitlər hədər getməyib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurası son bir neçə ildə əsasən kiçik qrantlar verməklə kifayətlənib. Gerçəkdən bu vəsait az olsada həmin QHT-nin, layihə rəhbərinin potensialını, layihə icra etmək bacarığını ortaya qoymaq üçün lazımlı addım idi. Düzdür az vəsait hesabına geniş, səmərəli layihələr icra etmək çətindir. Ədalət naminə onu da qeyd lazımdır ki, uğurlu layihələrin icrasına rast gəlmək mümkündür.
Lakin QHT sistemində əhəmiyyətli dəyişikliyə nail olmaq üçün bu sahədə ciddi addımların atılmasına ehtiyac var. Artıq gəlişi gözəl sozlər soyləməyə, kimisə tərifləməyə ehtiyac yoxdur. Əlqərəz hər kəs ortada olan məhsuluna, cəmiyyətə verdiyi faydasına görə dəyərini almalıdır. Ümumilikdə, QHT-lərlə bağlı bəzi məqamlarıa diqqət yetirmək istərdim.
Birincisi, müşahidələr onu göstərir ki, QHT sahəsində urraçılıq, bu sahəyə kütləvi axın, kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə “QHT bumu” uğurlu variant deyil. Bu gün bəzi hörmətli şəxslər qazanc götürmək məqsədilə öz yaxınlarının, tanışlarının adlarına xeyli sayda QHT yaradıblar. Eyni şəxslərə məxsus olan həmin təşkilatlar müxtəlif yerlərdən maliyyə vəsaitləri əldə etsədə ortada ciddi nəticə və hesabatlılıq yoxdur.
Mənim fikrimcə, QHT-yə Dövlət Dəstəyi Şurası növbəti müsabiqələrdə belə QHT-lərdən qurtulmalıdır. Müsabiqəyə təqdim olunan layihələrdə layhənin peşəkar hazırlanması ilə bərabər layihə rəhbərinin bütün keyfiyyətləri nəzərə alınmalıdır. Elə insanlar var ki, onlar bir neçə vəzifədə çalışırlar. Ancaq yenə həmin şəxslərin adlarını qrant müsabiqəsinin qaliblərinin sıyahısında görmək mümkündür. Təbii ki heç kimə qadağa qoyub demək olmaz ki, sən layihə təqdim etmə və yaxud təşkilat yaratma. Ancaq hər şeyin bir əndazəsi olmalıdır.
Ikincisi, QHT-yə Dövlət Dəstəyi Şurası səmərili iş görən və görmək gücündə olan QHT-lərlə uzun müddətli tərəfdaşlığa start verməlidir. Yəni Şura tərəfindən həmin təşkilatlara müsabiqədən kənar müxtəlif sahələr üzrə sifarişlər verilə bilər. Etibarlı tərəfdaşlar arasında bu çox normal hal olar.
Üçüncüsü, QHT-yə Dövlət Dəstəyi Şurası müsabiqələrin nəticələrini hər il mart ayında elan edir və QHT yalnız aprel ayında müqavilələri imzalayıb başa çatdırır. Təşkilat 2-3 ay fəaliyyət göstərir, yay tətili başlayır. Bu zaman insanların bir çoxu, müxtəlif qurumların işçiləri yay istirahətində olurlar. İctimaiyyətlə sıx işləyən QHT-lər üçün bu da müəyyən problemlər yaradır. Ona görə də müsabiqənin nəticələrini QHT-yə Dövlət Dəstəyi Şurası ilin əvvəlində elan etməsi daha faydalı olar. Təbii ki, bütün bunlar təklifdir.
Dördüncüsü, müsbət hal olar ki, QHT-yə Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına həyata keçirilən layihələrin monitorinqi davamlı şəkildə yeli qht-lər, müstəqil ekspertlər tərəfindən aparılsın. Təəssüf ki, bu gün belə monitorinq aparan təşkilatlar yoxdur. Görünür, bu məsələdə də QHT-yə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə sifarişlər verilməlidir.
Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi isə problem olaraq qalmaqdadır. Mənim fikrimcə, əsas bu məqamlar üzərində düşünmək lazımdır. Təbii olaraq bu yerdə sual yaranır. Hansı səbəbdən müxtəlif dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlığa cəlb olunmasın? Cəmiyyətimizin inkişafı üçün zəruri olan layihələrin icrasına həmin qurumlar tərəfindən maliyyə dəstəyi göstərilməsin?
Bu gün dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər inkişaf edib. Bəs, həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir? Bu məsələ üzərində düşünmək lazımdır. Vətəndaş cəmiyyətinin ümumilikdə inkişafını, bütün maliyyələşmə işini Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzərinə yıxmaq doğru olmaz.
Digər qurumların işini canlandırmaq lazımdır. Bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən, heç bir xeyiriyyə aksiyalarına qoşulmayan özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır. Onu da unutmaq olmaz ki, bu gün maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır.
Sonda Azərbaycan Gənclər Fondu ilə bağlı bəzi naratedici məqamlara nəzər salmaq istərdim. Həmin qurum yalnız gənclər təşkilatlarının layihələrinə dəstək göstərir. Qeyri gənclər təşkilatlatlarının layihələri isə heç qəbul edilmir. Əslində bu ayrı-seçkilik doğru deyil. Təşkilatlar arasında yalnız layihənin keyfiyyətinə, ideyanın səviyyəsinə görə, fərq qoymaq olar. Bundan əlavə bu gün kifayət qədər qeyri gənclər təşkilatlarında gənclələrlə bağlı layihələrə rast gəlmək mümkündür. Mənim fikrimcə, burada təşkilatın adına görə deyil, təqdim olunan layihələrin gənclər üçün nə qədər aktual olduğuna görə, dəyərləndirmə aparmaq lazımdır.