Modern.az

Azay Quliyevdən QHT-lərə xəbərdarlıq: "Eıə QHT-lər var ki, nə etdiklərini bilmirlər"

Azay Quliyevdən QHT-lərə xəbərdarlıq: "Eıə QHT-lər var ki, nə etdiklərini bilmirlər"

20 Noyabr 2013, 13:52

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Respubliikası Prezidenti yanında QHT-na dövlət dəstəyi Şurası 2014-cü il maliyyə yardımı müsabiqəsinə həsr olunmuş ictimai müzakirə keçirib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev tədbirdəki çıxışında deyib ki, əsas məqsəd QHT-lərin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir. Artıq açıq şəkildə qiymətləndirmə keşiriləcək.

Şura sədri bildirib ki, layihələrin monitorinqləri ilə bağlı vəziyyət ürəkaçan deyil:

“İşinə laqeyd yanaşan onlarla QHT-lərin adları açıqlanacaq. Biz başa düşürük ki, QHT-lərə nəvazişlə yanaşmaq lazımdır, çünki onlar öz QHT-lərimizdir. Biz məmur kimi məsələlərə sərt yanaşsaydıq, il ərzində 400 yox, bəlkə də 40 layihəyə qrant ayırardıq, bir çox QHT-lərin işləri prokurorluqda olardı. Ancaq biz indiyə qədər QHT sektorunda çalışmış, bu sahənin problemlərini bilən insanlar kimi güzəştli mövqe tutmuşuq. Mənə bir çox insanlar zəng edir ki, filan layihə ilə bağlı hesabatları qəbul edin. Güzəşt limiti bitdi”.

Azay Quliyev gələcəkdə Şuranın yerli və xarici QHT-lərlə birgə əməkdaşlığı şəraitində həyata keçiriləcək layihələri maliyyələşdirməyi planlaşdırdığını açıqlayıb.

"Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər. Həmin QHT-lərin əsas məqsədi qrant almaqdır. Bu, yolverilməzdir". Bunu da Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, buna baxmayaraq, əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var. Bunun da səbəbi həm Bakıda, həm də regionlarda QHT-lərə təlimlərin keçirilməsi olub.

Onun sözlərinə görə, hər bir dövlət qurumunun "Elektron hökumət" portalına qoşulması şəffaflığın artmasına səbəb olur: "Bu, işlərin daha şəffaf və çevik həyata keçirilməsinə şərait yaradır. Məlum olduğu kimi, artıq QHT-lərdən layihələr elektron formada qəbul edilir. Bundan sonra QHT-lərin layihələrinin ekspertizasının da elektron şəkildə həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar ona hesablanır ki, Şura ilə tərəfdaşları arasında əlaqələr minimuma endirilsin. Bununla da nəzəri cəhətdən mümkün ola biləcək neqativ halların qarşısı tamamilə alınmış olacaq".

A.Quliyev əlavə edib ki, bu işin mənimsənilməsində hələ də problemlər var: "Hələ də bəzi QHT-lər yeni texnoloji imkanlardan tam faydalana bilmirlər, bəzən problemlərlə rastlaşırlar. Bizə çoxlu sayda müraciətlər daxil olur ki, biz bu hesabatları hansı formada verək. Təbii ki, bununla bağlı bizim təlimatlarımız var və bunlar davamlı şəkildə həyata keçirilir".

A.Quliyev bildirib ki, təxminən bir ildən sonra QHT-lər tam şəkildə yeni qaydaları mənimsəyəcəklər və artıq sərbəst şəkildə istər maliyyə hesabatı, istər təsviri hesabat, istər layihələrin təqdimatı, istərsə də ekspertizanın təşkili ilə bağlı bütün problemlər tam şəkildə aradan qalxacaq, QHT-lər tam sərbəst şəkildə bu imkanlardan faydalana biləcəklər.

Şura sədri onu da qeyd edib ki, QHT-lərdə belə bir rəy yaranır ki, QHT-lərə Dövlət Dəstəyi Şurası milli donordur və hesabatları gecikdirə, onun keyfiyyətinə əməl etməyə bilərlər: "Bu hal əsasən özünü vaxtında maliyyə və təsviri hesabatların verilməməsində göstərir. Müqavilə öhdəliyində olan bir çox məsələlərə bəzən əməl olunmur. Bununla bağlı biz QHT-lərə dəfələrlə xəbərdarlıq etməli oluruq".

A.Quliyev vurğulayıb ki, əgər bu xəbərdarlıqlar nəticə verməsə, onlarla bağlı konkret qərar qəbul ediləcək: "Bu cür QHT-lər iki il müddətində elan etdiyimiz müsabiqədə iştirak hüququndan məhrum ediləcəklər. Artıq QHT-lərin hesabat dövrü başa çatır. Vaxtında hesabatı təqdim etməyən QHT-lərlə də bundan sonrakı əməkdaşlıq məsələsinə Şura yenidən baxmalı olacaq".

Tədbirdə çıxış edən QHT nümayəndələrindən Aydın Xan Əbilov  çıxışında QHT internet TV kanalının  yaradılmasını təklif edib. “İnternet sahəsində biz çox geridə qalmışıq.İnternet resursları çox aşağı səviyyədədir”. Onun təklifi maraqlla qarşılanıb.








Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu