Modern.az

Qarabağda itkin düşənlərin rəsmi sayı AÇIQLANDI

Qarabağda itkin düşənlərin rəsmi sayı AÇIQLANDI

Qarabağ

30 Avqust 2024, 11:08

Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. İtkinlər gününün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 30 avqust 2007-ci ildə Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb. Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək alıb və səbəbindən asılı olmayaraq itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşdırılıb.

BMT Baş Assambleyası tərəfindən 21 dekabr 2010-cu ildə qəbul edilmiş Qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınıb.

İnsanların itkindüşmə səbəbləri müxtəlifdir. Lakin ötən dövrlərin tarixi göstərib  ki, ən çox itkindüşmə halları silahlı münaqişələr zamanı baş verir.

Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) verilmiş məlumatlara görə, hazırda silahlı münaqişələrlə bağlı dünyada 239 min 700 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-a bildirdiyinə görə, 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.

3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə BQXK-nin Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib.

Q.Əhmədov bildirib ki, hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.

Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.

Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilib. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olub.

Qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir.

Q.Əhmədovun sözlərinə görə, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, habelə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb Baş idarəsinə göndərilir. Bununla əlaqədar, ölkə başçısı tərəfindən ayrılmış vəsait hesabına çox qısa zamanda DTX-nin Hərbi-tibb Baş idarəsində müasir tələblərə cavab verən və zəruri texniki avadanlıqlarla təchiz edilmiş Genetik Araşdırmalar Mərkəzi yaradılıb.

2014-cü ildən etibarən ümumilikdə 3 min 600-dən artıq itkinin ailə üzvlərindən 11 min 236 bioloji nümunə toplanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri