"35 il gecəli-gündüzlü, ağrılı-acılı, unudulmayan günləri xatırlayaraq Xankəndinin azadlığını gözləyirdik, arzumun çin oldu".
Bunu Modern.az-a açıqlamasında “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin rəhbəri Xatirə Vəliyeva deyib.
O bildirib ki, 19 sentyabrda baş verən antiterror əməliyyatının qısa müddətdə başa çatacağını ağlımıza belə gətirə bilməzdik.
"Mən individual olaraq, ermənilərin gedəcəyini düşünürdüm. Biz Xankəndidəki ermənilərlə bir yerdə yaşamışdıq. Onların xislətinə yaxşı bələdik. Ermənisiz Xankəndini təsəvvür etmirdik. 10-20 faiz tör-töküntünün qalacağını düşünürdük. Lakin cənab Prezident bizim bu mövqeyimizə tam nida işarəsi qoydu. Ermənisiz Xankəndini bütün Azərbaycana bəxş etdi. 1 gündən az bir vaxtda Xankəndi, Xocalı və Xocavənd azad edildi. Ermənilərin öz maşınları Azərbaycanı tərk etdilər. Biz isə oradan çıxanda ayaqyalın, başıaçıq, söyülərək, döyülərək, bütün təcavüzlərə əməllərin qarşısında oradan çıxdıq. Amma onlar rahatlıqla getdi. Bizim tolerantlığımız həmişə olub. Polislərimiz və hərbçilərimiz erməniləri müşaiyyət edirdi".
O bildirib ki, Xankəndidə başlanan hadisələrin ildönümündə şəhərin azad olunması simvolik, rəmzi məna daşıyır:
"İlk Xankəndidə 1988-ci ildə 18 sentyabrda evlərin yandırılması, insanların öldürülməsi, təhqir edilməsi baş verdi. 35 ilin tamamında 19 sentyabrda onlar yara kimi bizdən uzaqlaşdırıldı, yoxa çıxarıldı. Bu yoxluq 35 illik yaramızın üstündən xətt çəkdi. Bu gün orada universitet var, dağılan məzarlıqlarımız bizə geri qaytarılıb. Cənab Prezidentin sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü kimi qeyd olunur, bayramlar bayramı olan Suverenlik Günü hamımızın arzusuydu. Gözümüz aydın, günümüz mübarək, tarixi zəfərlərimiz çox mübarək!".