“Bu barədə artıq bir neçə il bundan öncə tədbirlər görülüb. Bir neçə redaksiyalarda həmkarlar təşkilatı yaradılıb. O cümlədən “Paralel” qəzetinin redaksiyasında 15 nəfərlik bir təşkilat var. Lakin jurnalistlərin müstəqil həmkarlar təşkilatının yaradılmasında hələ ki müəyyən problemlər var və bu barədə müxtəlif instansiyalara müraciət olunub”.
Bunu Modern.az saytına açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Xatırladaq ki, Mətbuat Şurasının 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransında çıxış edən Tapdıq Abbas jurnalistlər üçün həmkarlar ittifaqı mexanizminin işlək hala gətirilməsi məqsədilə konkret tədbirlər görülməli olduğunu bildirib.
T. Abbasın sözlərinə görə jurnalistlərin müstəqil həmkarlar ittifaqı təşkilatının yaranmasına ehtiyac var:
“Bütün sahələr üzrə həmkarlar təşkilatı fəaliyyət göstərdiyi halda nədən jurnalistlərin müstəqil həmkarlar təşkilatı olmasın. Burda problemlər var. Redaktorların da əksəriyyəti bəzən bundan qaçırlar. Çünki hiss olunur ki, həmkarlar təşkilatının redaksiyada olması baş redaktorluğa qarşı bir nəzarətdir. Bu təşkilat jurnalistlərin həm sosial təminatını, həm əmək hüququnu və şəraitlərini müdafiə edən və onun hüququnu təmin edən bir təşkilatdır. Mən orada səsləndirdim ki, ola bilər baş redaktorlar belə bir təşkilatın olmasına qarşıdırlar. Ancaq mən burada problem görmürəm. Çünki baş redaktorlardan biri də mənəm. Mən özüm istəyirəm ki, belə bir təşkilat olsun. Həm jurnalistlərin hüquqları pozulanda məhkəmədə onları müdafiə etmək, həm sanatoriyada müalicə qəbul etmək hüquqları təmin olunsun. Yəni o sanatoriya yollayışlarını almaq üçün jurnalistlərin birbaşa özünün həmkarlar təşkilatı olmalıdır. Bütün bunları əsaslandırandan sonra orada qeyd olundu ki, bu məsələ yüksək səviyyədə həll olunacaq. Gözləyirik ki, bu il ərzində mütləq Jurnalistlərin müstəqil həmkarlar ittifaqı təşkilatı fəaliyyətdə olacaq”.
Misranə Həsənzadə