Modern.az

Ağdam yenidən dirilir...

Ağdam yenidən dirilir...

Qarabağ

18 İyun 2025, 11:11

Ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Kəngərli kəndinə 40 ailə -154 nəfər köçürülüb. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ağdam yenidən qurulur

İşğaldan azad olunan ərazilərimiz arasında Ağdam şəhəri xüsusi yer tutur. Çünki bu şəhər ermənilər tərəfindən xüsusi amansızlıqla  dağıdılıb. Belə ki, oranı Qarabağın "Xiroşiması" belə adlandırıblar. 44 günlük Vətən Müharibəsi zamanı bir güllə də olsun atılmadan qaytarılan ərazilərimizdən biri də Ağdam şəhəri olub. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən şəhərin Baş Planı təsdiqlənib. O tarixdən bu yana Ağdam “ağıllı infrastruktur”, “yaşıl enerji”, ekoloji davamlılıq prinsipləri üzərində yenidən qurulur. Şəhərdə indiyə kimi, 200 km-dən çox yeni yol tikilib və ya bərpa olunub. 10-dan çox məktəb və təhsil mərkəzi, şəhər xəstəxanası, elektrik stansiyaları artıq layihələndirilib və bunların tikintisi gedir. 190 hektarlıq sahədə 20-dən artıq müəssisə üçün şərait yaradan Ağdam Sənaye Parkı salınıb və fəaliyyətə başlayıb.

Mədəniyyətin dirçəlişi

Ağdam şəhəri eyni zamanda Azərbaycan mədəniyyətinin simvollarından biridir. Qarabağın musiqi beşiyi sayılan bu şəhərdə mədəni həyatın dirçəlməsi üçün konkret addımlar atılır.

Azərbaycan Dövlət Dram Teatrının Ağdam filialı bərpa olunur, Muğam Mərkəzi üçün yeni bina layihəsi hazırlanıb. Xarıbülbül simvolu şəhərin girişində ucaldılıb və bu, təkcə dekorativ element deyil, qayıdan mədəni ruhun simvoludur.

Şəhərdə sürətli iqtisadi yüksəliş yaşanır

Ağdamda yaradılan sənaye və kənd təsərrüfatı zonaları artıq real iqtisadi fayda gətirməyə başlayıb. Ağdam Sənaye Parkında 20-dən çox sahibkara yer ayrılıb. Texnopark və logistika mərkəzləri, aqrar klasterlər və istehsalat sahələri yaxın illərdə bölgəyə böyük sərmayə cəlb etməyi hədəfləyir.

Kənd təsərrüfatı sahəsində isə üzümçülük və pambıqçılığın dirçəldilməsi prioritet sayılır.

Ağdama Böyük Qayıdış

Artıq bir neçə ailə daimi yaşayış üçün Ağdama qayıdıb. Onlar üçün salınan yeni məhəllələr, məktəblər, sosial obyektlər və tibbi mərkəzlər hazır vəziyyətə gətirilib. Bu qayıdış həm sosial, həm də mənəvi baxımdan dönüş nöqtəsidir.

Ağdamlıların sözləri isə bu dönüşü daha yaxşı ifadə edir:

“Daşdan tikilmiş evlərimiz hələ bəlkə tam hazır deyil, amma torpaq bizi qəbul etdi. Bu hiss heç nəyə bənzəmir.”

 Ağdamın dirçəlişi – Azərbaycanın gücünün sübutudur

Sonda onu qeyd etmək istərdim ki, Ağdamda görülən işləri sadəcə işğaldan azad olunan bir şəhərin yenidənqurulması kimi qiymətləndirmək düzgün deyil. Əslində indi Ağdamda aparılan işlər, atılan addımlar Azərbaycan dövlətinin əzmini, xalqımızın iradəsini və tarixə olan bağlılığını nümayiş etdirir.

Bugünkü Ağdam dünənin dağıntıları üzərində qurulan sülh, sabitlik və inkişaf şəhəridir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər