Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
Modern.az xəbər verir ki, 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Təzəbinə kəndində keçmiş məcburi köçkünlərin rahat məskunlaşması üçün hər cür şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Köç prosesi bundan sonra da mərhələli şəkildə davam edəcək.
Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.