Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.
Modern.az xəbər verir ki, avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrədək yüksəlir.
Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha 4 tunel də tikilir.
Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır. Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.
Digər tunellər üzrə işlərin vəziyyəti belədir:
• Tunel №1 (561.2 m), Tunel №2 (626.9 m), Tunel №4 (500 m) və Tunel №5 (947.9 m) üzrə qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb.
Prezidentin tapşırığına əsasən yol 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.
Texniki dərəcələr üzrə yolun uzunluğu belədir:
• I dərəcəli – 14.2 km
• II dərəcəli – 34.8 km
• III dərəcəli – 33 km
Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Layihə boyu hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi aparılır.
Yol geyimi işləri üzrə görülmüş işlərin həcmi:
• Hamarlayıcı lay – 56 km
• Əsasın alt layı – 38 km
• Əsas lay və üst qatı – hər biri 55 km
• Yol geyiminin alt qatı – 52 km
Tikinti çərçivəsində nəzərdə tutulan mühəndis qurğuları:
• 162 dairəvi boru (ümumilikdə 3 581 m)
• 119 düzbucaqlı boru (4 825 m)
• 1 heyvan keçidi (29 m)
• 14 U tipli süni qurğu (4 552 m)
• 2 598 m uzunluğunda trapez kanal
• 76 556 m² Geoerme divar
• 8 661 m istinad divarı
• 46 705 m daş divar (iksa/istinad)
İndiyədək görülən işlər:
• 147 dairəvi və 97 düzbucaqlı borunun,
• 1 heyvan keçidinin,
• 14 U tipli qurğunun,
• 32 475 m uzunluğunda daş divarın,
• 8 661 m istinad divarının,
• 1 057 m trapez kanalın,
• 77 743 m² Geoerme divarın inşası tamamlanıb.
Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 85%-ə çatıb.
Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə aparılır. Layihənin vaxtında və keyfiyyətli şəkildə başa çatdırılması üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...