Modern.az

17 ailə üçün Xocalı həsrəti SONA ÇATDI - FOTO

17 ailə üçün Xocalı həsrəti SONA ÇATDI - FOTO

Qarabağ

28 İyul 2025, 14:39

İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara evlərin açarlarını verib. Bildirib ki, bu, yalnız evin açarı deyil, illərlə həsrətini çəkdiyimiz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. "Böyük Qayıdış" Proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Artıq Xocalı şəhərində, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 327 ailə - 1433 nəfər yaşayır.

Açarın təqdim edilməsi mərasimindən sonra ailələr yeni evlərində yerləşiblər.

***

12:00

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. İyulun 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan ümumilikdə 50 mindən çox insan yaşayır.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var