Modern.az

Qarabağdakı yanğınlarda insan faktoru mühüm rol oynayır - DEPUTAT

Qarabağdakı yanğınlarda insan faktoru mühüm rol oynayır - DEPUTAT

Qarabağ

14 Avqust 2025, 12:51

Son dövrlərdə Qarabağ və Şərqi Zəngəzurda müxtəlif ölçülü yanğınlar vaş verir. 

Modern.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov qeyd edib ki, ilk ciddi yanğın hadisəsi iyulun 16-17-də Laçın rayonunda baş verdi. Onun sözlərinə görə, yanğın 14 hektara qədər ərazini əhatə edib.

“Həmin dövrdə bölgədə quraqlıq hökm sürürdü, dağlıq ərazilərdə səhərlər otlar şehli olduğundan bu, qismən təhlükəni azaldırdı. Lakin bu il meşələrdə nəmlik səviyyəsi xeyli aşağı düşüb və bu da yanğın riskini artırıb.

Doğrudur, meşələr ekosistem üçün əvəzolunmazdır – torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır, havanı təmizləyir. Fotosintez nəticəsində oksigen istehsal edir və karbon qazını udur. Eyni zamanda, maddələr dövriyyəsində və bioloji enerjinin ötürülməsində də mühüm rol oynayır. Ancaq təəssüf ki, bəzi insanlar meşələrə qarşı məsuliyyətsiz davranır və onların qorunmasına laqeyd yanaşma sərgiləyirlər”, - o qeyd edib.

Deputat bildirib ki, ölkəmizdə hələ 1997-ci ildən qüvvədə olan "Meşə Məcəlləsi" bu sahəni ciddi tənzimləyir. Məcəllədə 80-ə yaxın maddə mövcuddur və 61-ci maddə yanğın təhlükəsizliyi və meşələrdə nəzarət mexanizmləri ilə bağlıdır:

“Digər ölkələrdə meşələrə və park ərazilərinə daxil olan şəxslərdən yandırıcı vasitələr alınır, siqaret çəkməyə qadağalar tətbiq olunur. Təəssüf ki, bu cür tədbirlər bizdə hələ geniş şəkildə tətbiq edilmir. Meşələrimiz çirkləndirilir, icazəsiz tonqallar qalanılır.

Sovet dövründə meşəbəyilər tərəfindən müəyyən nəzarət həyata keçirilirdi. Hazırda Qarabağ bölgəsində əsas diqqət bərpa və tikinti işlərinə yönəlib. Meşə təhlükəsizliyinə nəzarət olsa da, bu proseslər daha da gücləndirilməlidir. İctimai tədbirlər və pikniklər zamanı aidiyyəti qurumlar konkret nəzarət mexanizmləri tətbiq etməlidirlər. Tonqal yandırılmasına yalnız icazə verilmiş ərazilərdə və təhlükəsizlik qaydalarına uyğun şəkildə icazə verilməlidir.

Laçında baş verən yanğında Sus kənd sakinlərinin məsuliyyətsiz davranışı nəticəsində yanğın yayılıb. Özləri söndürməyə cəhd etsələr də, külək səbəbilə yanğın nəzarətdən çıxıb. Yay aylarında yanğınların əsas səbəbi insan amilidir. Elə bu baxımdan meşələrdə yanğın təhlükəsizliyi tədbirləri mütləqdir”.

R.Muradovun sözlərinə görə, bu işə birbaşa cavabdeh qurum – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və Mühafizəsi Departamenti mühüm rol oynayır.

“Bu struktur və onun mühəndisləri yanğın təhlükəsizliyi rejimini meşə təsərrüfatlarında tətbiq etməli və daimi nəzarət həyata keçirməlidir. Yanğınsöndürmə texnikalarının işlək vəziyyətdə saxlanılması, su mənbələrinin mövcudluğu və yolların əlçatanlığı daima yoxlanmalıdır. İşçilər yanğınsöndürmə qaydaları üzrə mütəmadi təlimlərə cəlb olunmalıdır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, bu problem təkcə Qarabağ və ya Azərbaycanla məhdudlaşmır, belə yanğınlar qlobal miqyas alıb. Onun fikrincə, Qarabağda, xüsusilə Xocavənd, Ağdərə və Zəngilanda son aylarda çoxlu yanğın hadisələri qeydə alınıb və əksəriyyəti insan faktoru ilə əlaqəlidir:

“Meşə Məcəlləsinin tələblərinin pozulması cinayət məsuliyyəti doğurur. Yanğınlar təkcə ekosistemə deyil, insanların təhlükəsizliyinə, bərpa və infrastruktur layihələrinə də ciddi zərər vurur. Qarabağda bu risklərə minalar və partlamamış hərbi sursatlar da əlavə olunur. Belə obyektlərin partlaması yanğınların yayılma trayektoriyasını dəyişdirir,eləcə də yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir”.

O həmçinin söyləyib ki, Qarabağın mürəkkəb relyefi və post-münaqişə vəziyyəti kontekstində yanğınların idarə olunması üçün institusional əməkdaşlıq vacibdir:

“Dövlət qurumları, yerli icra hakimiyyətləri və əhali arasında koordinasiya gücləndirilməli, əhali mütəmadi maarifləndirilməlidir. Erkən xəbərdarlıq sistemləri qurulmalı, texnoloji və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir”.

Həmsöhbətimiz eyni zamanda vurğulayıb ki, yay aylarında müşahidə olunan yüksək temperatur, aşağı rütubət və küləkli hava şəraiti yanğın riskini artırır.

Torpaqda və bitki örtüyündə nəmlik azalır, bu da alovlanmanı asanlaşdırır. Hətta bir kibrit və ya termik impuls belə sürətli yanğına səbəb ola bilər.

Qarabağda baş verən yanğınlar gəldikdə isə bəzi hallarda bu təxribat nəticəsində də yaranır. Laçın kimi sərhədyanı rayonlarda düşmən tərəfindən planlaşdırılmış təxribat ehtimalı da nəzərə alınmalıdır. Buna görə də bütün aidiyyəti qurumlar ayıq-sayıq olmalı, meşə zonalarında nəzarət sistemi gücləndirilməlidir”.

R.Muradov sonda qeyd edib ki, meşələrin məhv edilməsi təkcə yaşıllığın itirilməsi deyil - havanın çirklənməsi, torpaqların eroziyaya uğraması, su ehtiyatlarının azalması və ekoloji tarazlığın pozulması deməkdir. Bu səbəbdən meşələrin qorunması milli prioritet olmalıdır:

“Qarabağda baş verən yanğınlar bir siqnaldır – təbiət insanlara kömək üçün çağırış edir: "Məni qoruyun ki, mən də sizə xidmət edə bilim". Dövlət qurumları, yerli icra hakimiyyətləri və əhali bu çağırışı ciddi qəbul etməli, bütün resurslar səfərbər edilməlidir”,- deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu