Modern.az

Qarabağın mətbuat simaları: Bölgəni təmsil edən tanınmış jurnalistlər

Qarabağın mətbuat simaları: Bölgəni təmsil edən tanınmış jurnalistlər

Qarabağ

8 Sentyabr 2025, 16:24

Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın ən böyük dövlət prioritetlərindən biridir. Yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri, inzibati binalar yenidən qurulur, müasir infrastruktur yaradılır. Bu genişmiqyaslı işlərin cəmiyyətə düzgün təqdim edilməsi, ictimaiyyətin vaxtında və obyektiv məlumatlandırılması da çox əhəmiyyət daşıyır. Çünki Qarabağda görülən hər bir iş bütün ölkənin diqqət mərkəzindədir.

Bu baxımdan, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibləri mühüm missiya daşıyırlar. Onlar həm dövlətin Qarabağda həyata keçirdiyi layihələrin mediada işıqlandırılmasına, həm də ictimaiyyətin düzgün və operativ məlumat əldə etməsinə cavabdehdirlər. Mətbuatla əməkdaşlıq, KİV-lərə açıqlamaların verilməsi, regiondan reportajların təşkil edilməsi və ictimai rəylərin izlənməsi bu qurumun gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir.

Modern.az Qarabağda görülən işləri ictimaiyyətə çatdıran mətbuat katibləri haqqında məlumatları təqdim edir:


Cəbrayıl, Qubadlı və Zəngilan 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza jurnalistika fəaliyyətinə tələbə ikən - "Молодежь Азербайджана" qəzeti ilə ştatdankənar müxbir olaraq başlayıb.

1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV telekanalları ilə əməkdaşlıq edir. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olur, bir müddət sonra  AzTV-də eyniadlı verilişinin aparıcısı kimi çalışıb. Bundan başqa onun "Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində 100-dən artıq məqalələri dərc olunub. 

2022-ci ildən isə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova 1999-cu ildən 2004-cü ilədək “Space” Tv və Radio şirkətində çalışıb. 2004-2005-ci illərdə Vergilər Nazirliyində PR mütəxəssisi, 2005-2007-ci illərdə isə Səhiyyə Nazirliyində Media əlaqələri şöbəsinin müdiri olub. S.Məmmədova uzun müddət -14 il Gənclər və İdman Nazirliyində Media Əlaqələri və PR şöbəsinin müdiri, daha sonra Bakı Nəqliyyat Agentliyində və Elm və Təhsil Nazirliyində çalışıb. 1 dekabr 2022-ci ildən isə tanınmış jurnalist Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabidir. O bu vəzifəyə gəlməmişdən əvvəl 2 ilə yaxın Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Bundan əvvəl isə müxtəlif media subyektləri, o cümlədən AzTv-də çalışıb. 

2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Afət Telmanqızı universitet oxuduğu vaxtdan - 1993–1997-ci illərdə jurnalistika fəaliyyəti ilə məşğul olub.  O, 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. Bundan sonra isə Space TV, Real TV- də çalışıb. 2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib. 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Laçın rayonundaa Bərpa, Tikinti və İdarəetmə xidmətinin mətbuat katibi Yeganə Quliyeva da uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. Y. Quliyeva 2012-2023-cü illərdə müxtəlif media subyektlərində çalışıb. O, 2023-cü ilin dekabrında Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə xidmətində çalışır. 

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin rəhbəri Nuranə Babayeva da Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, uzun müddət Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət göstərib, müxtəlif informasiya proqramlarında çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “YAŞAT” Fondunun ictimaiyyətlə əlaqələr komandasında fəaliyyət göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?