Comərdli Ermənistanın Sisyan rayonunda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin valideynlərinin yaşadığı təbiətin bütün gözəlliklərini özündə əks etdirən, əhalisi azərbaycanlılardan ibarət olan, dağlar qoynunda yerləşən bir kənd olub. Olub deyirəm ona görə ki, hazırda bu kəndin bütün evləri uçub-dağılıb, demək olar ki, xarabalığa çevrilib. Vaxtilə bu kənddə məktəb direktoru vəzifəsində işləmiş “yoldaş” Orucovun (kənddə hamı onu belə çağırırmış) evi yeganə evdir ki, indiyədək qalır. Ona görə ki, hazırkı kənd rəisi Arsen Ohanyan kəndin yeganə sakini kimi həm bu evdə yaşayır, həm bu evdən inzibati idarə kimi istifadə edir, həm də seçkilər zamanı bu evdə seçki məntəqəsi təşkil olunur.
Evin 3 otağı orta təmirlidir. Evin qarşısında möhtəşəm bir qoz ağacı da var.
Modern.az saytı erməni mətbuatına istinadən bildiri ki, kənd rəisi bu evin keçmiş sahibi Orucov haqqında xoş xatirələr danışır. Onun mədəni və çox hörmətli bir ınsan olduğunu söyləyir. Deyir kı, onun QAZ 21 markalı “Volqa”sı vardı.
“Kənddən köçərkən evinin zirzəmisində 2 tona qədər kömür qalmışdı. Qışda evi demək olar ki, həmin kömürlə isitmişik.
1980-ci illərdə Comərdlidə 8 illik məktəb, geniş mağaza və klub-mədəniyyət evi olub. Yerli azərbaycanlılar köçdükdən sonra kəndin yolları dağılıb, kəndə gediş- gəliş məhdudlaşıb. İndi bu kənd vəhşi heyvanların məkanına çevrilib. Kənd rəisinin dediyinə görə, tənha bir ayı kəndə tez-tez gəlib gedir. Bundan başqa kənddə insandan çox canavar, tülkü, dovşan və müxtəlif çöl quşlarına rast gəlmək olur. Təkcə insanlara rast gəlmək olmur.
İndi Comərdlinin adı dəyişdirilib, yaxınlıqda olan erməni kilisəsinin adı ilə Tanahat adlandırılıb. Sisyan rayonundan cəmi 20 km aralıdır. Yaşayış olmadığına görə təbiətin şıltaqlığı nəticəsində evlər ildən-ilə uçub dağılır. Bir zamanlar adlı-sanlı insanlar yetişdirən, igidlər məskəni olan Comərdlidən demək olar ki, əsər-əlamət qalmayıb. Burada hər çiçəyin üstündə bir arı var. Vaxtilə ən keyfiyyətli balı ilə məşhur olub.
Ohanyan şəkildə gördüyünüz evin divarlarını göstərərək deyir ki, “ Bu ev Heydər Əliyevin ata mülküdür. Kəndin yaşlı azərbaycanlı sakinləri söyləyidilər ki, Heydər Əliyev 2 yaşında olarkən valideynləri Naxçıvana köçüblər”.
Kənd rəisi Comərdlini qonşu erməni kəndi Arevislə müqayisə edərkən deyir: “Açığını deyim ki, bu kənddə azəbaycanlılarla ermənilər arasında elə də xoş münasibətlər olmayıb, amma aralarında yaxın dostluq edənlər və kirvəlik edənlər də az olmayıb”.
Azərbaycanlılar Comərdlini 1990- cı ildə tərk etməyə başlayıblar. Qonşu erməni kəndlərinin sakinləri onların köçmələrinə hərtərəfli yardım ediblər. Kənd rəisi deyir ki, azərbaycanlılar köçürülərkən ermənilərlə heç bir ədavətləri olmadan yola salınırdılar. “Bəziləri bir yerdə yeyib-içib mehribancasına ayrılırdılar”.
1991- ci ildə kəndin boş qalmış evlərində 18 erməni ailəsi yerləşdirilib. 25 məktəb yaşlı uşağın olmasına baxmayaraq ümumi təhsil ocağının fəaliyyətini bərpa etmək mümkün olmayıb. Hakimiyyət orqanları bütün şikayətləri qulaqardına vuraraq, məktəbin açılmasına maraq göstərməyib. Məktəbsiz, mədəniyyətsiz bir kənddə qalmaq istəməyən sakinlər yaşayış məntəqəsini tədricən boşaldıblar. Beləliklə, məktəb binası da yavaş-yavaş uçub-dağılıb.
Kənd rəisi xatırladır ki, keçmişdə Bakı-Comərdli avtobus marşrutu olduğu halda, indi rayona getmək müşkül məsələyə çevrilib. Qışda yollar ümumiyyətlə bağlı olur.
“Neçə ki, kənddə maldarlıq, əkinçilik və arıçılıq inkişaf etdirilməyib burada yaşayış mümkün deyil. Lakin hər şey dalana dirənib. Demək olar ki,artıq gecdir”.
Arsen Ohanyan “ölmüş” kəndin mərkəzində gəzərkən düşünür ki, onsuz da heç nə düzələn deyil. Son arzusu isə odur ki, heç olmasa özü üçün bu kəndi abadlaşdırsın. O, yerdən soğanaq yığaraq ümidsiz halda deyir: “Ancaq buralarda mən banklardan götürdüyüm 3 kredit barəsində düşünmürəm”.