“Xalq” Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşkilatçılığı ilə milli mətbuatımızın 135 illiyinə həsr olunmuş “Azərbaycan həqiqətləri beynəlxalq media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Mətbuat Şurasının üzvləri, millət vəkilləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və media orqanlarının təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətləri olan və dünyasını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı 135 il öncə “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan mətbuatının özülünün qoyulduğunu və ötən bu illər ərzində milli mətbuatımızın keşməkeşli, lakin şərəfli bir yol keçdiyini dilə gətirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda mətbuatın inkişafı mərhum dövlət başçısı Heydər Əliyevin adı ilə də sıx bağlıdır. O qeyd edib ki, istər 1964-cü ilin 14 iyulunda Azərbaycana birinci dəfə hakimiyyət başına gəldikdən, istərsə də 1993-cü ilin ağır iyun günlərində Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyət başına qayıtdıqdan sonra H.Əliyev Azərbaycan mətbuatının inkişafına, onun dünya mətbuatı ilə ayaqlaşmasına, bir sırada addımlamasına yönələn ciddi addımlar atıb. Məhz H.Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycanda senzura ləğv olunub, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcu silinib və yaxud dondurulub, xeyli sayda jurnalistlər, mətbuat işçiləri fəxri adlarla təltif ediliblər. “Çox sevindirici haldır ki, bu məqsədyönlü işlər Heydər Əliyev siyasətinin layiqli davamçısı, indiki dövlət başçısı İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra da davam etdirilib. Elə buna misal olaraq, milli mətbuatımızın 135 illik yubileyinin rəsmi səviyyədə qeyd olunması ilə bağlı verilmiş fərmanı göstərmək olar. Biz də bir siyasi təşkilat kimi, həmin fərmandan irəli gələrək, milli mətbuatımızın 135 illiyi ilə bağlı bu günə qədər bir sıra tədbirlər keçirmişik, bugünkü tədbirimiz də həmin sıradan olan tədbirlərdəndir”, - deyə X.Kazımlı sözlərinə əlavə edib.
“Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov ASRP-nin keçirdiyi tədbiri əlamətdar və təqdirəlayiq hesab edib. Onun qeyd etdiyinə görə, bu tədbiri əlamətdar edən məqamlardan biri milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində olmağımızdır. “Hesab edirəm ki, bu 135 illik yubiley təkcə biz jurnalistlərin, mətbuat işçilərinin deyil, bütün Azərbaycan xalqının bayramıdır”, - deyən H.Həsənov qeyd edib ki, əksər sivil cəmiyyətlərdə olduğu kimi, demokratik inkişaf yolu seçmiş Azərbaycanda da – xüsusilə 1993-cü ildən bu yana – mətbuat həmişə üstün mövqedə olub. “Ümumiyyətlə, cəmiyyətin informasiya təminatında, maarifləndirilməsində mətbuatın rolu əvəzsizdir”, - deyə H.Həsənov fikirlərini tamamlayıb.
Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycan mətbuatının 135 illiyinə həsr olunmuş məlum tədbirin təşkil olunmasından və orada iştirakından böyük qürur hissi keçirdiyini bildirib. “Qürur doğuran hal odur ki, 1993-cü ildən bu yana milli mətbuatımızın yubiley tarixləri üçüncü dəfədir ki, dövlət başçısının fərmanına əsasən rəsmi şəkildə qeyd olunur. Bu, elə bilirəm ki, Azərbaycanda dövlət, hakimiyyət rəhbərliyi tərəfindən mətbuata, azad sözə hörmətin, qayğı və diqqətin nəticəsidir”, - deyə B.Sadıqov qeyd edib.
Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı belə bir tədbirin təşkil edilməsindən razılığını ifadə edib. Onun qeyd etdiyinə görə, 1993-cü ildən bu yana Azərbaycan mətbuatında irəliyə və müsbətə doğru çox böyük dönüş baş verib. Belə demək mümkünsə, Azərbaycan mətbuatı həmin müddətdən böyük inkişaf mərhələsinə qədəm qoyub. V.Rəhimzadə bildirib ki, bu inkişafın göstəricisi olaraq, Azərbaycanda dörd mindən artıq kütləvi informasiya vasitəsinin qeydiyyatdan keçməsini, onların böyük əksəriyyətinin bugünədək fəaliyyət göstərməsini, o cümlədən Mətbuat Şurasının yaradılmasını, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkil olunmasını, qəzetlərin borclarının silinməsini, onlara birdəfəlik yardımlarım göstərilməsini, “Əməkdar jurnalist” adının bərpasını və sair məqamları qeyd etmək olar.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə isə keçmiş Sovetlər Birliyində ilk müstəqil Jurnalistika fakültəsinin məhz sözügedən universitetdə açıldığını dilə gətirib: “Həmin dövrdən bu yana təxminən dörd minə yaxın jurnalist kadrı hazırlanıb. Ümumiyyətlə, jurnalistikada kəmiyyət əsas göstərici deyil, əsas göstərici keyfiyyətdir. Və biz haradasa ildə 4-5 peşəkar jurnalist hazırlaya biliriksə, bu, bizim üçün böyük uğurdur, keyfiyyət göstəricisidir”.
Tədbirdə həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, qocaman jurnalist Səttar Zərdablı, “Xalq” qəzetinin əməkdaşı Tahir Aydınoğlu və digər şəxslər çıxış ediblər. Tədbirin sonunda dəyirmi masa iştirakçıları adından dövlət başçısına müraciət qəbul olunub. Modern.az