İyulun 15-də Qarabağ İctimai Forumunun (QİF) növbəti toplantısı keçirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, QİF-in rəhbəri Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən toplantıda geniş müzakirədən sonra Forumun yarım illik fəaliyyət planı qəbul edilib. Modern.az-ın məlumatına görə, fəaliyyət planında beynəlxalq media qurumları, informasiya agentlikləri, elektron və internet KİV-lərlə işin səmərəli təşkili üçün işçi qrupunun yaradılması, QİF-in fəaliyyətinin ümumi prioritetlərini müəyyənləşdirmək məqsədilə müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi nəzərdə tutulub. Forumun saytının və Qarabağın işğalına həsr olunmuş portalın müxtəlif dillərdə yaradılması, paytaxtda və regionlarda beynəlxalq və yerli qurumların iştirakı ilə müxtəlif tədbirlərin təşkili, problemin həllində təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində ictimai rəyin öyrənilməsi üçün rəy sorğusunun keçirilməsi də görüləcək işlər sırasındadır. Forum iştirakçılarının təşəbbüsü ilə qərara alınıb ki, respublikada fəaliyyət göstərən televiziya kanallarının birində “Xankəndi” adlı veriliş hazırlansın və müntəzəm yayımlansın.
Toplantıda millət vəkili, tarixçi alim Cəmil Həsənli, millət vəkili, “Lider qadınlar” İctimai Birliyini sədri Məlahət İbrahimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Milli İnternet Forumunun rəhbəri Osman Gündüz, Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, “Qarabağ qaziləri” Birliyinin sədri Etimad Əsədov iştirak ediblər.
Modern.az