“İnam” Plüralizm Mərkəzinin təşkilatçılığı ilə 23-30 iyul tarixlərində Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi keçiriləcək. “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi Modern.az-a bildirb ki, sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto sərgilənəcək.
Ağdamın işğal günü – 23 iyulda sərginin açılış mərasimi olacaq. Vəcihə Səmədova adına Rəssamlar İttifaqının salonunda keçiriləcək sərgi ilə eyni vaxtda “Qafqaz Xirosiması” filmi nümayiş olunacaq. Ağdamın işğaldan əvvəlki və indiki görüntüləri əks olunan foto və videolardan istifadə olunmaqla hazırlanan film 8 dəqiqədir. Film Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.
Sərgidə Ağdam haqqında üç dildə buklet paylanacaq. Bukletdə Ağdamın işğal vaxtı itirdikləri haqda statistik göstəricilər, xarici jurnalistlərdən sitatlar dərc olunub.
Sərginin açılış mərasiminə xarici ölkə səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, nazir və komitə sədrləri, ictimai xadimlər dəvət olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Qarabağın işğalının dünya ictimaiyyəti tərəfindən daha aydın qavranması üçün “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirmək, işğal nəticəsində Qarabağın tarixi genosidə məruz qalmasını dünyanın aparıcı sosial internet şəbəkələrində və axtarış portallarında yaymaq, həmçinin sonradan dünyanın istənilən yerində nümayiş olunası “Ağdam - “Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı foto, video, nəşrlərdən ibarət səyyar sərgi qalereyası yaratmaqdır.
Modern.az