«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz kompüter kurslarını davam etdirir. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hər birində 10 nəfər olmaqla iki qrup üçün kurslara başlanılıb. Kurslar həftədə 3 dəfə olmaqla iki qrupda aparılacaq.
Layihə çərçivəsində qaçqın, məcburi köçkün, şəhid, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan uşaqlara kompüter bilikləri veriləcək. Regional İnsan Hüquqları və Media Mərkəzindən verilən məlumata görə, bir il davam edəcək layihə çərçivəsində Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan 120 nəfər kompüter biliklərinə yiyələnə biləcək. Artıq buna qədər təşkilatın öz daxili imkanları hesabına hər birində 10 nəfər olmaqla iki qrup üçün kurslar keçirilib. Həmin kursları bitirən şəxslərə sertifikatlar verilib. Kompüter biliklərinə yiyələnən gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi üçün aidiyyatı orqanlara müraciət edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihənin bu ilin sonunadək maliyyələşdirilməsinə qərar verib. Şuranın maliyyə dəstəyi ilə bu müddətdə Qarabağ müharibəsindən zərər çəkən daha 60 nəfər kompüter biliklərinə yiyələnə biləcək. Təşkilatın ofisinə edilən müraciətlər layihənin davam etdirilməsinin zəruriliyini göstərir. Bugünədək kurslarda iştirak etmək üçün Bərdə, Ağdam və Tərtər rayonlarından olan təxminən 130 müraciət daxil olub. Buna görə də təşkilat layihənin davam etdirilməsi üçün digər donor təşkilatlara da müraciət edib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qarabağ müharibəsindən zərər çəkən, qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin övladlarına müasir informasiya kommunikasiya texnologiyalarının sirlərini öyrətməkdən ibarətdir. Layihəni gerçəklşdirmək üçün TİKA təşkilata 8 ədəd kompüter, 8 ədəd kompüter masası, 8 ədəd kreslo, 1 ədəd printer verib. Kursların keçirilməsi üçün müəllimin əmək haqqı, rabitə, internet və digər xərclərin ödənilməsini isə 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası öz üzərinə götürüb.
Modern.az