Modern.az

“Yeni Müsavat” qəzeti Müsavat Partiyasından daha güclüdür” – SORĞU

 “Yeni Müsavat” qəzeti Müsavat Partiyasından daha güclüdür” – SORĞU

8 Sentyabr 2014, 13:50


Müsavat Partiyası qurultaya hazırlaşır. Sentyabrın 27-nə nəzərdə tutulan qurultayda Müsavat Partiyası özünün yeni başqanını seçəcək. Başqanlığa namizədlər isə Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoydur.

  Maraqlıdır hansı namizədin başqanlıq uğrunda mübarizədə şansları daha çoxdur və Müsavat sədrliyinə bu şəxslərdən hansı layiqdir?  

Modern.az bu sualla bir neçə partiya arasında sorğu aparıb.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan düşünür ki, Müsavat ziyalı seçim etsə, müxalif partiyalara olan münasibət dəyişəcək. Lakin Əvəz Temirxan konkret olaraq hər hansı bir ada üzərində dayanmayıb:

“Əgər Müsavat Partiyasının üzvləri başqanlıq  seçimində  ziyalı seçim etsələr, müxalif  partiyalar arasInda partiyalararası münasibətlər  köklü dəyişəcək”.  

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə,  başqanlığa namizədlərin hər birinin müəyyən sahədə təcrübələri və  bu sahədə fəaliyyətləri nəzərə alınmalıdır.

“Məsələn, Arif Hacılının  təşkilat məsələlərində kifayət  qədər böyük təcrübəsi var. O həm də uzun illər siyasətdə bacarığı olan insanlardan biridir. Qubad İbadlının isə cəmiyyətdə xeyli ixtisaslı alim kimi reputasiyası var. Onların hərəsi  bir tərəfdən hazırlıqlı  və layiqli kadrladır. Müsavatda nümayəndələr arasında qüvvələr arasında nisbətin necə olduğunu bilmədiyim üçün kimin daha çox şansının yüksək olduğunu deyə bilmərəm. Müsavat Partiyası  Azərbaycan siyasətinə  təsir edəcək imkanlara sahib deyil. Çünki bu günə kimi bir aparıcı müxalifət təşkilatı kimi öz üzərinə düşən yükü tam şəkildə götürə bilmədi. Bu gün “Yeni Müsavat” qəzetinin gücü, Müsavat Partiyasının gücündən daha çoxdur”.  

AMİP-in sədri Yusif Bağırzadə bildirib ki, o,  heç bir partiyanın daxili  işinə qarmır. “Partiyanın öz seçimidir. Partiyanın özünün funksionerləri, seçici orqanları namizədlərdən  hansı məsləhətlisini,  reytinqi çox olanı seçəcəklər.  

ADP sədri Sərdar Cəlaloğlunun isə cavabı belə olub: “Bu, Müsavatın daxili işidir. Seçilən lider kim olsa, hansı qaydada bizimlə əməkdaşlıq etmək istəsələr, ona uyğun biz də əməkdaşlıq edəcəyik. Müsavat Partiyası daha yaxşı bilir ki, kimi lider  seçmək lazımdır. Belə hesab edirəm ki, İsa Qəmbər kimi Müsavat Partiyasının monolitliyini təmin edəcək ikinci bir lider yoxdur. Amma təşkilatı imkanlarına baxanda, təşkilatı gücünə baxanda ən çox haqqı və xidməti olan Arif Hacılıdır”.  

Məltəm Talıbzadə      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU