|
Könüllülərin iştirakı ilə reallaşan aksiyada DİN-in Dövlət Yol Polisi İdarəsinin, Dünya Bankının Azərbaycan nümayəndəliyinin, KİV-lərin, QHT-lərin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən birliyin sədri Anar Xəlilov layihənin günümüz üçün vacibliyini qeyd edərək, bəzən yol hərəkəti qəzalarının baş verməsində piyadaların da günahkar olduğunu bildirib: “Bu gün şəhərin bütün avtomobil yollarında demək olar ki, hər gün yol qəza hadisələri törədilir. Buna səbəb sürücülər tərəfindən yol hərəkət qaydalarına riayət olunmaması, yəni yüksək sürət, ötmə qaydalarına düzgün əməl etməmək, qadağan olunmuş yol nişanlarına diqqətsizlik və s. hərəkətlərdir.
Həmçinin piyadalar tərəfindən onlar üçün nəzərdə tutulmayan yollardan keçid vasitəsi kimi istifadə etmələridir. Demək olar ki, sürücülərin böyük əksəriyyəti təhlükəsizlik kəmərlərindən ancaq Dövlət Yol polislərinin xüsusi reydləri zamanı istifadə edirlər. Bəzən yol hərəkətindən düzgün istifadə etməməyimizin nəticəsində yol hadisələrinin baş verməsinə sürücülər kimi piyadalar da şərait yaradır. Bu səbəbdən düşünürük ki, bu qaydaları bilmək hamımızın borcudur”.
Qeyd edək ki, layihənin ilkin mərhələsi Beynəlxalq Avtovağzal kompleksində reallaşıbdı. Keçirilən aksiya zamanı Birliyin könüllüləri piyadaların və sürücülərin diqqətini yol təhlükəsizliyinə cəlb edərək, onlara maarifləndirici bukletlər, CD disklər və hədiyyələr təqdim edərək, hər kəsi bu işdə təbliğatçı olmağa çağırıblar. Sürücülər könüllülər tərəfindən yol mədəniyyətinə və avtomobilləri idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb, piyadalar onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə dəvət edilib.
Səbail rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları da aksiyada yaxından iştirak ediblər.
Tədbir Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə yardımı ilə baş tutub. Modern.az