Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Tükriyənin Anadolu Universitetinin “Sosial çalışmalar” fakültəsində bakalavr və Sakarya universitetinin Tarix fakültəsində magistr təhsili alan Suqra Cəfərovadır.
Suqra Cəfərova 13 fevral 1989-cu ildə Sumqayıt şəhərində doğulub. 2006-cı ildə Sumqayıt şəhər Humanitar və Texniki təmayüllü “İstedad” liseyini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. 2010-cu ildə bakalavr pillsini bitirdikdən sonra bir çox QHT-də çalışıb. ADPU-nun “Azərbaycan tarixi” fakültəsində magistr təhsilini davam etdirən Suqra, hazırda Tükriyənin Anadolu Universitetinin “Sosial çalışmalar” fakültəsində bakalavr və Sakarya universitetinin Tarix fakültəsində magistr təhsili alır.
- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?
- Əslində, ailəmizdə məndən də daha çox bacım xaricdə oxumaq istəyirdi. 2012-ci il mart ayında Türkiyə Cümhuriyyətinin Başbakanlığın təhsil programlarından olan Türkiyə Burslarına müraciət etmişdim. Amma burs qazanacağıma inamım yox idi, heç nə hiss etmirdim. Səfirlikdə keçirilən müsahibədən sonra artıq altıncı hisslərim məhz qazancağımdan xəbər verdi. E-mail ünvanıma “Qazanmısınız” cavabı gəldi. Onun səhəri günü ADPU-da sonuncu 7-ci imtahan olan fəlsəfədən sınağa çəkilməliydim. İmtahan zalından çıxdığımda artıq nəyi seçəcəyim mənə bəlli idi. Qərarımı isə gördüklərimlə yaşamaq istədiklərim arasında seçim edərək verdim.
- Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?
- Düşünürəm ki, ölkəmdəki gənclərin çox böyük qismi xaricdə təhsil almaq istəyir. Xaricdə təhsil almaq üçün ilk növbədə onu istəməklə kifayətlənmək lazım deyil, bunun üçün daima təqaüd axtarışlarını davam etdirməlisiniz. Və heç bir zaman gec deyil, sabit durmaq isə geçikməyə daha yaxındır. Hədəflərinizi seçin ki, o yol sizə daha yaxın olsun.
- İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?
- Mədəniyyət, din və dil yaxınlığımız olmasına baxmayaraq, ilk dəfə ölkədən kənara çıxan bir gənc kimi o hissləri sözlərimlə ifadə etmək mənim üçün çətindir. Müəyyən mənada qəriblik hisslərini əvvəllər hiss etməyə başladım. Sonradan isə artıq darıxmağa belə vaxtım qalmırdı. Amma akademik dərs baxımından onların təhsil sistemləriylə bizimkinin fərqliliyinə görə ilk başlardan bu çətinlik ilə üzləşmişdim.
- İki ölkənin təhsili arasında fərqlər hansılardır? Müsbət və mənfi cəhətlər nədir?
1. Azərbaycanda həm bakalavr, həm də bir magistr tələbəsi olduğum üçün onlarla fərq saya bilərəm. Magistr tələbəsinə 1-ci rüb üzrə 7 fənn deyil, sadəcə 4 fənn seçimin olması;
2. İmtahanın necə keçirilməsinin artıq müəllimin öhdəsində olması ( yəni istər klassik, istər test, istər məqalə şəklində);
3. Bakalavr tələbəsinə belə dərslərə başladığı gündən etibarən məqalə yazılmasının qaydalarının öyrədilməsi;
4. Mühazirələrin məcbur yazdırılmaması və bunun müəllimlər tərəfindən tələb olunmayaraq rübün sonunda yoxlanılmaması və s.
- Ordakı təhsildə olan hansı qanunların bizdə olmağını istərdiniz?
- Qanunların yox, müəyyən qaydaların bizim tətbiq edilməyini istəyərdim. Məsələn, tələbələrin öz fakültələri daxilində işləyib, təcrübə qazanma imkanının verilməsi, seminarların, beynəlxalq konfransların məhz universitetlər daxilində təşkil olunması gənclərə böyük stimul verməklə yanaşı, həm də onları gələcəyə hazırlamaq baxımından mühim olduğunu düşünürəm. Ümid edirəm ki, bu cür yaxşı nümunələr Azərbaycanda da tətbiq olunacaq.
- Türkiyə və Azərbaycanda ali məktəb müəllimlərini müqayisə etsəniz, nələri deməki stərdiniz?
- Azərbaycanda da dəyərli və çox savadlı müəllimlərimizin olması danılmazdır. Müqayisə etdikdə isə, müəllimlərimizin 2 nəfərlik qrup olaraq belə, ayrıca iş otaqlarının olmasını, tələbələrə qarşı valideyn qayğısıyla yanaşmalarını və tələbənin auditoriyada belə müəllimləriylə fikir mübadiləsinin aparılmasına şərait yaratması və. s. Bu kimi hallar fərqlər arasına daxil edilə bilər.
- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?
- Mənim təhsil aldığım Sakaryada azərbaycanlı tələbələrin sayı çoxluq təşkil edir. Amma qrupda tək azərbaycanlıyam. Daim onların yaddaşında Azərbaycan adının xoş xatırlanması üçün bacardığımı etməyə çalışıram. Xaricdə olarkən, artıq sən soyadındanda vacib vətəndaşı olduğun ölkənin məsuliyyətini daşımaq məcburiyyətindəsən. Həmçinin, burada Azərbaycan tələbələrinin topluluğu da fəaliyyət göstərir ki,Azərbaycanla bağlı xüsusi günlərdə toplanırıq, görüşürük.
- Azərbaycan üçün darıxırsınız?
- Bir deyim var ki, harda rahatlığı, xoşbəxtliyi tapırsansa, ora vətəndir. Amma bəzən bununla razılaşmıram. Çünki vətən - Azərbaycan başqa bir yerdir. Qeyd etdiyim kimi, vətənimdən , əzizlərimdən uzaq olan birisi kimi darıxmaq hisslərim olsa da, onu dərslərimlə, programlarla əvəzetməyi də bacarıram. Bacarmasan, 2-ci görüləcək işin təhsiliyarımçıq qoyub tərk etməkdir.
-Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkənizdən bixəbər qalmısınız?
- Müasir texnologiyanın inkişafı sahəsində bundan bixəbər olmaq qeyri-mümkündür. Və hər zaman Azərbaycan mediasındakı xəbərləri də digər medialar kimi izləyirəm.
- Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?
- Bəli, bir tək bayram günlərimizi deyil, Xocalı soyqırımında da tələbələrlə birlikdə şəhər mərkəzində yürüş etmişdik. Müstəqillik günü də daxil olmaqla Novruz bayramımızın keçirilməsinə universitet tərəfindən göstərilən dəstək sayəsində bu cür günlərimizi qeyd edə bilirik. Hətta keçən il milli plovumuzu dadan xarici tələbələr çox bəyənmişdilər. Təbii ki, bunlar da bizə xoş təsir bağışlayır.
- Yaşadığınız ölkənin hansı maraqlıadət-ənənələri var?
- Bir çox adət-ənənələr bizim adətlərimizə bənzəyir. Amma bəzi adətlər mənim çox xoşuma gəlir. Məsələn toylarda gənclərə dəstək olmaq üçün qızıl verirlər. Bir də toy süfrələrində bizdəki qədər yemək olmur. Süfrə “Coca-cola”, “Fanta” və şirniyyatlarla bəzənir.
- Təhsil aldığınız ölkənin insanları barədə nə deyə bilərsiniz?
- İlk vaxtlarda qadınların siqaret çəkməsi mənə qəribə görünürdü. Buna baxmayaraq, türklər çox yardımsevər və xoş münasibət bəsləyəndirlər və həftə sonlarını ailələri ilə bərabər pikniklərdə keçirirlər.
- Türkiyədən heç unutmayacağınız hadisə var?
- Bir dəfə mərkəzi küçədən keçəndə bir kişinin cümlələrini eşitdim və addımlarımı yavaşıtdım: “Mən görmə qüsurluyam, qələm satıram, qələmlərimi alarsanızsa, kömək etmiş olarsınız”. O insanın əlini açaraq yox, məhz qazanaraq yaşamaq istəyi mənə çox təsir etdi. Ümid edirəm həyatım boyunca Türkiyəni xoş və səmərəli bir tələbəlik həyatı yaşamış birisi olaraq xatırlamaq qismət olacaq.
- Gələcək planlarınız nədir?
- Təhsilimi doktorantura pilləsi daxil olmaqla davam etdirmək. Hələki qarşımdakı məqsədlərimdən biridir. Xüsusilə, sosial sahələr üzrə çalışmağı düşünürəm.
Rüfanə GÜNƏŞ