Gənclər üçün Təhsil Mərkəzi ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılması məqsədilə “Tanıyaq, Tanıdaq” proqramının icrasına başlayır.
Mərkəzdən bildirblər ki, proqram Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəliyi öz üzərinə götürür. Buna səbəb gənclərimiz arasında Azərbaycanın mədəniyyət abidələri, muzeyləri, incəsənət ocaqları, eləcə də mədəniyyət xadimləri haqqında məlumatlılığın zəif olması, gənclərin incəsənət obyektlərinə (muzey, kino, teatr) getməməsi, ölkəmizdə olan əcnəbi gənclərin də mədəniyyətimiz haqqında geniş təsəvvürə malik olmadan buradan getməsi, keçmiş filmlərimizin gənclər tərəfindən tanınmaması, ümumilikdə mədəni irsimizə və adət-ənənələrimizə gənclərin biganə münasibətidir.
Qeyd edək ki, “Tanıyaq, Tanıdaq” proqramının 2 il müddətində icra olunması nəzərdə tutulur.
Proqram çərçivəsində paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarımıza gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında milli adət və ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, region gənclərinin Bakıdakı muzeylərə səfərlərinin təşkili və s. planlaşdırılıb.
Proqram rəsmi olaraq sentyabr ayında ictimaiyyətə təqdim ediləcək.
Modern.az