Modern.az

Aqil Abbasın proqnozu və ya futbol qumarı

Aqil Abbasın proqnozu və ya futbol qumarı

14 Dekabr 2014, 00:39

Yazıçı, deputat Aqil Abbasa hələ uzaq 90-cı illərdən - qonşularına, o cümlədən mənə də mehriban qonşuluğuna görə - böyük hörmətim olub. Səmimi insandır. Deyirlər əliaçıqdır. Söz dedisə eləyəndir. Sadəcə geci-tezi var. Mənim yaradıcılığımı dəyərləndirən, “Ədalət” qəzetində mütəmadi işıqlandıran redaktorlarımızdandır. 2014-cü il martın 8-də, saat 11.34-də, telefon danışığımız zamanı mənə şifahi də olsa qonorar da kəsib. Daha doğrusu vəd edib.

“Qarabağ” futbol komandasına olan fanatik azərkeşliyinə də inanıram. Amma “Qarabağ”ın “İnter” üzərində qələbəsini əvvəlcədən car çəkəndə həm sevindim, həm də qorxdum.

Sevindim ki, yəqin oyunu artıq “danışıblar”. “İnter” və UEFA-da oturanlar haqlarını alıblar. Biz sadəcə sönük bir oyuna tamaşa edəcəyik. Sonda da bir yalançı 11 metrə. Vəssalam, “Qarabağ” mərhələni adlayacaq. Sonra isə qorxdum. Niyə? Birdən oyun əvvəlcədən danışılmayıb?! Birdən qeyrət damarımız qaynadı. Heç nəyi vecimizə almadan həqiqi futbol oynayıb və udduq. Onda necə olacaqdı? Axı, dünyada futbol qumarı deyilən bir söz var. Biz də “TOPAZ” vasitəsilə bu təşkilatın üzvüyük.


Bu heç kimə sirr deyil. Bunu deməklə Amerika-zad açmıram. Qorxdum ki, birdən “Qarabağ” bunun əksinə gedər, çaşıb “İnter”i udar. Qumarbazlar isə belə şeyi heç vaxt bağışlamırlar. Bunun cəzası yalnız ölüm hökmüdür. Çox şükür ki, belə olmadı. Sona 30 saniyə qalmış vurulan zərbə də düz qapıçının üstünə vurulmuşdu. Amma birdən rəqib komandanın futbolçusunun təsadüfən ayağına dəydi və istiqamətini dəyişib qapıya girdi. Hakimlər də uşaq deyil a... Canlarından bezməyiblər a... Yaxud da ki, gül kimi işlərindən olsunlar. Ona görə də 100 faizlik qolu saymadılar.

Aqil müəllim, sizə bir sual. Siz “Qarabağ”ın futbolçularının yerində olsaydınız o hakimləri təpiyinizin altına salıb çiləyərdiniz, ya yox? Yaxud da onları təpikləyənə qəşəng, bahalı bir hədiyyə alıb verərdiniz, ya yox? Bəs sizcə, onlar bunu niyə etmədilər? Çünki...

Bir də ki, məqsəd doğma azərkeşlər önündə udmaq yox, uduzmamaq idi. “Qarabağ” udsaydı, dünya futbol mərc bazarının, doğma dildə desək, futbol qumar dünyasının əleyhinə getsəydi bilin ki, növbəti dəfə xaricə gedəndə təyyarə elə göydəcə partlayacaqdı. Yəqin ki, belə hallar idman tarixində az da olsa baş verib.


Aqil müəllim, indi isə gələk sizin dildə desək proqnoza, mənim dilimdə desək futbol mərcinə, qumara. Bilirsinizmi, əsas kuboku sonda kim qazanacaq? DNEPR. O vaxt narıncı inqilab olanda “Yevrovijn”də birinci yerə Ukrayna çıxdı. İndi isə ruslar əzdiyinə görə, rusların acığına kuboku da onlar götürəcək. Daha doğrusu onlara verəcəklər.

“Qarabağ”ın qələbəsinə söz verdiyiniz qonaqlığı isə verin. Həqiqətən də qələbə oldu. “İnter”in özünün vurduğu və hesaba alınmayan avtoqol nəticəsində. Nə edək ki, dünya futbol qumarının öz qanunları var... Yaşasın tarix yazan “Qarabağ”. Yaşasın tariximizin qara səhifəsi Qarabağ.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu