Modern.az

İtaliyanın Bakıdakı səfiri: “Azərbaycan üçün 10 min viza vermişik” - MÜSAHİBƏ

İtaliyanın Bakıdakı səfiri: “Azərbaycan üçün 10 min viza vermişik” - MÜSAHİBƏ

Qarabağ

16 Yanvar 2015, 13:52

Ciampaolo Kutillo: “Region mürəkkəb olduğuna görə Azərbaycan da bir sıra risklər daşıyır”


İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo Modern.az saytına müsahibə verib. 

- Cənab səfir, müsahibələrinizin birində demisiniz ki, iki ölkə arasındakı əlaqələri möhkəmləndirmək, genişləndirmək üçün burdasınız. Fəaliyyətiniz dövründən bu günə kimi münasibətlərimiz nə dərəcədə genişlənə, irəliləyə bilib?

- Səfir təyin olunandan bu yana Azərbaycanla İtaliya arasında bir sıra yeniliklər olub. Onlardan ən əsasını, ikisini xatırlatmaq istərdim: 2013-cü ilin yayında İtaliya baş nazirinin ölkənizə, 2014-cü ilın yay aylarında Azərbaycan prezidentinin İtaliyaya səfəri baş tutub. Bu səfərlərdən əlavə, iş adamları, nazirliklər səviyyəsində görüşlər olub, mədəniyyət sahəsində bir sıra tədbirlər keçirilib. Bunlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində atılan önəmli addımlardan biridir. Bu ilin ən önəmli hadisəsi isə may ayında Milanda keçiriləcək “Milan Ekspo 2015” Beynəlxalq Sərgisidir. Bildiyiniz kimi orada Azərbaycanın da pavilyonu var. İstərdik ki, Azərbaycan prezidenti sərginin açılışında iştirak etsin. Digər önəmli hadisə iyun ayında baş tutacaq, bu, Bakı 2015 ilk Avropa Oyunlarıdır ki, İtaliya böyük heyətlə mərasimdə iştirak edəcək.  

- Ölkələrimiz arasındakı iqtisadi əlaqələr nə səviyyədədir, hazırkı vəziyyət qane edirmi?

- İki ölkə arasındakı iqtisadi münasibətlərdən çox razıyam. Təbii ki iqtisadi sahədə bir sıra işlər görülməkdədir. Amma ən önəmli işlərdən biri də nəticəsi bu yaxınlarda bəlli olacaq energetika sahəsi üzrə, TAP layihəsi və onun yekunlaşdırılmasıyla, İtaliyaya çatdırılacaq hissənin tikintisiylə bağlıdır. Əlbəttə bununla da Azərbaycan İtaliyanın enerji təhlükəsizliyini təmin edəcək bir ölkəyə çevriləcəkdir. İqtisadi sahədə ikinci məqsədimiz İtaliyanın iqtisadi səviyyədə Azərbaycanda iştirakını artırmaqdır.

2013-cü ilə nisbətən 2014-cü ildə İtaliyanın ölkənizdə fəaliyyəti nisbətən artıbdır. Söhbət İtaliyadan Azərbaycana idxal olunan məhsullardan gedir. Lakin bizim ən önəmli məqsədimiz Azərbaycanda investisiya sahəsi üzrə İtaliya şirkətlərinin rolunu artırmaqdır.  

-  Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətlərinin sayı nə qədərdir və onlar hansı sahələri əhatə edir?

- Təxminən 50-yə yaxın İtaliya şirkəti ölkənizdə fəaliyyət göstərir. Əsasən energetika, tikinti və infrastruktur sahəsində fəaliyyət göstərirlər. Biz sırf energetika sahəsi üzrə kifayətlənmək istəmirik. Digər iqtisadi sahələr, o cümlədən sənaye və investisiya sahələri üzrə də fəaliyyət göstərmək istəyirik.

-  Artıq Transadriatik Boru Kəməri (TAP) ideyası reallığa çevrilib. TAP-ın çəkilməsi İtaliya üçün hansı perspektivlər açır?

- Bildiyiniz kimi 2010-cu ilin 20 sentyabrından etibarən “Cənub dəhlizi”nin tikintisinə başlanılıb. Sözügedən investisiya layihəsinin həyata keçiriliməsi üçün hazırda bütün hökumətlər bunu çətinliklər yaradılmadan başa çatdırılması ilə məşğuldur. Bu layihənin infrasturktur baxımdan tikilməsi və qarşıya çıxa biləcək problemlərin həlli üçün İtaliya hökuməti əlindən gələni edəcək. Çünki bizim üçün bu layihə çox önəmlidir. İtaliyanın enerji təhlükəsizliyini təmin edəcək. Bildiyiniz kimi həm İtaliya, həm də Avropa İttifaqı üçün bu strateji bir layihədir.  

- Rusiyanının “Cənub axını” qaz kəmərinin çəkilişindən imtina etməsindən sonra Avropa İttifaqından alternativ enerji mənbələrinin axtarılması və Azərbaycanla bununla bağlı danışıqların aparılacağı barədə bəyanatlar səsləndi. Necə düşünürsünuz Avropa Birliyi bu istiqamətdə Azərbaycana nələri təklif edə bilər?

- “Cənub axını” ilə bağlı qısa bir məlumat vermək istəyirəm ki, bu, İtaliya və Avropa üçün önəmli bir layihə idi. Lakin bildiyiniz kimi TAP layihəsinin və “Cənub dəhlizi”nin tikintisində heç bir siyasi və digər problemlər yoxdur. Lakin “Cənub axını”nın TAP-dan fərqli olaraq konstruktur layihəsində bir sıra probemlər var idi. Birincisi siyasi, ikinci isə administrativ xarakter daşıyırdı ki, yəni hər hansı bir icazələrin alınması il bağlı problemlər idi...

- Cənab səfir, Avropa İttifaqının enerji ilə təchizatı, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında Bakı çox böyük səy göstərir. Bununla belə, Azərbaycanın bu təşəbbüsləri ölkəmiz üçün müəyyən riskləri gözə almaq deməkdir. Avropa İttifaqı, İttifaqın aparıcı ölkələri bu baxımdan Azərbaycana gərəkən dəstəyi verməyə hazırdırlarmı? Çünki, Azərbaycanda Avropa İttifaqının regional təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət ayırmadığını, mövcud təhdid və çağrışlara adekvat reaksiya verə bilmədiyini tez-tez vurğulayırlar.

- Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çox genişdir. Bu münasibətlər tək energetika sahəsi ilə bağlı deyil. İqtisadi sahədən əlavə Avropa İttifaqı və Azərbaycan arasında siyasi sahədə münasibətlər mövcuddur. Hər ikisinin səyi Avropayla Azərbaycanı yaxınlaşıdrmaqdan ibarətdir. Onlar arasındakı münasibətlərin baş tutub-tutmayacağını zaman göstərəcək. Çünki hazırda bir sıra danışıqlar aparılır. Onu vurğulamaq istəyirəm ki, Avropa İttifaqı regionda təhlükəsizliyin və sülhün qorunmasına böyük önəm verir. Azərbaycanın bu regionda oynadığı stabil roluna İtaliya daxil olmaqla Avropa İttifaqı böyük önəm verir. Bildiyiniz kimi Avropa ölkələri ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq mövcuddur. Bu məsələdə NATO-nu vurğulamaq istəyirəm. Bilirik ki, region mürəkkəb olduğuna görə Azərbaycan da bir sıra risklər daşıyır. Səylərimiz hazırda birinci olaraq regionda vəziyyətin sülh, sabit şəraitində davam etməsidir.



- Ukrayna hadisələri və bu kontekstdə baş verənlər ümumavropa təhlükəsizliyi problemlərini bir daha aktuallaşdırdı. Artıq daha çox insanlar, siyasətçilər aydın dərk edirlər ki, Avropada sabitlik, dinclik və rifah xeyli dərəcədə  qonşu bölgələrdəki vəziyyətdən birbaşa asılıdır. Avropa İttifaqının qonşu bölgələrə daha çox diqqət ayırmasının vacibliyini vurğulayanların nə qədər haqlı olduğunu görürük. İtaliya bu istiqamətdə hansı təşəbbüsləri vacib hesab edir. Siz bir təcrübəli diplomat kimi nə düşünürsünüz?

- Bildiyiniz kimi İtaliyanın Avropa ölkələri arasında çox böyük tarixi rolu var. Eləcə də Avropanın xarici siyasətində də rolu yüksəkdir. Avropa İttifaqı 27 ölkədən təşkil olunub və mürəkkəb bir qurumdur. Buna görə də ölkələr arasında yetkilliklə bir qərar qəbul etmək çətin olur. Amma bildirmək istəyirəm ki Avropada baş verə biləcək dəyişikliklər və ya hansısa irəliləyişlərlə bağlı yeganə qərar verən Avropa İttifaqıdır. Ölkələr arasında düşüncə fərqliliyinin olmasına baxmayaraq, biz dünyada demokratik fikirlər, sabitlik baxımından model bir qurum kimi tanınırıq. Avropa İttifaqı olaraq hazırda Rusiya ilə danışıqlar əldə etməyə çalışırıq və bu halda Rusiyanı sırf partnyor kimi görmək istəyirik. Bu məsələdə çalışırıq ki, bütün ölkələr öz məsuliyyətini yüksək səviyyədə göstərsinlər. Avropa İttifaqı olaraq biz Ukraynanın öz ərazi bütövlüyünü qorumağa haqqı olduğunu düşünürük. Eləcə də düşünürük ki, Ukraynanın bu məsələnin həllində olan gözləntiləri də dialoq şəklində həll olunsun. Buna görə də biz siyasi səviyyədə həll yolundan başqa bir həll yolunu görmürük.

- Amma Avropa İttiqanının özündə də ciddi mövqe fərqlərini müşahidə edirik. Xüsusən iqtisadiyyat, miqrantlara münasibətdə bağlı məsələlərdə. Avropa İttifaqı bu sınaqlardan çıxa biləcəkmi? İtaliya bu məsələlərdə hansı mövqedən çıxış edir?

- Miqrantların problemi ilə bağlı bildirmək istəyirəm ki, İtaliyanın coğrafi cəhətdən yerləşdiyi məkana baxsanız, miqrantların birinci olaraq İtaliyaya pənah apardığı ölkə olduğunu görəcəksiniz. Buna görə də çalışırıq ki, bu məsələyə yüksək həssaslıqla yanaşaq və bunun həll yolunu tapaq. Lakin belə bir dramatik problemin həll olunmasında Avropa İttifaqının üzv ölkələrinin bir-biri ilə əməkdaşlıq etmələri çox önəmlidir. Çalışırıq ki bu miqrantların İtaliyaya gəlişində qonaqpərvərliyimizi və həmrəyliyimizi göstərək. Lakin istəyirik ki, miqrantlar da nəzərdə tutulmuş qayda-qanunlara riayət etsin.

- Cənab səfir, Azərbaycanın bütün səylərinə baxmayaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyiş əldə olunmur. Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq vasitəçilərin də səylərini nəticəsiz qoyur. Azərbaycanda hesab edirlər ki, Ermənistana kifayət qədər təzyiq göstərilmir. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altında qalır. Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi İtaliyanın mövqeyi necədir? Cənubi Qafqazda  hərbi münaqişənin başlaması bütün qitə təhlükəsizliyi üçün təhlükə yaradır. Avropa İttifaqında bu məqamları nəzərə alırlarmı?

- Dağlıq Qarabağla bağlı demək istəyirəm ki, Azərbaycanın bu problemi ilə yaxından tanışıq. Bu məsələdə danışıqlar və sülhün tərəfdarıyıq. Bildiyimiz kimi, ATƏT-in Minsk qrupu bu işlə məşğul olur. İl yarımdır Azərbaycanda çalışıram və fikrimcə status-kvo saxlanılmamalıdır. Buna görə də Azərbaycanın bu məsələdəki həssaslığını və onun qərarlarını başa düşürəm. Ümid edirəm ki, problem tezliklə sülh yoluyla həll olunacaq.

- Yuxarıda qeyd etdiyim kimi, fikrimizcə, Ermənistana kifayət qədər təzyiq göstərilmir...

- Bayaq dedim bu məsələnin həlliylə ATƏT-in Minsk Qrupu məşğul olur. Avropa İttifaqı bu məsələylə bağlı birbaşa məşğul olmur. Düşünürəm ki, ölkələr tərəfindən bu məsələnin həlli ilə bağlı təzyiq edilməsi ilə bağlı müraciət olunarsa, Avropa İttifaqı bu məsələyə qarışa bilər. Lakin məsələnin həllinin Minsk Qrupuna məxsus olduğunu nəzərə alaraq, biz Avropa İttifaqı olaraq qarışa bilmirik. 

-  Avropanın digər ölkələrinə səfər edən azərbaycanlılar çox zaman viza problemi ilə üzləşir. Sizdə necədir? Azərbaycandan ölkənizə səfər etməklə bağlı viza prosedur qaydalarını sadələşdirmək üçün nə kimi şərait yaradırsınız?

- Şengen ərazisi olan Avropa ölkələrindən biri olaraq, azərbaycanlıların Avropaya interqrasiyasını dəstəkləyirik. Təbii ki, bu, qarşılıqlı şəkildə nəzərdə tutulmalıdır. Turizm, biznes, mədəniyyətlə bağlı nəzərdə tutulan bu səfərlərin asanlaşdırmağın tərəfdarıyıq. Azərbaycan vətəndaşlarının Avropaya səfər etmək üçün viza problemi olmadığını düşünürəm. 2014-cü ilin iyun ayından etibarən səfirlik olaraq viza məsələləri ilə məşğul olmaq üçün əlavə bir outsorsinq  şirkətilə razılaşmışıq. Bu şirkətin hesabına bizim bu günki viza xidmətlərimiz çox yüksək səviyyədədir, sürətlidir.  Fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarını 2015-ci ilin may ayında Milanda keçiriləcək “Milan Ekspo 2015” Beynəlxalq Sərgisi ilə tanışlığa dəvət edirəm. Milan İtaliyanın çox önəmli şəhəri, İtaliyanın ürəyidir. Bundan da əlavə, ölkəmizin digər görməli yerləri var ki, sərgi çərçivəsində tanış ola bilərlər. Məlumat üçün onu da deyim ki, 2014-cü ildə İtaliya səfirliyi olaraq Azərbaycan üçün 10 min viza vermişik. Viza verilməsi ilə bağlı prosedurlar və Visametrik autsorsinq şirkətinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün sizi həmin şirkətə dəvət etməkdən məmnunluq duyuram.

-  Azərbaycanlılarla italiyanları çox bənzədirlər. Hətta bir vaxtlar Bakını Neapolla müqayisə edirdilər. Artıq uzun müddətdir ki, Azərbaycandasınız. Sizin hansı müşahidələriniz var?

- Azərbaycanla İtalyanın oxşarlıqları çoxdur, çünki hər ikisi də qədim ölkələrdir. Hər ikisi də mədəniyyətlərin sırf inkişaf etdiyi tarixi məkanlarda yerləşir. Azərbaycan Qafqaz regionun önəmli ölkələrindən biridir, İtaliya isə Aralıq dənizinin. Əlbəttə, bu coğrafi mövqeyi nəzərə alaraq keçmişdə hər iki ölkədə müxtəlif mədəniyyətlər açıq olmuşdur. Lakin bununla belə, öz mədəniyyətini qoruyub saxlaya, möhkəmlədə bilib. Azərbaycanla İtaliya arasında yaşayış tərzlərində, onların ailələrinə bağlı, dostcanlı, həssas, temperamentli olmaları ilə bağlı oxşarlıqlar mövcuddur.

- Bunlar sizin müşahidlərinizdir, yoxsa eşitdiklərinizdir?

- Bunlar mənim öz müşahidlərimdir. Bildiyiniz kimi, mən Neapolda doğulmuşam. Düşünürəm ki, ailədaxili oxşarlıqlarınız İtaliya ilə oxşardır.

- İtaliya prezidenti Corcio Napolitano bu günlərdə istefa verdi. Fikrinizcə, onu əvəz edə biləcək real namizəd varmı?

- Onun ikinci dəfə seçilməsinə səbəb həmin dövrdə İtaliyadakı siyasi vəziyyət idi. Buna görə də həmin dövrdə İtaliyanın müdrük, təcrübəli bir şəxs tərəfindən idarə olunmasına ehtiyac vardı. Bu da cənab Napolitano idi.

 - O zamandan bu yana nə dəyişdi?

- Dəyişən o oldu ki, ambisiyalı, işləməkdə maraqlı olan yeni, gənc baş nazirin həm İtaliyada, həm də Avropa İttifaqındakı islahatlarıdı. Cənab Napolitanonun istefa verməsinə səbəblərdən biri onun yaşı ilə, digər səbəb isə artıq hökumətin pozitiv yol aldığını görməsi ilə əlaqədar ola bilər. Onun yerinə namizədlər çoxdur, qərarı isə İtaliya parlamenti verəcək. Ümid edirəm ki seçiləcək növbəti prezident keçmiş prezidentimiz kimi müdrik, təcrübəli şəxs olacaq.  



Laçın SƏMLA

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu