Aqil Camal: “Bu sərəncamla Azərbaycan dövlətinin böyük sərkərdəyə rəsmi münasibəti ortaya qoyulub”
“Babəklə bağlı Azərbaycan cəmiyyətində diskussiyaların davam etdiyi bir vaxtda, böyük sərkərdənin xatirəsinin əbədiləşdirilməsi haqqında prezident sərəncamını xatırlamaq olduqca vacidbir”.
“Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Modern.az saytına bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 sentyabr 2011-ci ildə imzaladığı sərəncam dövlətin Babək kimliyinə münasibətinin rəsmi göstəricisidir.
Sözügedən prezident sərəncamında deyilir: “Xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram: Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın”.
A.Camalın sözlərinə görə Azərbaycanda kimin, hansı siyasi görüşün hakimiyyətdə olmasına baxmayaraq Babəkə münasibət dəyişməz olub: “Babək, tək Azərbaycan tarixinin deyil, həmçinin, Azərbaycan ədəbiyyatının, musiqisinin bir parçasıdır. Azərbaycanda iki rayonda - Naxçıvanda Babək rayonunda və Xaçmaz şəhərində Babəkin heykəli var. Bakı şəhərində Babəkə abidə ucaldılması haqqında məlum prezident sərəncamı isə Azərbaycan dövlətinin Babəki hansı mərtəbədə qəbul etməsinin açıq nümunəsidir. Prezident sərəncamında Babək "Böyük Azərbaycan sərkərdəsi" adlandırlır. Bu, dövlətin Babəkə rəsmi münasibətidir. Bu gün Babəkin milli mənsubiyyətinə, mübarizəsinə şübhə ilə yanaşanlar Azərbaycan dövlətinin böyük sərkərdəyə münasibətini nəzərə almalıdırlar”.
Qeyd edək ki, hələ ki, abidənin hazırlanmasından və harada qoyulacağından bir xəbər yoxdur. Abidə paytaxtın Babək prospektində qoyulmalıdır.
Abidəni hazırlayan heykəltəraş Arif Qazıyev ötən ilin sonunda bildirmişdi ki, abidənin maketi hazırdır. Babək abidəsi Koroğlunun paytaxtdakı heykəlindən 2 metr yarım hündürdür: özü 12 metr yarımdır, postamenti isə 9 metrdir. Maliyyə işi Dövlət Neft Şirkətinə tapşırılıb. İndi qalır bu əzəmətli abidəni qısa zamanda paytaxtda öz yerində ucaltmaq...
Modern.az