Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) avqust ayında Beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Modern.az xəbər verir ki, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistan səfərindən danışıb. M.Əhmədoğlu deyib ki, Ermənistandakı Rusiya hərbi bazalarının müddətinin uzadılması ilə bu ölkə faktiki olaraq müstəqilliyni itirib.
Politoloq bildirib ki, Ermənistandakı Rusiya hərbi bazalarının müddətinin uzadılması heç bir əhəmiyyət kəsb etmir: “Rusiya rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün tanıdıqlarını növbəti dəfə bəyan etdilər. Ruslar ermənilərə açıq şəkildə deyirlər ki, biz sizi azərbaycanlılardan qorumayacağıq. Əslində Ermənistanda Rusiyanın hərbi bazasının olması görüntü məqsədi daşıyır. 2008-ci ilin avqustunda Gürcüstan hadisələri baş verəndə Rusiya bu ölkədəki hərbi kontengentin imkanlarından istifadə etmədi. Ermənistanda Rusiya hərbi bazalarının olması Azərbaycanı və Gürcüstanı təhdid etmək məqsədi daşıyır”.
SİTM sədri son vaxtlar Qafqazda cərəyan edən prosessləri də təhlil edib. M.Əhmədoğlu deyib ki, əgər Rusiya Qafqazda sabitlik yaratmaq istəyirsə, mütləq ənənəvi siyasi kursdan imtina etməlidir: “Rusiyada ictimai şüur kulturoloji və ya siyasi terminlər üzərində deyil, hərbi terminlər üzərində qurulub. Bunun nəticəsidir ki, Rusiya 20 il ərzində Qafqazda sabitlik yarada bilməyib. Rusiya Qafqaz xalqlarınf onların daha yaxşı bacardığı oyunu oynamağı təklif edir. Təbii ki, qafqazlılar bu oyunda Rusiyanı udacaqlar. Rusiya qafqazlılara məğlub olmağa məhkum olunduğu oyunu təklif edib. Rusiyanın bu addımı onun konfliktə meylli olduğunu göstərir. Rusiyanın Qafqazda əsas müttəfiqi olan Ermənistanın da konfliktə meylli olması nəticəsində regionda kifayət qədər tünd mənzərə yaranıb. Rusiyanın nüfuzlu ekspertləri hesab edirlər ki, terrorçuların məqsədi dövlətçiliyin əsaslarını sarsıtmaqdır”.
M.Əhmədoğlunun fikrincə, Rusiya Qafqazada güc tətbiq etməməlidir. Politoloq deyib ki, Qafqaza sülhün gəlməsi Rusiya ilə yanaşı, regionun digər dövlətlərinin də marağına uyğundur: “Qafqaza sülhü Azərbaycan Prezidenti İlham Əliyevin adı gətirə bilər. Heydər Əliyev Fondunun fəaliyyəti Qafqazın bugünkü mənzərəsini dəyişə bilər. Ötən əsrin 90 illərində Rusiya ilə münasibətlər qurulanda Azərbaycanda birinci xanım yox idi. Amma bu gün Azərbaycanın birinci xanımı dünya miqyasında tanınır. Rusiya və Azərbaycanın birinci ledilərinin birgə fəaliyyəti regionda sülhün, əmin-amanlığın əsasını qoya bilər. Bu gün Heydər Əliyev Fondunun səsi Afrikadan gəlir. Heydər Əliyev Fondu Dağıstanda niyə məktəb tikməməlidir? Qafqazda bu cür fəaliyyətə çox böyük ehtiyac var. Rusiya azərbaycanlı iş adamlarının Qafqaza investisiya qoymasına çalışmalıdır. Azərbaycanın iqtisadi potensialı buna imkan verir”.
Modern.az