Modern.az

Ermənilərə niyə tutarlı cavab verə bilmirik? - Məmurlara ÇAĞIRIŞ: “Dəstək olun, ermənini oturdaq yerində”

Ermənilərə niyə tutarlı cavab verə bilmirik? - Məmurlara ÇAĞIRIŞ: “Dəstək olun, ermənini oturdaq yerində”

Qarabağ

17 Fevral 2015, 14:37


Ötən gün ABŞ Konqresində 1988-1990-cı illərin Bakı, Kirovabad (indiki Gəncə) və Sumqayıt hadisələri - ermənilərə qarşı baş vermiş kütləvi hücumlara dair dinləmələr keçirilib. Erməni Milli Konqresinin təşkil etdiyi dinləmələrdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan Bakı erməniləri, Ermənistan və Dağlıq Qarabağdakı  separatçı rejimin nümayəndələri, amerikalı konqresmenlər iştirak ediblər. Dinləmələrin adı “Dağlıq Qarabağ – antierməni iğtişaşlarından sonra böyüyən nəsil. Demokaratiya və sülüh inkişaf etdirmək” adlanır.
Dinləmələrin spikeri əslən Bakı ermənisi olan və “Heç yerə. Qovulmanın tarixçəsi” adlanan xatirə kitabının müəllifi Anna Astvaçaturyan-Treskott idi. O “zərərçəkmiş” qismində danışıb, bildirib ki, həmin hadisələr baş verən vaxt 11 yaşı olub. ABŞ-ın müxtəlif ştatlatından dinləmələrə gəlmiş Bakı erməniləri Vitali Dadalyan, Marat Xudabaxşiyev və Yuri Papyan çıxış ediblər. Dinləmələr dünyada diqqəti özünə çəkə bilib.

Bəs ermənilər bu kimi qondarma “faciələr”lə dünya ictimaiyətinin diqqətini çəkə bilərkən, biz hansı səbəbdən əlimizdə olan gerçək faktları dünyaya hayqıra bilmirik?

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında qeyd edib ki, ermənilərin bu canfəşanlığı qarşıdan gələn Xocalı soyqırımının ildönümünü önləməyə yönəlib: “Ermənilərin ABŞ Konqresindəki dinləmələrdə qaldırdığı məsələ onların növbəti profilaktik addımlarıdır. Əslində onların bu hərəkəti Xocalı faciəsinin soyqırımı kimi qəbul olunmasına mane olmaqdan başqa bir şey deyil.

O ki qaldı Ermənistanda baş verən hadisələrə-1988-1989-cu illərdə azərbaycanlıların başına gətirlmiş müsibətlərə, insanların qətlə yetirilməsi, döyülməsi, təhqir olunması və nəhayət 250 mindən çox insanın deportasiya olunmasına, Azərbaycan dövləti və diaspor təşkilatları bu məsələni daimi olaraq işıqlandırırlar. Və heç vaxt gündəmindən çıxmır. Biz həmçinin bunun Qarabağ problemi kontekstindən çıxarılmasının da tərəfdarı deyilik”.

Deputat haqq səsimizi eşitdirməyə mane olan ikili standarlara diqqət çəkib:”Bütövlükdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, bu iddiaların nəticəsində baş verən etnik təmizləmə, soyqırımı əməliyyatları kompleks şəklində diaspor təşkilatları, diplomatlar, millət vəkilləri tərəfindən daim gündəmdə saxlanılır, müxtəlif ölkələrin parlament, hökümət, ictimaiyyəti səviyyəsində qaldırılır. Amma neyləmək olar ki, dünyada ikili standatlar, haqdan, ədalətdən daha yüksəkdə dayanan maraqlar var.

Təəssüf ki, böyük dövlətlərin belə maraqları həqiqətlərin eşidilməsinə mane olur. Hər şeydən uca olan haqdır, biz bu işləri görürük. Ermənilər Xocalı ilə bağlı qabaqdangəlmişlik edir. Çünki, bu il ermənilərin “soyqırımı”larının “100 illiy”i olacaq. Ermənilərin fəallığı sırf  bunlarla bağlıdır. Gec-tez dünya həqiqətləri görməyə məcbur olacaq. Fakt odur ki, bu gün işğal olunan Azərbaycan torpaqlarıdır, dağıntılara məruz qalan Azərbaycan şəhər və kəndləridir, 1 milyon qaçqın-köçkün bizim vətəndaşımızdır. Dünya ölkələrinin istər rəsmi, istərsə də qeyri-rəsmi nümayəndələri Azərbaycana gələrkən Şəhidlər xiyabanına getmirmi, görmürlərmi?”.

Musa Quliyev qeyd edib ki, ABŞ Konqresindəki dinləmələrdə çıxış edən ermənilərin hamısı orda yaşayanlardı: “Hərənin bir mübarizə forması var. “Onlar nə edibsə biz də onu etməliyik” deyə bir şey yoxdur. Biz öz sözümüzü prezident səviyyəsində demişik. İstənilən tribunada ölkə başçısı İlham Əliyev bildirir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bununla bağlı isə beynəlxalq səviyyədə heç bir təkzib yoxdursa, demək qəbul olunur. Amma bütün bunlar bizim torpaqlarımızın azad olunmasını şərtləndirmir. Dünyada o qədər kar qulaqlar var ki, eşitmək istəmirlər. Zorla isə heç nə edə bilmərik. Problem bundadır. Azərbaycan bir gün də olsun öz mübarizəsindən əl çəkmir”.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az-a   təəssüflə bildirib ki, biz hər dəfə erməni tərəfin müəyyən bir addımından sonra ona qarşı hərəkət etmək barədə düşünürük:

“Bu, ondan irəli gəlir ki, biz hələ də ermənini yaxşı öyrənmirik, onun təkcə bu gün yox, həm də sabah atacağı addımı proqnozlaşdırmırıq. Bəli, bu addım erməni tərəfin növbəti avantürist, ermənisayağı addımıdır. Bir müddət əvvəl 20 Yanvar şəhidlərininin şəkilləri “ermənilərin qətliamı” kimi dünya mediasında yer aldı. Mən inanıram ki, sabah biz daha qeyri-adi sürprizlərin şahidi olacağıq.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bu məsələdə müdafiə taktikasından hücum taktikasına keçməliyik. Lakin hücum atəşkəsin bu və ya digər təmas xəttində vaxtaşırı pozulması kimi olmamalıdır, erməniyə qarşı ideoloji mübarizəni frontal şəkildə, bütün sahələr, bütün üsullar və bütün mümkün vasitələrlə aparmaq lazımdır. Erməninin bütün ideoloji atəş nöqtələri həmişəlik susdurulmalıdır. Bunun üçün Azərbaycanın kifayət qədər maddi və intellektual imkanları var”.

Cəmiyyət sədri faktiki vəziyyəti də dəyərləndirib: “Götürək elə Azərbaycan Qaçqınlar Cəmiyyətini, 1988-1989 və 1991-ci (Nüvədi hadisələri) illərdə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində törədilmiş cinayətlərlə bağlı bizim əlimizdə kifayət qədər materiallar var, o hadisələrin canlı şahidləri var, sənədlər, fotolar, ərizələr, istintaq materialları, hadisələrin maddi sübutu olan başqa materiallar var. Azərbaycan Qaçqınlar Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildə qaçqınlıq tarixi ilə bağlı Arxiv yaradıb, Deportasiya və Soyqırımı Muzeyi yaradıb, Araşdırma Mərkəzi yaradıb. Amma əvəzində noldu? 4 aydır Cəmiyyətin işığını kəsiblər, soruşursan niyə, deyir 10 il əvvəl sizə borc hesablamışıq.

İndi otur işlə görüm necə işləyirsən?! Nərimanov İşıq İdarəsini ha inandır ki, siz 5-10 manatın arxasınca qaçırsınız, amma erməninin ideoloji mübarizədə bizə vurduğu ziyan milyardlarla ölçülür. Mənim ortaya qoyduğum bir sənədin qiymətini bütün Nərimanov rayonunun İşıq İdarəsi bir il ərzində topladığı işıqpulu ilə ödəyə bilməz. Amma bəzi məmurlara bunu başa salmaq olurmu?

Özü də ilin-günün bu vaxtında, erməni lobbisi qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində milyardlar xərclədiyi bir vaxtda Azərbaycan Qaçqınlar Cəmiyyətinin işinə əngəl yaratmaq ilk növbədə milli xəyanətdir. Mən yenə üzümü tuturam bütün əlaqədar təşkilatlara, bizdə erməni cinayətləri ilə bağlı hər şey var, dəstək olun, ermənini oturdaq yerində”.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu