Məlum olduğu kimi, "Qarabağ" ev oyunlarını Ağdamın Quzanlı Olimpiya Kompleksinin stadionunda keçirməkdən imtina edib. Klub rəhbərliyi bunu idman qurğusunun ot örtüyünün durumunun bərbad vəziyyətdə olmasıyla əlaqələndirib.
"Quzanlı" stadionun direktoru Vaqif Balakişiyev Supersport.az-a açıqlama verib. Direktor bu məsələdə "Qarabağ" rəsmilərini günahkar hesab edib:
"Gördüyünüz kimi, meydançanın durumu ötən mövsümkü kimidir. Ot örtüyünü yüksək səviyyəyə gətirmək üçün meşədən torpaq gətirilməli və yeni toxumlar səpilməlidir. Buna görə böyük vəsait tələb olunur - 40-50 min manat. "Qarabağ"ın rəhbərliyi meydançanın normal vəziyyətə gətiriləcəyinə və oturacaqların sayının 2000 mindən 3000-ə çatdırılacağına söz vermişdi. Təəssüf ki, bunlara əməl olunmadı və stadiondan imtina olundu. Klub rəhbərliyi bununla Qarabağı futbolsuz qoydu. Yeni komanda yaradılır. Axı, 60-70 uşaq nə etməlidir?
Bundan başqa, buradakı çalışanlar və digər işlərə görə illik 60 min manat lazımdır. "Qarabağ" ötən mövsüm 25 min verirdi. Təbii ki, bu məbləğ çatmırdı. Bəs, qalan pulu haradan tapmalı idik?"
"Qarabağ" rəhbərliyini kəskin tənqid edən direktor, Ağdamın hazırkı icra başçısı Nizami Sadıqovun qınanmasını əsassız sayır:
"Bəzən "Qarabağ"ın rəhbərliyi elə hərəkət edirdi ki, məəttəl qalırdıq. Klub direktoru Əmrah Çəlikəl bura gələndə salam belə vermirdi. Hətta komanda tərəfindən bizə verilən ötbiçən maşın və digər ləvazimatlar da buradan aparıldı. Bunlara nə ad vermək olar?! Bu azmış kimi klub rəhbərliyi Ağdamın icra başçısını onlara qarşı soyuq münasibət göstərməkdə ittiham edir. Bu şəxsin komandaya böyük sevgisi var, hər zaman köməyini əsirgəməyib. Başa düşə bilmirəm ki, icra başçısı onlar üçün daha nə etməlidir?! Bir məqamı da yaddan çıxarmaq olmaz ki, Nizami müəllim 10 minlərlə insanın problemləri ilə məşğuldur. "Qarabağ"ın rəhbərliyi deyir ki, bütün ağdamlılar bizi çiyinlərində gəzdirsin. Ötən il bizə 9 min manat pul vermişdilər. Gedib təzə stol, stul, xalçalar aldım ki, heç bir problem olmasın. Bildiyimə görə, Tahir Gözəl yaxşı insandır. Ötən il komandanın Ağdama qayıtması üçün əlindən gələni etdi. "Qarabağ"ın bura gəlməsini əngəlləyən Əmrah Çəlikəldir. Ötən il burdakı son oyundan sonra gecəylə gizli olaraq "Kamaz"ı stadiona sürüb qapıların torundan belə yığışdırıb apardılar. Soruşanda da dedilər ki, Əmrah bəy belə tapşırıq verib".
Stadion rəhbəri, klub rəsmilərindən suallarına cavab istəyib:
"Deyirlər yol uzaqdır gəlib gedə bilmirik. Onda adama deyərlər bəs, "Xəzər Lənkəran", "Simurq" və başqa komandalar necə gedib gəlir?! İstəyirəm ki, "Qarabağ"ın rəhbərliyi suallarıma cavab versin".