Keçən həftə İrəvan Dövlət Universitetinin tələbə şurası ATƏT-in sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevə, ATƏT-in katibi Marc Perrin de Brichambautə və ATƏT-in İrəvan ofisinə Qarabağ münaqişəsi ilə bağlı etiraz məktubu ünvanlayıb. Məktubda Azərbaycanın təcavüzkar siyasət yeritdiyi və regional təhlükəsizliyinə maneə törətdiyi qeyd edilib.
Həmçinin, İrəvan Dövlət Universitetinin tələbə şurasının prezidenti Tsolak Hakobyan qeyd edib ki, “Biz tələbələr sülhü dəstəkləyirik, amma lazım gələrsə düşmənimizə qarşı adekvat cavab verəciyik”.
Bütün bunları nəzərə alan və ermənilərin əvvəlcədən hadisələri qabaqlayaraq qorxaq bəyanatlar verən tələbə təşkilatlarına Azərbaycan Tələbələr Birliyi (ATB) bu gün etiraz bəyanatı hazırlayıb.
Modern.az-ın məlumatına gprə, ATB-nin bəyanatda ermənilərin yaydıqları yalan məlumatlara etiraz bildirilib və bunun qarşısının alınması istənilib.
Bəyanat beynəlxalq təşkilatlara, səfirliklərə, ATƏT-in Bakı ofisinə göndəriləcək. Həmçinin, Bəyanatın İrəvan Dövlət Universitetinin tələbə şurasına, Ermənistandakı aktiv tələbə və gənclər təşkilatlarına göndərilməsi planlaşdırılır.
Gələcəkdə belə hallara yol verilməməsi üçün diaspor fəaliyyəti işində əlindən gələni edən Azərbaycan Tələbələr Birliyi aktiv tələbələrin belə məsələlərdə səylərini birləşdirməsini də arzu edib.
Bəyanatın mətnini olduğu kimi təıqdim edirik:
"Uzun bir dövrü əhatə edən Azərbaycan tarixində ölkəmizin əsas münaqişələri qonşularımız ermənilərlərlə olmuşdur. İllər boyu davam edən münaqişələr və müharibələr ölkəmizin mədəniyyətinə, təhsilinə, iqtisadiyyatına, ümumilikdə, sosial-iqtisadi inkişafına böyük zərər vurmuşdur. Mütəxəssislər tərəfindən hesablamalara görə 1994-cü ildə imzalanan atəşkəsə qədər davam edən Qarabağ müharibəsi Azərbaycan təhsilinə, mədəniyyətinə və iqtisadiyyatına milyard dollarlarla ziyan vurmuşdur. Bunun izləri hələ də davam etməkdədir.
1994-cü ildən sonra sülh və əmin-amanlığı qorumaq məqsədilə Azərbaycan dövlətinin üstün tutduğu sülh danışıqları artıq 16 ildir ki, davam etməkdədir. Bu illər ərzində müəyyən irəliləyişlər hiss edilsə də hər hansı konkret nəticə əldə edilməmişdir. Bunun əsas səbəbkarı da dünya ictimaiyyətinə yalnış məlumat verməklə, sülh prosesini ləngitməklə nəticənin əldə edilməsinin qarşısını alan Ermənistan dövlətidir.
Dünya ictimaiyyətinə yanlış məlumat verməkdə, danışıqlar prosesinin daha da uzun müddət davam etməsində, 2 ölkə arasındakı müxtəlif məsələlərin həllində konservativ mövqe tutaraq hadisələri qızışdırmaqda və s. məsələlərdə erməni tələbələrin rolu danılmazdır. Halbuki, bütün dünyada və Avropada sülhün təminatçısı hesab edilən tələbələr sülh prosesinə öz töhfələrini verməlidirlər. Amma, davam edən bu müddətdə azərbaycanlı tələbələri tərəfindən göstərilən səylərin erməni tələbələri tərəfindən hiss edilməməsi bizi çox narahat edir. Sülh prosesinə heç bir töhfənin verilməməsi ilə yanaşı yalan məlumatlarla beynəlxalq mediada çıxış etmək tələbələrin sülh quruculuğundakı mövqelərinə uyğun gəlmir.
Erməni tələbələrin Azərbaycanı işğalçı ölkə adlandırmaları, cəbhə xəttində olan münaqişələrin azərbaycanlı əsgərlər tərəfindən başladılmasını iddia etmələri, Azərbaycan hökumətinin neftdən gələn gəlirlərlə öz iqtisadiyyatını və ordusunu gücləndirməsinin regiondakı sülhə maneə olacağını demələri heç bir əsasa söykənmir. Belə ki, ATƏT-in xüsusi nümayəndələri tərəfindən cəbhə xəttində keçirilən bir neçə monitorinqdə erməni əsgərlər tərəfindən atəşkəsin pozulması, hər bir ölkənin öz ordusunu gücləndirmək hüququna malik olması və BMT-nin, digər təşkilatların Qarabağı Azərbaycanın ərazi hissəsi kimi tanıması danılmaz faktdır. Erməni tələbələr tərəfindən edilən çıxışlar, verilən bəyanatlar heç bir əsasa malik deyil və bütün bunlar dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır.
Biz Azərbaycan Tələbələr Birliyinin üzvləri adından, ümumilikdə, azərbaycanlı tələbələr adından erməni tələbələri sülh quruculuğuna töhfə verməyə, dünya ictimaiyyətinə yalan məlumat ötürməməyə, beynəlxalq təşkilatların işinə hər hansı şəkildə müdaxilə etməməyə, müxtəlif beynəlxalq və regional tədbirlərdə digər ölkələrdən olan tələbələrə tarixi baxımdan düzgün və dolğun faktlar göstərməyə, yaşadığımız regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səyləri əsirgəməməyə çağırırıq".
Modern.az