Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının startına cəmi bir ay vaxt qalıb.
İyunun 12-də Bakı Olimpiya Stadionunda həmin möhtəşəm tədbirin açılış və bağlanış mərasimlərini izləmək təbii ki, hər bir azərbaycanlının arzusudur. Artıq indidən bir çoxları bu şouya bilet alıb.
AzNews.az Azərbaycanın bir neçə tanınmış media rəhbərinə müraciət edərək yarışları stadionlarda izləyib-izləməyəcəkləri ilə maraqlanıb.
APA Holding MMC-nin prezidenti Vüsalə Mahirqızı və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini stadionda izləyəcəklərini deyib.
“Qafqazinfo” xəbər saytının baş redaktoru Elbrus Ərud isə bağlanış mərasiminə 3 bilet aldığını qeyd edib.
“Yeni Musavat”ın redaktoru Xalid Kazımlı isə I Avropa Oyunlarını stadionda izləməyəcəyini bildirib.
“Modern.az” İnformasiya Agentliyinin baş redaktoru Elşad Eyvazlı I Avropa Oyunlarını övladları ilə birgə stadionda izləyəcəyini vurğulayıb. Onun fikrincə, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək I Avropa Oyunlarının açılış mərasimini izləmək tarixi bir hadisəyə şahidlik etmək deməkdir: “Əminəm ki, bu yarış çox uzun zaman idman aləmində yaxşı mənada müzakirə olunacaq. Bəri başdan idmançılarımıza böyük qələbələr arzulayıram. Bizim qələbələrə böyük ehtiyacımız var”.
“Gündəlik teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarını stadionda izləyəcəyini bildirib.
“Azərfaks” xəbər portalının baş redaktoru Nicat Dağlar deyib ki, bu həyəcanı tam mənasında yaşamaq üçün I Avropa Oyunlarının açılış mərasimini stadionda izləyəcək: “İnanıram ki, Bakıdakı açılış mərasimi başqa ölkələrdə indiyədək keçirilən analoji tədbirləri geridə qoyacaq və tamaşaçılara çoxsaylı sürprizlər bəxş edəcək”.
“Qazilər” xəbər portalının baş redaktoru Rey Kərimoğlu isə I Avropa Oyunlarını televiziya ekranlarından izləyəcəyini gizlətməyib: “Mən, ümumiyyətlə, son illər çoxlu insan kütləsi olan yerlərə, tədbirlərə getmirəm, çünki səhhətim buna imkan vermir. Amma çalışacam ki, TV-lərdən izləyim”.