Modern.az

“Tanıyaq, Tanıdaq”ın təqdimatı oub

“Tanıyaq, Tanıdaq”ın  təqdimatı oub

29 Sentyabr 2010, 15:38


Bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində Gənclər üçün Təhsil Mərkəzinin yenicə icra etməyə başladığı “Tanıyaq, Tanıdaq” proqramının təqdimat mərasimi keçirilib.

Mərasimdə mərkəz direktorunun müavinləri Elnur Axundov və Günay Sadıxova bildiriblər ki, 2 il müddətində icra olunması planlaşdırılmış proqramın əsas məqsədi ölkəmizin mədəni irsinin, o cümlədən tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, milli adət və ənənələrinin, milli mətbəxinin, milli kinolarının, xalq yaradıcılığının, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılmasıdır.

Qeyd edildi ki, proqramın əsas hədəfləri Azərbaycanın mədəniyyətini və incəsənətini sevən, ona yaxından bələd olan və qorumağa çalışan gənclər ordusunun sıralarının genişlənməsi, mədəniyyət və incəsənət sahəsində oxumaq və çalışmaq istəyən gənclərin sayının təbii artımı, mədəniyyət və incəsənətimizə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, ölkəmizdə olan əcnəbilərin Azərbaycanımız haqqında dolğun məlumat və yüksək fikirlərlə ölkəmizdən ayrılmasıdır.

Daha sonra mərasim iştirakçılarına proqramın tam detalları təqdim olunub. Bildirilib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün proqramın icrası müddətində muzey və teatr həftəliklərinin keçirilməsi, xarici ölkə universitetlərində Azərbaycan mədəniyyət dərnəklərinin qurulması, orta məktəblərdə mədəniyyət klublarının formalaşdırılması, xarici mətbuat üçün yazıların hazırlanması, Azərbaycan muzeylərinin və mədəniyyət mərkəzlərinin virtual bazasının formalaşdırılması, milli kino həftəliklərinin keçirilməsi, musiqi və xalq yaradıcılığı gecələrinin təşkil olunması, milli bayramların əcnəbilərlə birgə qeyd olunması, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, müsabiqələrin təşkili, gənclər düşərgələrinin və ekskursiyaların təşkili, internet saytların yaradılması, sərgi və festivalların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, proqramın əsas hədəf qrupları isə yuxarı sinif şagirdləri, tələbələr, region gəncləri, gənclər təşkilatları, dövlət qurumlarında və özəl müəssisələrdə çalışan gənclər, Azərbaycanda təhsil alan və işləyən əcnəbi gənclər, xarici ölkələrin təhsil müəssisələrinin kollektivləri və xarici ölkələrin mətbu orqanlarıdır.

Təqdimat mərasimində çıxış edən millət vəkilləri Fəttah Heydərov, Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Prezident Administrasiyasının məsul işçisi Vüqar Səlimov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova proqramın əhəmiyyətini yüksək qiymətləndirərək, Gənclər üçün Təhsil Mərkəzinin böyük və şərəfli bir missiyası öz üzərinə götürdüyünü qeyd ediblər. Bildiriblər ki, onlar bu proqramın inkişaf etdirilməsi üçün hər bir formada kömək etməyə hazırdırlar.

Sonda Mərkəzin mədəniyyət bölməsinin üzvlərinin ifasında canlı xalq mahnısı səsləndirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama