Anar BAYRAMOĞLU
MHP CHP-dən daha çox səs toplayacaq
Üç gündən sonra Türkiyə sandıq başına gedir. Qardaş ölkə növbəti dəfə 550 millət vəkilindən ibarət Böyük Millət Məclisini formalaşdıracaq. Hər zaman olduğu kimi, bu seçkilərdə də əsas mübarizə 4 partiya arasında gedir. Türkiyədə seçkiləri hakim Ədalət və İnkişaf Partiyasımı qazanacaq, cümhuriyyətçilərin CHP-simi, millətçilərin MHP-simi?! Bunu indidən söyləmək çətindir. Əvvəlki illərdə eks-baş nazirin, indiki prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP favorit göstərilsə də, bu seçimlərdə vəziyyət bir qədər fərqlidir. Faktiki olaraq hakim partiyaya əhalinin dəstəyi azalıb. Bunun da bir sıra səbəbləri var. Birinci səbəb Türkiyə cəmiyyətinin unutqan olmaması, verilən vədlərin yerinə yetirilməsini gözləməsidir. Əgər vədlər yerinə yetirilməyibsə, insanlar əvvəl səs verdiyi partiyadan növbəti dəfə üz döndərir.
Türkiyədə səfərdə olarkən müşahidə etdim ki, insanlar hakim partiyadan, bu təşkilatın xətti ilə seçilən millət vəkillərindən narazıdırlar. Ötən seçkilərdə, mandat alan deputatlar, vədləri yerinə yetirməyiblər. İkinci məqam AKP-nin lideri funksiyasını hazırda Ərdoğanın deyil, baş nazir Əhməd Davudoğlunun yerinə yetirməsidir. Davudoğlu isə nüfuz baxımından da, liderlik keyfiyyətləri baxımından da, natiqlik, insanları inandırmaq baxımından da Ərdoğandan geri qalır. Üçüncü məqam isə AKP-nin qurucularından olan, partiyanın nüfuzlu şəxslərindən birinin, keçmiş prezident Abdulla Gülün bu seçki təbliğatlarında hakim partiyaya dəstək verməməsidir. Hətta Gülün yeni yaradılan Mərkəz Partiyasına dəstək verdiyi, bu partiyanı sabiq cümhurbaşqanının qurduğu iddiaları da var ki, bunu Türkiyə insanlarının əksəriyyəti deyir.
Bu da iddiaların əsassız olmadığını göstərir. Belə olan təqdirdə AKP-yə bir zərbə də, buradan gəlir. Yuxarıda da qeyd etdiyim kimi, Gül hakim elitanın ən nüfuzlu, tərəfdarı çox olan fiqurlarından biridir. Bu fakt AKP-nin səs yığmasına mane olan amillərdəndir. Daha bir məqam isə milli azlıq olan kürdlərin, konkret olaraq PKK terror təşkilatının siyasi qanadı kimi tanınan Xalq Demokrat Partiyasının (HDP) "barajı” aşacağı haqqında deyilənlərdir. Sadə vətəndaşlar da, Türkiyənin tanınmış analitikləri də bildirirlər ki, HDP-nin başında dayanan Səlahəddin Dəmirtaş yaxşı təbliğat kampaniyası apardığına görə, çox güman ki, "barajı” keçəcək. Təbii ki, PKK-çıların təşkilatı seçimləri qazana bilməz, bu, mümkünsüzdür. Amma "barajı” həqiqətən aşa bilər. HDP-nin baryeri adlaması isə AKP-nin təkbaşına hökuməti formalaşdıra bilməməsi deməkdir. Bu hal da məcburi şəkildə Türkiyədə koalision hökumətin qurulmasına gətirib çıxaracaq. AKP-nin koalisiya hökumətini CHP ilə, yoxsa MHP ilə quracağı sualı isə bu müxalifət partiyalarının götürəcəyi yerlərlə bağlıdır. Hansı müxalif qüvvə daha çox səs toplayacaq? Türkiyə ictimaiyyəti belə güman edir ki, MHP bu seçkilərdə CHP-dən daha çox səs toplayacaq.
Hazırda parlamentdə deputat sayına görə ikinci yeri tutan CHP-nin təbliğat kampaniyası MHP-yə nisbətən daha yaxşı aparılsa da, yenə də vətəndaşların verilən vədlərin yerinə yetirilməsi prinsipi yada düşür. CHP millət vəkilləri əvvəlki seçimlərdə verdikləri vədləri yerinə yetirmədiyinə görə, MHP-nin şansları artıb. Bunlar mənim Türkiyədə etdiyim müşahidələrim, vətəndaşlarla apardığım söhbətlərdən gəldiyim qənaətdir. Görünən odur ki, bu seçimlər Türkiyə tarixi üçün sıradan seçim olmayacaq. Hər halda qardaş ölkənin siyasi sisteminə, quruluşuna təsir edəcək. Lap AKP qalib olsa belə, iyunun 7-dən sonrakı Türkiyə, bugünkü Türkiyə olmayacaq. Biz yeni bir Türkiyənin şahidi olacağıq. Bütün hallarda 7 iyun seçkilərində qalibin xalq olmasını arzulayırıq. Türkiyə üçün bu mərhələ xeyirli, uğurlu olsun deyirik.
P.S. Türkiyədə mandat almasını ən çox istədiyim insan isə İğdırdan millət vəkilliyinə namizəd olan, Azərbaycan kökənli İsa Yaşar Tezəldir. MHP-nin namizədi olan Yaşar bəylə görüşdüyümdə onun söylədiyi söz yadımdan çıxmır. "Seçilərsəm, yemin törəninə qatıldığımda kostyumumda təkcə Türkiyə bayrağının nişanı deyil, Azərbaycan bayrağının nişanı da olacaq” - dedi Yaşar bəy. Niyə də olmasın? 550 millət vəkilindən birinin azərbaycanlı olması mümkün olduğu qədər də lazımdır.