Yaxşı danışıq qabiliyyəti, ünsiyyət bacarığı hər bir insanı ətrafa müsbət yöndə təqdim edən meyarlardan biridir. Təfəkkür və dil məsələlərini öyrənən linqivistika elmində də gözəl və səlis düşünən insanların səlis nitq qabiliyyətinə sahib olduğu qeyd edilir. İnsanların nitq qabiliyyətinin ən rəngli çalarları ilə qarşılaşan zümrə isə təbii ki, jurnalistlərdir. Hər bir jurnalistin təcrübəsində ona dili sevdirəcək qədər səlis danışan müsahib, yaxud onu xeyli yoracaq qədər qəliz və qeyri-səlis danışan həmsöhbətlər olur.
Modern.az saytı jurnalistlər arasında keçirdiyi sorğuda da buna toxunub. Jurnalistlərin müsahibə aldığı həmsöhbətlər arasında ən çox kimin səlis dil qabiliyyəti xoşlarına gəlib? Həmçinin kimin danışığını sonradan redaktə etmək onlara daha çətin görünüb?
“Yeni Müsavat ” qəzetinin əməkdaşı Aygün Muradxanlı üçün siyasi xadimlərdən İsa Qəmbər və Əli Kərimli özü demişkən “hazır material” olub. Başqa bir siyasətçi isə onun üçün ən pis müsahib olub:
“İsa Qəmbər və Əli Kərimli "hazır materialdı”. Onların müsahibəsini yazmaq çox asandır. Ən pis müsahib isə Pənah Hüseyndir. Cümlələri heç cür bitmək bilmir”.
“Komanda.az” saytının baş redaktoru Natiq Muxtarlı bu məsələdə idman jurnalistlərinin başqa sahənin jurnalistlərindən daha çox əziyyət çəkdiyini bildirir. Onun fikrincə, bunun əsas səbəbi Azərbaycan idmançılarının mütaliəsinin sıfıra bərabər olmasıdır:
“Bu məsələdə idman mətbuatında çalışan jurnalistlərin işi ictimai-siyasi mətbuatda çalışan həmkarlarımızın işindən daha ağırdı. Çünki azərbaycanlı futbolçuların, məşqçilərin, ümumiyyətlə, futbol təsərrüfatlarına rəhbərlik edənlərin nitq qabiliyyəti demək olar ki, bərbaddı. Onların müsahibələrini redaktə etmək üçün xeyli əziyyət çəkməli oluruq. Hətta idman jurnalistləri bəzən zarafatla “gəlin bunların müsahibələrini redaktəsiz verək, əslində kim olduqlarını bilsinlər. Yoxsa, bərli-bəzəkli müsahibələrini oxuyub “nə yaxşı danışırıq” deyirlər””.
İdman təsərrüfatında nitqi yerində olan şəxslər barmaqla sayıla biləcək qədərdi. Bu siyahıya Vaqif Sadıqovu, Şahin Diniyevi, Nazim Süleymanovu, Tahir Süleymanovu, Xaqani Məmmədovu, Ağasəlim Mircavadovu, Yaşar Seyidovu, Böyükağa Hacıyevi əlavə etmək olar. Güman ki, redaktəsinə ehtiyac duyulan ən qəliz funksioner AFFA-nın baş katibi Elxan Məmmədovdu. Bu adamın müsahibəsini yazarkən yanında mütləq tərcüməçi də olmalıdı. Çünki baş katib Azərbaycan və rus sözlərini qarışdıraraq, olduqca əcaib bir dil formalaşdırır. Həm Azərbaycan, həm də rus dilini gözdən salır.
Futbolçular arasında isə yaxşı nitq qabiliyyəti olan demək olar ki, yoxdu. Bu da ondan irəli gəlir ki, bizim futbolçular ümumiyyətlə, mütaliə etmirlər. Mütaliə nitq qabiliyyətinin formalaşmasına müstəsna xidmət göstərir. Onların arasından yalnız Rəşad Sadıqovu və Cahangir Həsənzadəni istisna etmək olar.
Sivil.az saytının əməkdaşı Rəbiqə Nazimqızının da təcrübəsində həm asan, həm çətin müsahiblər olub:
“Uzun illər siyasət müxbiri olmuşam, ən rahat müsahib Əli Kərimli olub, demək olar, diktofondan olduğu kimi köçürmüşəm, eyni zamanda Fazil Mustafa da, Mübariz Qurbanlı da bu mənada çox rahat müsahibdir. Sadəcə, nöqtə-vergül qoymuşam.
Ən narahat müsahib Mirmahmud Mirəlioğludur, şifahi nitqini yazıya köçürmək çox çətin olur.
Bir də Ukraynada belə bir təcrübəm olub: “Lukoyl”un bölgə üzrə nümayəndəsi azərbaycanlı idi, ondan müsahibə almaq tapşırılmışdı, adamla danışdıq, görüşdük, di gəl ki, suallarıma cavab verə bilmirdi. Təsəvvür edin ki, artıq o vəziyyətə düşmüşdüm ki, cavabı formulə edib sual formasına salırdım ki, belədi, ya belə deyil. Bir sözlə, zülm idi. Axırda onun yerinə müsahibəni yazmalı oldum.
Bir məqamı da deyim: bir dəfə Sülhəddin Əkbərdən müsahibə almışdım, diktofon yazmamışdı. Bir səhifəlik müsahibə idi, Sülhəddin bəy də belə məsələlərdə çox həssasdır, cümlə-cümlə oxuyurdu, bir söz artıq-əskik oldu, daha o adama müsahibə vermirdi. Çox pis vəziyyətə düşdüm, redaktor dedi ki, variant yoxdu, nə yadında qalıbsa, otur yaz. Elə də elədim. Heç bir problemi çıxmadı, əksinə, heç bir təhrif olmadığından material müsahibimin xoşuna gəldi”.
Modern.az saytının redaktoru Azər Hüseynbala müsahibə aldığı vaxtlarda ən asan həmsöhbət kimi sabiq millət vəkili Nazim İmanovu qeyd edir. O, İsa Qəmbər və Əli Kərimlinin danışığının da rahat yazmağın mümkünlüyünü vurğulayıb. Azər Hüseynbala üçün ən qəliz söhbət isə eks- dövlət müşaviri Eldar Namazov və sabiq deputat Pənah Hüseynlə müsahibələr olub.
Jurnalist Fərəh Sabirqızının fikrincə isə dildən istifadə qabiliyyəti yaxşı və pis olan şəxslər aşağıdakılardır:
“Mən son illər əsasən siyasət, qanunvericilik sahələrinə dair məqalələr hazırlamışam, deputatlarla daha çox işləmişəm. Jurnalistika ilə əlaqəsi olan millət vəkillərinin müsahibəsində problem olmur. Məsələn, ən çox sevdiyim müsahiblər sırasında Aydın Mirzəzadə, Qənirə Paşayeva, Musa Qasımlı, Fuad Muradov, Əli Əhmədovun adlarını çəkə bilərəm. Adətən, hüquqşünas və İKT sektorunda işləyənlərin dediklərini az qala “tərcümə” etmək lazım olur. Müxbirlik praktikamın ilk illərində çox savadlı ekspertimiz Osman Gündüzün müsahibələrini redaktəsində çətinlik çəkirdim, çünki qəliz, dilimizə oturuşmayan terminlərlə zəngin olurdu. Amma təcrübə artdıqca, artıq müsahibəni köçürəndə, redaktəli yazmağı da öyrəndim. Amma onu da etiraf edim ki, son illər müsahiblərdən yox, yalnız ingilis dilini bildiyinə görə işə götürülən gənc mətbuat xidmətlərinin press-relizlərindən daha çox əziyyət çəkirdim”.
Axar.az saytının əməkdaşı Faiq Balabəyli də dilə həssasla yanaşan müsahiblərin adını qeyd edib. Onun nitqini ən çox redaktə etdiyi şəxslər isə sadə xalq nümayəndələri olub:
“Sabir Rüstəmxanlının dil səlisliyi, ifadə etdiyi fikri dəqiq çatdırması nəinki xoşuma gəlib, hətta öyrənmişəm də. Eləcə də Ramiz Qusarçaylı, Paşa Qəlbinur, Zakir Məmməd və digər qələm adamlarından aldığım müsahibələr ürəyimcə olub. Amma "Səfillər", "İnsan taleyi" layihələrimin qəhrəmanlarını danışdırmaq, onların dediklərini “abıra” salmaq adamı az qala abırdan salıb”.
Aznews.az saytının müxbiri Bahar Rüstəmlinin isə fərqləndirdiyi müsahiblər aşağıdakılardır:
“Millət vəkili Fazil Mustafa, Musiqili Teatrın direktor müavini Elxan Ocaqov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, xalq artisti Yalçın Rzazadə... Bu siyahını uzatmaq da olar. Onların müsahibələrinə nəsə əlavə eləmək, yəni üstündə işləmək qeyri-mümkündür. Bütün ifadələr yerində olur. Amma elə müsahiblər də var ki, onların yazılarının üstündə günlərlə işləyirsən. Təbii, onların arasında siyasi xadimlər də var. Ad çəkmək istəmirəm, ən azı bu, etik olmaz”.
Atv.az saytının redaktoru Əziz Əlibəyli isə səlis dil qabiliyyətinin vacibliyini qeyd etməklə yanaşı, buna riayət edənlərin də adını çəkib:
“Yazı mütləq səlis olmalıdır. Buna dil bilgisi olan istənilən şəxs əməl edir. İş prosesi isə səlis olmayan o qədər materiallarla zəngindir ki... Siz Türkiyə mətbuatını, sosial şəbəkələrdəki məşhurları izləsəniz, yazılarında çox az sayda səhv tapa bilərsiniz. Bizdə ən çox səlis danışan, nitqi bütovlükdə dilin tələbatlarına uyğun olan tək-tük şəxslərdən biri Zahid Orucdur. Ən çox problem yaşadığımız şəxslər isə rus dilli nitqə malik olanlar və az kitab oxuyan şəxslərdir. Ad çəkmirəm, amma onların açıqlamalarını oxuyanda elə bil barmağımı kəlbətinlə sıxırlar”.
Reaksiya.az saytının əməkdaşı Rüfət Əhmədzadənin də bu məsələ üzrə siyahısında konkret şəxslər var:
“Ərəstun Oruclu, Elxan Şahinoğlu ilə çətinlik yaşamamışam. Rəhmətlik Vəfa Quluzadə, bir də Rasim Musabəyov bizə çox əziyyət veriblər, halal xoşları olsun. Mən əsasən siyasilərdən müsahibə almışam. Müxalifətdə dağınıq danışan çoxdur, amma Mustafa Hacıbəyli, Arzuxan Əlizadə daha çox qrammatik danışır. Əvəz Temirxanı isə başa düşmək üçün səs yazısına 3-4 dəfə qulaq asmaq lazımdır”.
Daha çox sənət aləmindən olan şəxslərlə çalışan ATV telekanalının əməkdaşı Əli Novruzəliyev üçün də rahat və narahat dili olan müsahiblər var:
“Peşəkar sənətkarların yazılarında ümumiyyətlə əziyyət çəkmirəm. Xalq artisti Həmidə Ömərova sanki filoloqdur. Başqa xalq artistləri Səidə Quliyeva, Zərnigar Atakişiyeva, Sənubər İsgəndərli, Kəmalə Qasımova, Tariyel Qasımovun da adını çəkmək olar.
Amma aktrisa Hüsniyyə Mürvətovanın müsahibəsində əziyyət çəkmişəm. O da yazısını təhrif olunmuş kimi hiss edib”.
Elmin NURİ