İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə - 1918-ci il iyunun 26-da ilk dəfə Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə-əlahiddə korpus yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. 1920-ci ilin aprelində Azərbaycanı sovet qoşunlarının işğalından sonra milli ordu ləğv edilib.
1998-ci ildən bəri, artıq 17 ildir iyunun 26-sı Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Bəs, Azərbaycan cəmiyyəti 26 iyunun mahiyyətinə necə varır?! Sovet dövründən qalan psixoloji asılılıqlardan biri olan 23 fevral tarixi uzun müddət hafizələrdən silinə bilmədi. Cümhuriyyət dövrünün yadigarı olan Silahlı Qüvvələr gününə Azərbaycan cəmiyyəti necə münasibət bəsləyir?
Modern.az saytının bu sualına hərb tarixçisi, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli cavab verir:
“Fikrimcə, cəmiyyət bu tarixi artıq bilir və ona çox xoş münasibət bəsləyir. Mən bunun çox şahidi oluram. Sağ olsunlar, televiziya kanallarımız da hərbi- vətənpərvərlik proqramları hazırlayırlar. Bu tarixə göstərilən diqqət yaxşıdır. Lakin demək istəyirəm ki, insanlar, xüsusən də gənclər tarixdə olan sərkərdələrimizi, hərbiçilərimizi tanısınlar.
Bax, bu daha vacibdir. Səməd bəy Mehmandarov, Şıxlinski, Yadigarov qardaşları və digərləri barədə kitab yazmışıq ki, sizlər onları daha yaxşı tanıyasınız. İstərdim ki, bu sahədəki problemimiz də həll olunsun”.
Elmin NURİ