Modern.az

BMT-dən XƏBƏRDARLIQ: Dünyada 60 milyon didərgin var, yarısı uşaqlardır

BMT-dən XƏBƏRDARLIQ: Dünyada 60 milyon didərgin var, yarısı uşaqlardır

Qarabağ

18 İyun 2015, 11:43


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) bütün dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədə xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, BMT Qak-ın məlumatına görə, hazırda təxminən 60 milyon insan öz yurdunu tərk etməyə məcbur olub.

BMT QAK-ın bu gün açıqladığı hesabat müharibə, münaqişə və təqiblər ucbatından köçkün düşmə hallarının indiyədək qeydə alınmış ən yüksək səviyyədə və sürətlə artmasını göstərir.  

BMT QAK-ın "Qlobal tendensiyalara dair" yeni illik hesabatı yurdlarını tərk etməyə məcbur olmuş insanların sayında kəskin artım olduğunu göstərir. Bir il əvvəlki 51,2 milyon və on il əvvəlki 37,5 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 59,5 milyon insan zorla didərgin salınıb.

Əsas artım 2011-ci ilin əvvəlində Suriyada müharibə yarandığı vaxtdan başlayıb və bu müharibə dünyada köçkünlüyə rəvac verən ən böyük hərəkətverici qüvvəyə çevrilib. 2014-cü ildə hər gün orta hesabla 42.500 insan qaçqına, sığınacaq axtarana və ya məcburi köçkünə çevrilib ki, bu da cəmi dörd il ərzində dördqat artım deməkdir. İndi bütün dünyada hər 122 nəfərdən biri ya qaçqın, ya da məcburi köçkün və ya sığınacaq axtarandır. Bu rəqəmi ölkələrin əhalisi üzrə götürsək, bu, dünyada böyüklüyünə görə 24-cü ölkənin əhalisi qədər insan deməkdir.

"Biz paradiqma dəyişikliyinin şahidiyik, yəni elə bir dövrə kəskin keçidin şahidiyik ki, qlobal səviyyədə məcburi köçkünlüyün və ona tələb olunan reaksiyanın miqyası indiyədək müşahidə edilənləri açıq-aydın kölgədə qoyur", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib. "Bu dəhşətli haldır ki, bir tərəfdən münaqişələri başlayanlar getdikcə daha çox cəzasız qalır, digər tərəfdən isə beynəlxalq birlik müharibələri dayandırmaq, sülhü bərqərar və mühafizə etmək üçün birgə əməkdaşlıq üçün gücsüz görünür". 

BMT QAK-ın hesabatı göstərir ki, qaçqınların və ölkədaxili köçkünlərin sayı regionlar üzrə bir-birinin ardınca artmaqdadır. Son beş ildə ən azı 15 münaqişə baş verib və ya yenidən baş qaldırıb: onlardan səkkizi Afrikada (Fil Dişi Sahili, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, Nigeriyanın şimal-şərqi, Konqo Demokratik Respublikası, Cənubi Sudan və bu il Burundidə); üçü Orta Şərqdə (Suriya, İraq və Yəməndə); biri Avropada (Ukraynada); və üçü Asiyada (Qırğızıstanda, Myanmanın bir neçə ərazisində və Pakistanda) olub. Bu böhranların az qismi həll olunub, amma çoxu hələ də yeni köçkünləri yaratmaqdadır. 2014-cü ildə yalnız 126.800 qaçqın doğma ölkəsinə qayıda bilib ki, bu da 31 ildə ən aşağı rəqəmdir.

Eyni zamanda, Əfqanıstan, Somali və digər yerlərdə onilliklər boyu davam edən qeyri-sabitlik və münaqişə o deməkdir ki, bu yerlərdən olan milyonlarla insan ətraf yerlərə ya köç etməkdədir, ya da orada qərarlaşmışdır (getdikcə bu adi hal alır) və uzunmüddətli məcburi köçkünlükdən və ya qaçqınlıqdan doğan ziyanlı qeyri-müəyyənliyin içərisindədir. Dünyadakı münaqişələrin son dövrlərdə getdikcə daha çox nəzərə çarpan nəticələri və onların doğurduğu dəhşətli iztirablar dəniz yolu ilə, o cümlədən Aralıq dənizi, Ədən körfəzi və Qırmızı dəniz və cənub-şərqi Asiya vasitəsi ilə təhlükəli səfərə çıxmaqla təhlükəsizlik axtarışında olan qaçqınların sayında kəskin artıma səbəb olub.

Qaçqınların yarısı uşaqlardır

BMT QAK-ın "Qlobal tendensiyalara dair hesabatı" göstərir ki, təkcə 2014-cü ildə 13,9 milyon nəfər yenicə məcburi köçkünə çevrilib ki, bu da 2010-cu ildəki saydan dörd dəfə çoxdur. Bütün dünyada 19,5 milyon qaçqın var (2013-cü ildəki 16,7 milyon rəqəmində artım baş verib), 38,2 milyon nəfər öz ölkələri daxilində köçkünə çevriliblər (2013-cü ildəki 33,3 milyon rəqəmində artım baş verib), 1,8 milyon nəfər isə sığınacaq barədə müraciətlərinin nəticəsini gözləyir (2013-cü ildə bu say 1,2 milyon idi). Dünyadakı qaçqınların yarısının uşaqlar olması təşviş doğurur.  

"Müharibə qurbanlarının müdafiəsi üçün maliyyə vəsaitlərində böyük çatışmazlıqların və qlobal rejimdə geniş boşluqların olduğu bir şəraitdə mərhəmətə, yardıma və sığınacağa ehtiyacı olan insanlar başlı-başına buraxılıb", – deyə Quterreş bildirib. "Misli görünməmiş dərəcədə kütləvi köçkünlüyün olduğu əsrdə biz indiyədək görünməmiş dərəcədə humanitar reaksiyaya və münaqişə və təqiblərdən qaçan insanlar üçün tolerantlıq və müdafiə istiqamətində yenilənmiş qlobal öhdəliklərə ehtiyac duyuruq".

Suriya dünyada ən çox məcburi köçkünləri (7,6 milyon nəfər) və qaçqınları (2014-cü ilin sonunda 3,88 milyon nəfər) yaradan ölkədir. Əfqanıstan (2,59 milyon) və Somali (1,1 milyon) ən çox qaçqın yaradan növbəti ölkələrdir.

Hətta qlobal səviyyədə qaçqınların sayında bu cür kəskin artım olsa belə, daha zəngin olan ölkələrdən rifah halı daha aşağı olan ölkələrə doğru getdikcə qaçqınların bölgüsündəki fərq yüksək olaraq qalmaqdadır. Hər 10 qaçqından təxminən doqquzu (86 faiz) iqtisadi cəhətdən az inkişaf etmiş sayılan region və ölkələrdədir. Bütün qaçqınların tam dörddə biri BMT-nin ən az inkişaf etmiş ölkələr siyahısında yer alan ölkələrdədir.

Avropa (51% artım)

Ukraynadakı münaqişə, Aralıq dənizini rekord sayda – 219.000 nəfər qaçqının keçməsi və Türkiyədə çoxlu sayda suriyalı qaçqınların olması (2014-cü ilin sonunda 1,59 milyon suriyalı qaçqını qəbul etmiş bu ölkə həmin il dünyada ən çox qaçqın qəbul etmiş ölkə oldu) qaçqınlarla bağlı istər müsbət, istərsə də mənfi məsələlərə ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edib. Avropa İttifaqında sığınacaq üçün ən çox müraciət Almaniyada və İsveçdə edilib. Bütövlükdə Avropada zorla didərgin salınanların ümumi sayı 2013-cü ilin sonunda 4,4 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 6,7 milyon nəfər olub, bunun ən böyük hissəsini Türkiyədəki suriyalılar və Rusiya Federasiyasındakı ukraynalılar təşkil edib.

Orta Şərq və Şimali Afrika (19% artım)

Təkcə Suriya müharibəsinin doğurduğu kütləvi iztirablar, o cümlədən 7,6 milyon insanın ölkə daxilində köçkün düşməsi və 3,88 insanın ətraf regionlara və daha uzaq yerlərə qaçqın kimi köç etməsi Orta Şərqi dünyanın ən çox didərgin insan yaradan və qəbul edən bölgəsinə çevirib. Suriyadan təşviş doğuran dərəcədə çoxlu sayda köçkün düşənlərə İraqda ən azı 2,6 milyon nəfər yenicə köçkün düşənlər (nəticədə orada 2014-cü ilin sonunda 3,6 milyon nəfər ölkə daxilində köçkünə çevrilmişdi), habelə Liviyada yenicə köçkün düşmüş 309.000 insan da əlavə olunub.

Saharadan cənubda yerləşən Afrika ölkələri (17% artım)

Afrikada, o cümlədən Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda, Somalidə, Nigeriyada, Konqo Demokratik Respublikasında və digər yerlərdə baş verən, çox zaman diqqətdən qaçırılan çoxsaylı münaqişələr 2014-cü ildə ümumilikdə çoxlu sayda didərginlik  hallarını yaradıb ki, onların da miqyası yalnız Orta Şərqdəkindən az fərqlə kiçikdir. Bütövlükdə Saharadan cənubda yerləşən Afrika ölkələrində 3,7 milyon qaçqın və 11,4 milyon məcburi köçkün var ki, onlardan 4,5 milyonu 2014-cü ildə yeni didərgin düşənlərdir Nigeriyada köçkünlərin hesablanması metodologiyası 2014-cü ildə dəyişdiyindən 17 faizlik artım hesablanmasında ölkənin statistakı əlavə edilməmişdir. Efiopiya Afrikada ən çox qaçqın qəbul etmiş ölkə qismində Keniyanı əvəzləyib və dünyada bu baxımdan beşinci ölkədir.

Asiya (31% artım)

Uzun illər dünyada ən çox məcburi köçkünləri yaradan əsas regionlardan biri olan Asiyada qaçqınların və məcburi köçkünlərin sayı 2014-cü ildə 31 faiz artaraq 9 milyona çatıb. Əvvəllər dünyada qaçqınları doğurmaqda lider olan Əfqanıstan bu xoşagəlməz birinciliyi Suriyaya təhvil verib. 2014-cü ildə Myanmada, o cümlədən Kaçin və Cənubi Şan regionlarında davamlı məcburi köçkünlük və qaçqınlıq halları müşahidə edilib, Rakhayn ştatından olan rohinya əhalisinin didərginliyi də buraya daxildir. İran və Pakistan dünyada qaçqınlara ən çox sığınacaq vermiş dörd ölkə arasında qərarlarmış iki ölkə olaraq qalmaqdadırlar.

Amerika qitəsi (12% artım)

Amerika qitəsində də məcburi köçkünlüyün artımı müşahidə olunub. Kolumbiyalı qaçqınların sayı il ərzində 36.300 nəfər azalaraq 360.300 nəfərə düşüb, hərçənd ki, bu azalma əsasən qaçqınların sayındakı dəyişiklik barədə Venesuelanın məlumatına əsaslanıb. Buna baxmayaraq, Kolumbiya dünyada ən çox məcburi köçkün əhalisinə malik ölkələrdən biridir, məlumata görə onların sayı 6 milyon nəfərdir və 137.000 kolumbiyalı il ərzində yenicə köçkün düşüb. Mərkəzi Amerikada yaraqlı dəstələrin zorakılıqlarından və digər formada təqiblərdən qaçan insanların sayı artıb və Birləşmiş Ştatlarda sığınacaq barədə müraciətlərdə 2013-cü ilə nisbətən 36.800 nəfərlik artım müşahidə edilib ki, bu da 44 faizlik artım təşkil edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu