Artıq 2014/2015-ci tədris ili başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da ümumtəhsil məktəblərinin 9 və 11-ci siniflərində keçirilən buraxılış imtahanlarını yekunlaşdırıb, nəticələr isə ictimaiyyətə açıqlanıb.
Hər il olduğu kimi bu il də Təhsil Nazirliyinin orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medallar verəcəyi gözlənilir. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, necə nəfərin qızıl və ya gümüş medal alacağı yalnız iyul ayında bilinəcək. Qeyd edilib ki, bu haqda indidən məlumat vermək tezdir.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən ötən dərs ilinin sonunda Azərbaycanda 11-ci sinfi xüsusi nailiyyətlərlə başa vuran 176 məzun qızıl, 25 məzun isə gümüş medalla təltif olunub.
Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası”na əsasən verilir. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.
Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Bununla yanaşı, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır.
Aytən ƏLİYEVA