Modern.az

Fransa senatoru: “Azərbaycan Cənubi Qafqazın yeganə suveren dövlətidir” – MÜSAHİBƏ

Fransa senatoru: “Azərbaycan Cənubi Qafqazın yeganə suveren dövlətidir” – MÜSAHİBƏ

Qarabağ

22 İyun 2015, 23:03


Mətbuatdan məlum olduğu kimi, Fransa senatoru Natali Qule iyun ayının 12-də Bakı Olimpiya stadionunda 1-ci Avropa oyunlarının açılış mərasimində iştirak etmiş, ayın 13-də isə Beynəlxalq Mətbuat Mərkəzində Fransa Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri senator Andre Rişar ilə birlikdə çoxsaylı jurnalistlər üçün mətbuat konfransı keçirmişdi.

İlk Avropa oyunlarının açılışından zəngin təəssüratlarla öz ölkəsinə qayıtmiş senator Qule Fransada kifayət qədər populyar olan “Opinion Internasinal” saytına müsahibə verib.

Həmin müsahibənin tərcüməsini olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik.

- Siz Azərbaycanda keçirilən Bakı Avropa Oyunlarından qayıdırsınız. Necə düşünürsünüz: Avropa Oyunlarını siyasi hadisə saymaq olarmı?  

- Artıq, xeyli vaxtdır ki, idman və siyasət bir-birinə bağlanıb. Bakı Oyunları isə Azərbaycan ətrafında çoxlu debatlara yol açdı. Əsas tənqidlər ölkədə « demokratiyanın keyfiyyəti » ilə bağlıdır. Yəni Bakı Avropa Oyunları üçün uyğun ünvan sayıla bilməzmiş. Düşünürəm ki, hər şeyin nisbi olduğunu unutmaq olmaz. Azərbaycan cəmi 24 yaşı olan çox gənc bir ölkədir. Onun şimal və cənub qonşuları – Rusiya və İran narahat ölkələrdir. Azərbaycan Ermənistanla açıq müharibə şəraitindədir və bu müharibədə hər gün insan ölür. Bu barədə heç vaxt heç kim danışmır.

Avropa Şurası çərçivəsində Azərbaycan öz demokratik fəaliyyətini daha da yaxşılaşdırmaq istiqamətində çalışır. Bir gün içində hər şeyi eləmək olmur. Seçki prosesinin təşkili yaxşılaşdırılıb.  Əlbəttə, hələ də həllini gözləyən problemlər var. İstənilən halda, bu gün Azərbaycana ünvanlanış tənqidlər çox amansız və qeyri-konstruktivdir.

- Qərbi Avropa bu oyunlara qatılmışdımı?

- Bəli, bütün Avropa ölkələri orada idi, İslam Konfransı Təşkilatına üzv olan bu ölkəyə hətta İsrail də gəlmişdi. Ermənilərin bu oyunlara qatılması isə həm erməni atletlər üçün, həm də Azərbaycanın hakim dairələri üçün çox cəsarətli bir addım sayılmalıdır. Burada çoxlu miqdarda qərb təmsilçiləri də var idi. Fransaya gəldikdə isə, bizi orada Fransa hökumətinin İdman üzrə Dövlət Katibi Tyeri Brayar, həmçinin cüdo üzrə keçmiş dünya çempionu, fransalı deputat David Duye təmsil edirdi.

- Beynəlxalq diplomatiyada Azərbaycan nə deməkdir?

-Geostrateji planda Azərbaycan Avropanın tərəfdaşıdır. Rusiya Gürcüstana hər gün diş qıcayır və onun hökumətini içəridən dağıdır, Ermənistanı isə işğal edərək əlində oyuncağa çevirib. Cənubi Qafqazın yeganə suveren dövləti Azərbaycandır. Bu ölkə yetərincə qərbyönümlü kurs götürərək Rusiyaya müqavimət göstərir.

Fransa üçün isə bu ölkə mühüm ticarət tərəfdaşıdır, xüsusilə də neft, qaz və kənd təsərrüfatı sahəsində. Azərbaycan tam inkişaf yolundadır. Azərbaycanda qadınlar seçki hüququnu 1921-ci ildə qazanıblar. Əgər hər zaman hadisələrə pis tərəfdən yanaşaraq edilən cəhdlərə dəyər verməsək, biz ölkəni ya Rusiyanın qucağına, ya da ki, Asiyanın cənginə itələyib salmış olarıq. Azərbaycanı Avropanın tərəfdaşı kimi qorumaq lazımdır.

- Azərbaycanın əhalisinin 95%-i müsəlmandır. Azərbaycan radikal islamizmə qarşı aparılan beynəlxalq mübarizədə iştirak edirmi?

- Azərbaycan sözün tam mənasında dünyəvi Respublikadır. Burada yəhudi icması, həmçinin kilsələr var və xristiyanların heç bir problemi yoxdur. Bu ölkə İslam Konfransı Təşkilatına daxildir və eyni zamanda İsrail ilə diplomatik münasibətlər qurub. Burada heç vaxt antisemitizm ilə bağlı problem olmayıb.

Azərbaycan islam radikalizminə qarşı mübarizə aparır və İŞİD-ə qarşı yaradılmış koalisiyaya daxildir.

Əlbəttə, bütün bunlarla hər şeyə bəraət qazandırmaq da olmaz. Amma, bir daha vurğulamaq istəyirəm ki, bütün problemləri bir gün içində həll etmək mümkün deyil. Əldə edilmiş uğurları görməzliyə vurmaq naminə uğursuzluqların qabardılmasına son qoymaq lazımdır  .  

Modern.az                  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu